1918-ci ildə Şamaxı qəzasında həyata keçirilən soyqırımı
27.03.2017 10:08
Qədim Azərbaycan şəhəri Şamaxı 1918-ci ilin martında erməni-daşnak qüvvələrinin dəhşətli talan və vəhşiliklərinə məruz qalmışdır. Fövqəladə Təhqiqat Komissiyanın üzvləri tərəfindən Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı.
Fövqəladə Təhqiqat Komissiyanın sədri Ə.Xasməmmədovun Ədliyyə nazirinə təqdim etdiyi məruzədə deyilirdi ki, Şamaxı şəhəri iki hissədən, yuxarı və ya erməni hissəsi, aşağı və ya müsəlman hissəsindən ibarətdir. Birincidə əsasən ermənilər və molokanlar, müəy­yən qədər də müsəlmanlar, ikincidə isə ancaq müsəlmanlar yaşayır­dılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti müsəlmanlardan ibarət idi. Erməni və molokanlar qəzanın 6 kənddində yaşayırdılar. Keçmiş müsəlmanlar erməni və molokanlarla sülh şəraitində yaşamış, onlara heç bir ziyan vurmamış, daim mehriban qonşuluq əlaqələri saxlamağa çalışmışlar. Hətta 1905-ci ildə Cənubi Qafqazın bir çox şəhər və kəndlərində erməni-müsəlman qırğındarı baş verən dövrdə Şamaxı şəhəri və Şamaxı qəzasında müsəlmanlar ermənilər üzərində zorakılıq etməmiş, onlara qarşı düşmənçilik hərəkətləri törətməmişdilər.
1918-ci il martın 18-də (köhnə stillə–A.İ.) şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırdılar: "Biz bu günü on iki ildir ki, gözləmişik. Bu Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndii sizə heç kim kömək etməyəcək. Köməyə siz özünüzün müqəddəs Həzrət Abbasınızı çağırın (1). Şamaxılı həkim Sazanov 1918-ci il martın 19-u gecəsi Şamaxıda erməniləri müsəlmanlar üzərində rəhmsiz zorakılıqlar işlətməkdə günahlandır­dıqda o, ermənilərdən belə bir cavab almışdır: "Müsəlmanlara heç bir rəhm etmək yoxdur, onların hamısı məhv edilməlidir” (2).
Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ birinci dünya müharibəsi başlandığı vaxtlardan özünü büruzə verməyə başlamışdır. Azərbaycanlılara qarşı onlar özlərini çox təkkəbbürlü aparır, onların milli və dini heysiyyətlərini açıqca təhqir edirdilər.
1917-ci ilin fevralında Rusiyada baş verən burjua inqilabından sonra ermənilər daha cəsarətlə hərəkət etməyə başladılar. Şamaxıda çar hakimiyyət orqanlarının ləğvindən sonra ermənilər gizli surətdə silah anbarını ələ keçirib bu haqda qəza komissiarına və yerli müsəlman Milli Şurasına məlumat vermədilər. Onlar ermənilərdən və molokanlardan ibarət hərbi qarnizon təşkil edərək oraya müsəlmanları buraxmırdılar. Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmənçilik edir, onları təhqir edir və incidirdilər. Ermənilər öz kəndlərinə müxtəlif yollarla silah və sürsat gətirib, sürətlə silahlanırdılar. Silahı əsasən cəbhədən qayıdan əsgərlər gətirirdilər. Onların hərəsi özü ilə bəzən üç tüfəng gətirirdi. Ermənilərin bu hərəkətləri azərbaycanlıları bərk vahiməyə saldı. Həm Şamaxı şəhərində, həm də qəzanın kəndlərində azərbaycanlılar görürdülər ki, ermənilər onlara qarşı sürətlə silahlanırlar. Müsəlmanlar bütün qüvvəllərini sərf edirdilər ki, ermənilərlə dil tapsınlar və yaxınlaşmaqda olan qırğının qarşısını alsınlar. Ermənilər üzdə özlərini elə göstərirdilər ki, güya müsəlmanlara qarşı heç bir düşmənçilik hissləri bəsləmirlər.
