Akif Həsənov: azərbaycanlılar Gürcüstanda ölkənin mədəni, ictimai, təhsil həyatına inteqrasiya edən sayca ikinci xalqdırlar

ADB Azərbaycanda texnoloji startapların inkişafını dəstəkləyəcək
Prezidentin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildi
Moqerini: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəticəsində davamlı sülhdən hər kəs faydalanacaq

II HİSSƏ

Gürcüstanın müstəqillik Bəyannaməsini imzalayan yeganə azərbaycanlı deputat Akif Həsənov: azərbaycanlılar Gürcüstanın müstəqilliyinə tarix boyu töhfə veriblər və bu gün də verməkdədirlər…

Asif Hacılı. Akif müəllim, o dövrdə də, indi də Gürcüstan azərbaycanlılarının milli şüurunda mühüm bir amil Azərbaycan sevgisi, ana vətənə olan munis hisslər, məhrəm duyğulardır. 1980-ci illərin axırı – 90-cı illərin əvvəllərində Azərbaycan bədnam qonşularımız olan ermənilərin hərbi təcavüzünə uğramışdı. Sovet ordusunun köməyi ilə ərazilərimiz işğal edilmişdi. Eyni proses Gürcüstanda da izlənilirdi. Borçalılar Birinci Qarabağ müharibəsində Azərbaycan ordusunun sıralarında ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşmüş, şəhid olmuşlar. 2020-ci ilin payızında Vətən müharibəsində də iştirak etmiş, qəhrəmanlıq göstərmişlər. Bununla bərabər, soydaşlarımız gürcü xalqının işğalçılara qarşı mübarizəsinə də biganə qalmamış, Osetiya, Abxaziya müharibələrində Gürcüstan ordusu sıralarında qəhrəmanlıqla döyüşmüşlər. Siz də bir dövlət qulluqçusu, sonra da deputat kimi bu məsələlərə biganə qala bilməzdiniz və bildiyimcə, qalmamısınız, Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü fəal şəkildə dəstəkləmisiniz. Mahiyyət etibarilə Gürcüstan azərbaycanlılarının istəyini ifadə edərək, bu ölkənin müstəqilliyinə səs vermisiniz, yəni qardaş Gürcüstan həm də azərbaycanlı vətəndaşları sayəsində müstəqil olub. Abxaziyada Baqramyan batalyonu yaradıb gürcülərə qarşı döyüşən ermənilərdən fərqli olaraq, azərbaycanlılar Gürcüstanın ərazi bütövlüyü uğrunda mərdanə döyüşüblər. Hazırda da Gürcüstanın ermənilər yaşayan bölgələrində separatizm meylləri izlənilir. Soydaşlarımız isə bu gün də Gürcüstana sadiqdirlər, bu ölkənin mənafeyinə, Azərbaycan-gürcü dostluğuna xidmət edirlər. Azərbaycan-Gürcüstan münasibətləri kontekstində borçalıların mənafeyinin, maraqlarının təminatını necə qiymətləndirirsiniz?

Akif Həsənov. Hazırda Gürcüstanda azərbaycanlılar sayca ikinci xalqdırlar və ölkənin mədəni, ictimai, təhsil həyatına inteqrasiya edirlər. Eyni zamanda, borçalılar iki ölkə arasında özünəməxsus mənəvi körpüdürlər. Soydaşlarımızın təhsil məsələlərinin həllində, ali təhsil almalarında Azərbaycan dövləti böyük işlər görür. Gürcü dilini mənimsəmiş, bu ölkədə ali təhsil almış gənclərimiz hazırda gürcü cəmiyyətinə, siyasi həyatına inteqrasiya olurlar. Lakin problemlər də yox deyildir. Orta məktəb təhsilindən tutmuş, soydaşlarımızın yerli idarəetmə orqanlarında, seçkili orqanlarda iştirakına qədər müəyyən məsələlərin tezliklə həll olunmasına ehtiyac var. Ana dilinin tədrisi də daim gündəmdə olmalı, məktəb təhsilində öz yerini tutmalıdır. Təbii ki, gənclərin gürcü dilini mənimsəyə bilməsi də məhz dövlətin diqqət mərkəzində olmalı və təmin edilməlidir. Çünki dövlət dili hər bir vətəndaşın cəmiyyətə inteqrasiyası, karyera yüksəlişi üçün mühüm vasitədir. Ümumgürcüstan miqyasında isə mən soydaşlarımızın demokratik dəyərlərə, Avrointeqrasiyaya meylinin güclənməsini, bu yolda əzmlə addımlamağımızı istərdim.

