Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Hikmət Hacıyev: Manvel Qriqoryanın əsir və girov götürdüyü yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törətdiyi əməllər araşdırılmalıdır
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib
Hikmət Hacıyev: Bir neçə beynəlxalq media qurumunun işğal olunmuş ərazilərimizə səfərinə icazə verilib

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Əziz Qardaşım, hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram, ölkəmizə, öz Vətəninizə xoş gəlmisiniz.

Fürsətdən istifadə edərək, ilk növbədə, Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Biz çox şadıq ki, Siz seçkilərdən sonra ilk rəsmi səfərinizi Azərbaycana edirsiniz. Dünən Türkiyədə Sizin andiçmə mərasiminiz keçirilmişdir və bu gün Siz Azərbaycanda rəsmi səfərdəsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir, bir daha bizim birliyimizi göstərir.

Türkiyə xalqı Sizə yenidən böyük etimad, dəstək göstərmişdir. Siz uzun illər ərzində Türkiyənin inkişafı üçün çox böyük işlər görürsünüz. Sizin liderliyiniz ilə Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya miqyasında böyük gücə çevrilmişdir. Türkiyə bu gün beynəlxalq məsələlərdə söz sahibidir. İqtisadi islahatlar uğurla aparılır. İqtisadi inkişafa görə Türkiyə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Sizin liderliyinizlə Türkiyədə sabitlik tam bərqərar olub. Biz Azərbaycan xalqını Türkiyənin uğurları çox sevindirir. Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyəyə çatmasında bizim birgə səylərimiz də mühüm rol oynayır. Bizim aramızda şəxsi dostluq əlaqələri mövcuddur və bu əlaqələr ölkələrimizi bir-birinə daha sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir.

Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız Ermənistan tərəfindən işğal edilib. Bu işğal nəticəsində xalqımız etnik təmizləməyə məruz qalıb. Bu münaqişənin tezliklə həlli beynəlxalq hüquq normalarının bərpası demək olacaqdır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycanın torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr icra edilməlidir, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır.

Türkiyənin bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna əsaslanır. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə daim Türkiyəni dəstəkləyir. Bizim birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcəkdir.

Bu gün keçirdiyimiz görüş əsnasında bir çox məsələlər haqqında fikir mübadiləsi aparıldı. Görülmüş işlər təhlil edildi, gələcək planlar haqqında müzakirələr aparıldı. Bizim ticarət dövriyyəmiz artır və daha da artmalıdır. Qarşılıqlı sərmayə qoyuluşu davam edəcək. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Türkiyə şirkətləri isə Azərbaycana 12 milyard dollardan çox vəsait yatırıblar. Bu böyük rəqəmlər, əslində, bizim əlaqələrimizi göstərir. Çünki ancaq qardaş ölkələrə bu qədər böyük sərmayə qoyula bilər.

Bildiyiniz kimi, biz ölkələrimiz, xalqlarımız və dünya üçün böyük əhəmiyyət daşıyan enerji layihələrini birlikdə həyata keçiririk. Keçən ay Əskişəhər şəhərində TANAP-ın açılışında bərabər olmuşuq. Bu, təbiidir və çox böyük məntiqə əsaslanır. Çünki TANAP layihəsinin təməlini biz 2012-ci ildə İstanbulda birlikdə qoymuşuq. Aramızda imzalanmış TANAP üzrə saziş artıq gerçəkləşdi və bu tarixi layihəyə start verildi.

“Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrası başa çatır. TANAP layihəsinin başa çatması bu istiqamətdə atılan çox böyük addımdır. Bildiyiniz kimi, əvvəlki illərdə də digər böyük enerji layihələri birlikdə həyata keçirilib. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib ediblər.

Nəqliyyatla bağlı layihələr həm ölkələrimizi gücləndirir, eyni zamanda, qitələr arasında sağlam bağlantı yaradır. Yəni, bizim birgə səylərimiz nəinki ölkələrimiz üçün, bütün bölgə üçün və Avrasiya üçün böyük əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün böyük fayda verir. Əminəm ki, Türkiyənin və Azərbaycanın birgə səyləri ilə bölgədə sülh yaranacaq. Türkiyənin hərbi potensialı çox güclüdür. Dünya miqyasında Türkiyə Ordusu ən güclü ordular sırasındadır. Hərbi sahədə bizim əməkdaşlığımız çox uğurla davam edir. Bu il hərbçilərimiz arasında yeddi hərbi təlim keçiriləcəkdir, onlardan üçü keçirilib. Azərbaycan Türkiyədən böyük sayda hərbi texnika alır. Ötən ay Azərbaycanda keçirilmiş hərbi paradda bu texnikanın bir hissəsi göstərilmişdir.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Əlaqələrin təməlində xalqlarımızın, dövlətlərimizin birliyi, ortaq maraqları dayanır. Biz dostuq, qardaşıq. Türkiyə Prezidentinin seçkilərdən sonra birinci səfərini Azərbaycana etməsi bunu bir daha göstərir.

Əziz Qardaşım, Sizi bir daha salamlayıram. Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sağ olun.

x x x

Sonra qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın
bəyanatı

– Hörmətli cənab Prezident, əziz qardaşım.

Dəyərli mətbuat nümayəndələri.

Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə sizləri öz adımdan və nümayəndə heyətim adından ən səmimi duyğularla salamlayıram. İyunun 24-də keçirilən seçkilərdən sonra dünən prezident kimi and içdim. Məndən əvvəl deputat yoldaşlarımız and içdilər. Prezident kimi and içdikdən sonra ilk səfərimi bu səhər qardaş, dost Azərbaycana etmək vəzifəmizi yerinə yetirmək istədim. İstər təkbətək, istərsə də nümayəndə heyətləri arasında görüşlərdə bu günə qədər harada idik və bundan sonra harada olmalıyıq – bunları müzakirə etmək, nəzərdən keçirmək imkanımız oldu.