Şamaxı şəhərindən 6 verst aralı Mədrəsə kəndində Cənubi Qafqazın digər qəzalarından gələn erməni əsgərləri toplaşmağa başladılar. Martın birinci yarısında məlumat alındı ki, Bakıdan Şamaxıya böyük miqdarda hərbi sursat, top və pulemyotlarla silahlanmış üç minədək erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına müsəlman və ermənilərdən ibarət nümayəndə heyəti göndərildi. Nümayəndə heyətinin dəstə ilə görüşü molokan kəndi Qozlu-Çayda (Xilimli) baş verdi. Dəstəyə silahları Şamaxı qarnizonuna təhvil vermək təklif olundu. Onlar bundan qəti imtina edərək bildirdilər ki, məqsədləri Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdən ibarətdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən yan keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verdilər. Martın 15-də dəstə Şamaxı şəhərinin yanından keçərkən öz evlərini qoruyan müsəlmanlar dəstəsinə atəş açdılar. Tezliklə bütün şəhəri atışma bürüdü. Bu atışma nəticəsində hər iki tərəfdən ölən və yaralananlar oldu. Lakin axşama yaxın şəhərdə tam sakitlik yarandı. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxının bütün kəndlərinin ruhani nümayəndələri bir yerə yığışaraq and içdilər ki, sülh şəratində yaşayacaq və qayda-qanunu pozmayacaqlar. Kürdəmir kəndinin sakinləri erməni rəhbərlərinə müsəlmanlarla sülh şəraitində yaşamağı təklif etdikdə və erməni yepiskopunun verdiyi andı xatırlatdıqda ermənilərdən bu cür cavab alırlar: "Müsəlman ruhaniləri erməni ruhaniləri ilə barışa bilər, lakin erməni xalqı müsəlmanlarla müharibə istəyir və bu işdə İngiltərə onları müdafiə edəcəkdir” (3).
1918-ci il martın 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin səsinə oyandılar və şəhərin cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alındığını gördülər. Şəhərin azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tutdular. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz oldu. Çünki bir gün əvvəl erməni yepiskopu Baqrat və molokanların nümayəndəsi Karabanov Xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişdilər. Əvvəlcədən döyüşə hazırlıq görməyən azərbaycanlılar müdafiə olunmağa təşəbbüs göstərsələr də, top və pulemyot atəşləri altında dayana bilməyib geri çəkilməyə məcbur oldular. Ermənilər və molokanlar bir neçə saatdan sonra şəhərin azərbaycanlılar yaşayan və erməni hissəsi ilə sərhəd olan "Piran-Şirvan” məhəlləsinə soxula bildilər. Onların hər bir hərəkəti azərbaycanlıların evlərinin talan edilməsi, yandırılması və mülki əhalinin qəddarlıqla qətlə yetirilməsi ilə müşayiət olunurdu. Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərinə od vurulurdu. Ermənilərin qarət etdiyi və yandırdığı evlər arasında Şıxəliyevlərin, Həsənovların, Cəbrayılovların, qəza müftisinin, Hü­seynbəyovun, Əlimirzəyevin, Əfəndiyevin, Babayevlərin, Məhər­rə­movların, Veysovların, Böyük bəy Hüseynovun, Hacı Vahab Ələk­bərovun və başqalarının mülkləri var idi (4). Ermənilər və molokanlar yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələyirdilər. Ermənilər evlərə soxulur, onların sakinlərini qətl və qarət edir, sonra isə yandırırdılar. Axşama yaxın müsəlmanlar ermənilərin yanına nümayəndələr göndərib sülh xahiş etdilər. Lakin ermənilər atəşi dayandırmadılar. Yanğınlar bütün məhəllələrə yayıldı və səhərisi şəhərin ən zəngin evlərinin yalnız xarabalıqları qaldı. Yandırılmış evlərdən canını qurtarmaq isətəyən sakinlərə–kişi, qadın və uşaqlara heç bir fərq qoymayan ermənilər onları ən amansız üsullarla qətlə yetirirdilər. Şəhərin küçələrində meyitlərdən qalaqlar yarandı. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağılasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla işgəncələrə məruz qalmışdı. Küçələrdə diri-diri pazlara mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlakları araba və furqonlarla erməni və molokan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam etdi (5). Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin Şamaxı şəhərinə köməyə gəlməsini eşidən ermənilər və molokanlar Şamaxı qəzasının Qozlu-çay molokan kəndinə çəkildilər. Azərbaycanlı silahlı dəstələri ermənilərin və molokanların qüvvəlləri ilə müqayisədə azlıq təşkil edirdilər. Ona görə də dörd gündən sonra azərbaycanlı silahlı dəstələri Şamaxını tərk etməyə məcbur oldular. Şamaxının şəhər əhalisi azərbaycanlı silahlı dəstələrinin köməyi ilə şəhəri tərk etdi. Ancaq çox tələsik olduğu üçün onlar hətta vacib əşyalarını belə götürə bilmədilər. Çoxlu şəhər sakini xüsusilə, yoxsullar, xəstələr, qocalar, qarılar və uşaqlar şəhərdə qaldılar. Gəncədən gələn silahlı dəstələr Şamaxını tərk etdikdən iki gün sonra erməni və molokan quldur dəstələri ikinci dəfə Şamaxıya daxil oldular. Bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması daha qəddarlıqla həyata keçirilirdi. Şəhərin bütün azərbaycanlı hissəsinə od vurulmuşdu. Şəhərdəki bütün məscidləri (on iki məhəllə məscidin və 800 illik tarixi olan böyük memarlıq abidəsi "Cümə məscidi”), onların nəzdindəki müqəddəs yerlər yandırıldı. Bir sözlə, şəhərin azərbaycanlılar yaşayan bütün məhəllələri tamamilə xarabazarlığa çevrilmiş, bir dənə də olsun azərbaycanlı evi salamat qalmamışdır (6).
Ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı qətlə yetirilmiş azərbaycanlılar arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Ermiənilər axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürmüşdülər. Ermənilər əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilərin qəddarlıqla qətlə yetirdiyi nüfuzlu azərbaycanlılar arasında şəhər hakimi Teymur bəy Xudaverdov, Rusiyanın birinci dövlət Dumasına Şamaxıdan deputat seçilmiş Məhəmməd Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdül Xəlil Əhmədov, Hacı Əbdül Hüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seidov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Hacı Əbdül-Qasım Qasımov, Əyyubağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürəhim ağa Ağalarov, Məhiyyədin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlu və bir çox başqaları da var idi (7).
Ermənilər Hacı axund Cəfərqulunun evinə və həyətinə pənah gətirmiş çoxlu qadın və uşaqları da öldürmüş və ya diri-diri yandırmışdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvləri Hacı Axundun tamamilə yandırılmış evinin həyətində çoxlu xırda insan sümükləri aşkar etdilər. Türk ordusu 1918-ci ilin yayında erməniləri Şamaxıdan qovarkən meyitlərin çürüməmiş iri sümüklərini yığıb bastırmışdılar. 1918-ci ilin oktyabr-noyabrında komissiya üzvlərinin hazırladığı məruzədə qeyd olunurdu ki, Şamaxıda Cümə məscidinin həyətində hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır. Habelə yandırılmış digər evlərin və məscidlərin həyətlərində çoxlu yanmış insan sümükləri də aşkar edilmişdir (8).
Komissiyanın sənədində qeyd olunur ki, bir neçə məscidin, evin və mağazanın xarabazarlıqlarını, habelə insan cəsədlərini təsvir edən 45 ədəd foto şəkil çəkilmişdir. Erməni hərəkatının rəhbərlərindən biri Bakıda öz tanışları qarşısında lovğalanaraq demişdir ki, Şamaxı hadisələri zamanı bu şəhərdə 10 nəfər müsəlman qızını əvvəlcə zorlamış, sonra isə onları öz şəxsi tapançası ilə güllələmişdir (9). Məruzədən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurluşmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur. Şamaxı şəhərinə hücum, onun dağıdılması, dinc azərbaycanlı əhaliyə – qadına, qocaya, uşağa qəddarcasına divan tutulması yalnız ermənilərin azərbaycanlılara qarşı milli intiqam və milli düşmənçilik hissindən irəli gəlirdi.
