ƏKBƏROV Akif Abbas oğlu

BABAYEV Nazim Abbas oğlu
TƏHMƏZOV Paşa Qurban oğlu
QULİYEV Mədət Qəzənfər oğlu

(2.2.1952, Cəbrayıl r-nunun Balyand k. – 12.8.1991, Kəlbəcər r.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə 1 saylı Beyləqan şəhər orta məktəbini bitirmişdir. 1970- ci ildə ordu sıralarına çağırılmışdır. 1972-ci ildə ordudan tərxis olunur. 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis Şöbəsinin dövlət avtomobil müfəttişliyi bölməsi olur. Polis starşinası Akif Əkbərov həmin bölmədə yol-patrul xidməti müfəttişi vəzifəsində işləyirdi.
1991-ci il… Avqustun 5-i… Beyləqan rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun “Sarı yer” yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Polislərin arasında Akif Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlara qəfil basqınlar etdiyindən, polislərimiz hər zaman sayıq olmağa çalışırdılar.
Avqustun 12-i Ermənilər Cermuq şəhəri tərəfdən “Sarı yer” yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçilərimiz döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə macal tapmırdılar. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir. O, qəhrəmancasına həlak olur.
Ailəli idi. Beş övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əkbərov Akif Abbas oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Beyləqan rayonunda dəfn edilmişdir. Büstü qoyulmuşdur.
Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 73