Təbii ki, Azərbaycan ilə istər enerji sahəsindəki əlaqələrimiz, istərsə də müdafiə sənayesi istiqamətində addımlarımız çox böyük əhəmiyyət daşıyır. Bundan sonrakı prosesdə də TANAP layihəsi, – bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir, – təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda, strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar Əskişəhərdə atdığımız addım həqiqətən də həyati bir addımdır. Bütün bunlardan başqa, Azərbaycanın sərmayə sahəsində Türkiyədəki Əliağa layihəsi həqiqətən hər cür təqdirdən daha böyükdür. Bu layihə təməli qoyulduğu gündən get-gedə davam edən, böyüyən bir sərmayə olaraq özünü göstərir. İndi də, inşallah, bu sərmayəni daha da genişləndirməyin və reallaşdırılmaqda olan bəzi layihələrin də payızda açılışını etməklə bunları birlikdə həyata keçirəcəyik.

Təbii ki, bizim Türkiyə-Azərbaycan əlaqələrimiz, bildiyiniz kimi, “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edir. Bu anlayışa bağlı olaraq əlaqələrimizi bu səviyyəyə çatdırdıq və irəliyə aparmaqda davam edəcəyik.

Gəldiyimiz andan etibarən göstərilən ev sahibliyinə görə şəxsən öz adımdan və nümayəndə heyətim adından ayrıca təşəkkür edirəm. Hazırda ikitərəfli ticarət dövriyyəmiz hər keçən gün artır. Yüksək səviyyəli səfərlər gündən-günə artaraq davam edir. Bunlar aramızdakı qardaşlıq duyğularının nə qədər yüksək səviyyədə olduğunu göstərməsi baxımından çox vacibdir.

Müdafiə sənayesi sahəsində Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr də bu baxımdan əhəmiyyət daşıyır. Türkiyə müdafiə sənayesi sahəsində, bildiyiniz kimi, bundan 15 il əvvəl möhtac bir millət ikən, indi ehtiyaclarının böyük bir qismini artıq özü ödəyə bildiyi səviyyəyə gəlib – 20 faiz səviyyəsində ikən, hazırda 65 faizini özü ödəyən ölkəyə çevrilib. Bununla da müdafiə sənayesi sahəsində də ixracatı artıran bir Türkiyə var. Təbii ki, bunu qardaş ölkələrlə fərqli bir şəkildə bölüşmək istəyirik.

Digər bir məsələ ilə bağlı – xüsusilə Azərbaycanda FETÖ ilə mübarizəyə İlham qardaşımın verdiyi dəstəyə görə öz adımdan və millətim adından ona təşəkkür edirəm. Çünki onlar burada da özlərinə yer tapmağa cəhd göstərdilər. Bunun üçün hər vasitəyə əl atdılar. Fəqət, istər İlham qardaşımın bu məsələdə həssaslığı, istərsə də bizdə olub, Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə qarşı koordinasiyalı işimiz bir çox məsələnin ardıcıl həll olunmasını təmin etdi. Maarif Vəqfimiz ilə, inşallah, Azərbaycanın Təhsil Nazirliyinin birlikdə həyata keçirəcəyi fəaliyyətlə buradakı boşluğu da aradan qaldırmaq imkanı əldə edəcəyik.

Təbii ki, ikitərəfli ticarət məsələsində hədəfimiz, inşallah, mövcud rəqəmi iki, üç dəfə artırmaqdır. Digər bir məsələ isə xüsusilə Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik. Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik. Naxçıvanla ölkəmiz arasında quru yolundakı problemlər həll edilmiş vəziyyətdədir. İndi yeni bir addım olaraq, – bu məsələ ilə əlaqədar daha əvvəl də İlham qardaşımla danışmışdıq, – lazım gələrsə dəmir yolu məsələsini də həll etməklə aradakı bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq hər iki ölkəyə əlavə güc verəcək.

Həmçinin cənab Prezident ilə gündəmə gətirdiyimiz səhiyyə sahəsində, Naxçıvanda yaşayan qardaşlarımızın xüsusilə Türkiyədəki sərhədboyu bölgələrdə tədris-müalicə ocaqlarında, dövlət xəstəxanalarında onlara hər cür rahatlığı öz xalqımıza təmin etdiyimiz kimi şərait yaratmaqla bağlı dəstək verəcəyimizi özünə bildirdim. Bu məsələdə də birliyimizin, həmrəyliyimizin olmasının vacibliyinə inandığımı xüsusilə söylədim.

Bu axşam İlham qardaşım da Brüsselə gedəcək, NATO zirvəsində, görüşlərdə iştirak edəcək. Mən də sabah səhər Brüsselə gedirəm. Orada istər xarici işlər nazirlərimiz, istərsə də biz bir arada olmaqla görüşlər keçirəcəyik. İstəyim odur ki, NATO zirvə toplantısı ilə bağlı keçirəcəyimiz görüşlərdə də bəzi ortaq problemləri gündəmə gətirərək həll etməkdir.

Fürsətdən istifadə edərək İlham qardaşımın timsalında bütün Azərbaycan xalqına öz adımdan və millətim adından ən səmimi hisslərlə salam, sevgi və ehtiramımı ifadə etmək istəyirəm. Bir daha sağlıqla qalın.