Şamaxı üzərinə hər iki hücum Daşnaksütyun partiyası tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdi. Bu əməliyyatlara Stepan Lalayev, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Petrosyants, ata və oğul İvanovlar, dəllək Avanesov, şuşalı Aqamalov və b. rəhbərlik edirdilər. Yüzlərlə şahid və zərərçəkən ifadə verərkən bu qatillərin adlarını çəkmiş, onların qətl və qarətdə bilavasitə iştirak etdiklərini təsdiq etmişlər. Şahidlər yerli ermənilərdən keçmiş qəza rəisinin müavini Qavril Karaoğlanovun, Şamaxı erməni kilsəsinin hami-ktikoru Mixail Arzumanovun, məşhur tacir E.İvanyantsın, dəllək Samvel Doliyevin və başqaları ilə bu hadisələrin iştirakçısı və icraçısı olduqlarına şəhadət vermişlər.
Toplanmış çoxlu əşyayi dəlillər, zərərçəkənlərin və şahidlərin ifadələri əsasında Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatski komissiyanın sədrinə təqdim etdiyi məruzədə dinc azər­baycanlı əhaliyə qarşı cinayətlər törətmiş həmin şəxslərə qarşı cinayət işinin qaldırılmasını təklif edirdi (10).
1919-cu il iyulun 12-də Azərbaycan hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının növbəti iclasında Şamaxı şəhərinin dağıdılması və bu şəhərin azərbaycanlı əhalisi üzərində zorakılıq halları barədəki təhqiqat işi haqqında komissiyanın üzvü A.Novats­kinin məruzəsini dinlədi. Məruzədə şahidlərin və zərərçəkənlərin ifadələri, törədilmiş cinayətlərin təhqiqi, yandırılıb dağıdılmış yerlərə baxış və s. əsasında Şamaxı şəhərində törədilən cinayətlərdə əslən Şamaxıdan olub Bakı şəhərində yaşayan Stepan Lalayevin, Şamaxı şəhərinin sakinləri Qavril Karaoğlanovun, Arşak Gülbəndiyanın, Mixail Arzumanovun, Karapet Karamanovun, Armenak Martirosyantsın, Aleksandr Xaçaturovun, Mixail Xaçaturovun və başqalarının, cəmi 31 nəfərin Şamaxı qırğınlarının başlıca caniləri olduqları göstərilirdi. Komissiyanın bu məsələ ilə bağlı qəbul etdiyi qararda deyilirdi ki, bu cəlladlar Azərbaycan xalqına qarşı ədavət əsasında milli və dini zəmində əvvəlcədən öz aralarında razılaşaraq, bir neçə min nəfər erməni qüvvələrini öz ətraflarında birləşdirərək top, pulemyot, tüfəng, tapança və xəncərlə silahlanaraq Şamaxı şəhərində olan azərbaycanlı əhalini qırmaq, əmlaklarını qarət və məhv etmək məqsədi qoymuşdular. Bu qətllər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Belə ki, qətlə yetirilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış, və böyük işgəncələrlə öldürülmüşlər. Ermənilər təkcə Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatlıqdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan "Cümə məscidi yandırılmışdır. Fövqəladə Təhqiqat Komissiyası bu qırğınların başlıca təşkilatçıları haqqında cinayət işi qaldırmaq, onları məsuliyyətə cəlb etmək və istintaq işinə başlamaq haqqında qərar qəbul etdi (11). Şamaxı şəhəri kimi Şamaxı qəzasının da 86 azərbaycanlılar yaşayan kəndi ermənilər tərəfindən yandıralaraq məhv edilmişdi.
Erməni silahlı birləşmələri martın 18-də sübh çağı Şamaxı şəhəri ilə yanaşı, onun 3-4 verstliyində yerləşən Əngəxaran kəndində də qəfil hücum etdilər. Müdafiəsiz kəndə soxulan ermənilərin törətdikləri vəhşiliklərlə əlaqədar təhqiqat materiallarında həmkəndlilərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda bu ermənilərin işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı vardır (12). Əngəxarana soxulan ermənilər və molokanlar kəndi mühasirəyə alaraq oradakı əhalini qırır, kəndi qarət edir, yandırır və sağ qalan əhalini isə əsir alırdı. Ermənilər əsir alınmış Əngəxaran sakinlərinin uşaqlarını azərbaycanlı kəndi olan Məlhəmə aparıb orada saxlayırdılar. Ermənilər 88 kişini isə molokan kəndi Çuxuryurda apardılar. Ermənilər kəndə çatmamış əsirləri bağda saxlayaraq bir neçə nəfərini güllələdilər. Qalan 76 nəfəri isə əsir kimi Mədrəsə kəndində yerləşən erməni qərargahının sərəncamına göndərdilər. Yolda iki nəfəri güllələyərək Mədrəsə kəndinə cəmi 74 nəfəri əsir kimi apardılar. Gəncədən gələn silahlı dəstələr Şamaxıya girdikdə Əngəxaran kəndindən olan nümayəndələr qohumlarının taleyindən xəbər tutmaq üçün Mədrəsə kəndinə gəlirlər. Onlar kəndin kənarında əngəxaranlı əsirlərin hamısının öldürüldüyünü və meyitlərinin eybəcər hala salındığının şahidi oldular. Meyitlərin qulaqları, burunları, əlləri və ayaqları kəsilmiş, bir çox ölülərin döşlərində yanıq izləri aşkar edilmişdir. Bu da sübut edirdi ki, hələ onlar sağ ikən ermənilər onların sinələri üzərində od qalamışdılar. Bundan başqa dağıdılmış kənddən qaçıb canını qurtara bilmiş Əngəxaran sakinlərinin çoxu aclıqdan, soyuqdan və xəstəlikdən tələf olmuşdular. Komissiyanın məruzəsində göstərilir ki, qısa bir vaxtda Əngəxaran əhalisi yarıbayarı azalmışdır (13).
1919-cu il aprelin 3-də Şamaxı qəza rəisi Fövqəladə Təhqiqat Komissiyasına həmin qəzanın 3 polis sahəsi (Qəbristan, Mədrəsə və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərin siyahısını göndərmişdi. Həmin siyahıya Qəbristan polis sahəsi üzrə 19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin (cəmi 86 kəndin–A.İ.) adı daxil edilmişdi (14). Fövqəladə Təhqiqat Komissiyasına göndərilən siyahıda Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə şahid ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralanların siyahısı və s. əsasında 53 kənd üzrə tərtib edilmiş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə ölənlərin (o cümlədən kişi, qadın, uşaq) sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdi. Bu kəndlərdən bir neçəsində ölənlərin sayı və dəymiş zərərin ümumi məbləği aşağıdakı kimidir.
Cədvəl 1. Şamaxı qəzasının bəzi kəndlərində ermənilər tərəfindən törədilmiş qırğınlar nəticəsində öldürülənlərin və dəyən maddi ziyanın həcmi (15).

Kəndlər Azərbaycanlılar arasında tələf olanların sayı Maddi ziyan,milyon manatla
Cəmi Kişi Qadın Uşaq
1 Nəvahi 925 555 260 140 60
2 Yəhyalı 922 360 412 150 22
3 Qubalı Baloğlan 533 250 150 135 90
4 Kalva 500 250 150 100 24
5 Ağsu 500 200 300 36.5
6 Tircan 360 300 40 20
7 Bağırlı 370 80 150 140 12.5
Qırğına məruz qalmış digər kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda göstərilən qayda üzrə aparılmışdır. Bütün aktlar Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişlər. Bu aktlarda olan rəqəmlər üzrə Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Hesablamalarımıza görə bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat olmuşdur (16). Ermənilərin azərbaycanlı əhaliyə, onların evlərinə, mal-qara, əkin sahələrinə münasibətdə törətdikləri vəhşiliklər sözün əsl mənasında soyqırımı nümunəsi idi.
Anar İsgəndərov
tarix elmləri doktoru, professor

http://shamakhi-encyclopedia.az/1918-ci-ild%C9%99-samaxi-q%C9%99zasinda-h%C9%99yata-keciril%C9%99n-soyqirimi/

oxşar xəbərlər