Asif Hacılı. Akif müəllim, bu məqamla bağlı bir müşahidəmi də bölüşmək istərdim. Əgər əvvəllər soydaşlarımız əsasən daxili məsələlərin, Azərbaycan toplumunun problemlərinin həllinə çalışırdılarsa, son dövrlərdə gənclərimiz artıq ümumgürcüstan miqyaslı siyasi, ictimai, sosial-mədəni, təhsil və digər məsələlərin həllində gürcülər və digər xalqların nümayəndələri ilə birlikdə ölkənin ümumi məsələlərinin müzakirəsində və həllində iştirak edirlər. Bir çox ictimai təşkilatlar fəaliyyət göstərir. Buna münasibətiniz necədir? Soydaşlarımızın ictimai-siyasi fəallığı hansı səviyyədədir və Sizi qane edirmi?

Akif Həsənov. Dediyiniz məsələ olduqca vacibdir. Bəzən insanların passivliyi onların öz hüquqlarını kifayət qədər bilməmələrindən, məlumatsızlığından və öz mövqeyini müəyyənləşdirməkdə çətinlik çəkmələrindən qaynaqlanır. Hazırda ölkədə bir çox müxtəlif əqidəli və istiqamətli siyasi partiyalar, ictimai təşkilatlar fəaliyyət göstərir. Bunların hamısının milli məqsədlərə eyni səmimiyyətlə xidmət etdiyini deyə bilmərik. Lakin Gürcüstanın dövlət maraqlarına, ölkədə yaşayan xalqların maraqlarına, vətəndaşların rifahına xidmət edən qurumlar da az deyil. Azərbaycanlılar da həm ictimai-siyasi, həm mədəni-humanitar, həm pedaqoji yönümlü müxtəlif qeyri-hökumət qurumlarında birləşiblər. Bundan başqa indiki kütləvi kommunikasiya dövründə sosial şəbəkələrdə bir çox qruplar, birliklər, səhifələr, xəbər, TV, radio kanalları yaranıb və fəaliyyət göstərir. Gürcüstan azərbaycanlıları da bu dediyim yeni ünsiyyət növlərinin üzvləridirlər. Bu ünsiyyət kanallarında sosial, mədəni, ictimai, təhsil, hüquq məsələləri müzakirə edilir, siyasi mövqelər ifadə olunur.

Asif Hacılı. Akif müəllim, bu birliklərin tərkibi və müzakirə mövzusu necədir, bunlarda yalnız azərbaycanlılar, bir başqalarında gürcülərmi iştirak edir? Yaxud milli tərkibinə görə qarışıq, yəni həm gürcülərin, həm də azərbaycanlıların və ola bilsin ki, digər xalqların daxil olduğu, ortaq problemlərin müzakirə edildiyi ümumgürcüstan miqyaslı platformalar varmı? Bəzən internet və hətta televiziyada azərbaycanlı gənclərin yalnız etnik deyil, ümumgürcüstan miqyaslı müzakirələrdə iştirak etdiyinin, öz çıxışları ilə çoxsaylı kütləni cəlb etdiyinin şahidi oluruq. Onların bəzilərinin hətta cəmiyyətə tam inteqrasiya olunmuş lider kimi qəbul olunduğunu da görmək olur.    

Akif Həsənov. Bu baxımdan mən iki aspekti qeyd edərdim – birincisi, Gürcüstan özü Avroatlantik məkana inteqrasiya yolundadır. Bir qrupun isə Şərq, əsasən keçmiş sovet məkanı, ilk növbədə Rusiyaya meyl etdiyini deyə bilərik. Bu yaxınlarda qanunvericiliklə bağlı kütləvi aksiyalar da əslində bu iki meyllə bağlı idi.Geniş səviyyədə olmasa da mərkəzçi, millətçi, dini (xristian və islam) istiqamətlər də izlənilir. Azərbaycanlıların müstəqillik dövründə formalaşmış hissəsi bu siyasi-ideoloji qruplarda təmsil olunur və mən buna təbii yanaşıram. Ancaq bir şərtlə, bir xalq, Azərbaycan türkləri olaraq, milli maraqlarımızın hesabına yox, biz azərbaycanlı, müsəlman toplumuyuq və belə də qalmalıyıq.

Asif Hacılı. Dediklərinizlə tam razıyam. Siyasi əqidəmizdən asılı olmayaraq, biz milli kimliyimizi şəxsiyyətin ali dəyəri kimi qorumalıyıq. Gürcüstanın müstəqilliyi buna zidd deyil, əksinə daha münbit şərait yaradan amildir. Ancaq müstəqillik əldə edildikdən sonra keçmiş sovet məkanında tarixi hadisələr heç də rəvan getmədi. 1990-cı illərin əvvəllərində həm Gürcüstanda, həm Azərbaycanda ortaya atılan separatizm, qanlı-qadalı hadisələr, siyasi hərc-mərclik, iqtisadi tənəzzül baş alıb getdi. Gürcüstanda da siyasi palitra mürəkkəb və rəngarəng çalar qazandı. Son nəticədə Gürcüstan Respublikası Avro-atlantik məkana inteqrasiya yolunu tutdu. Hazırda da bu yolla gedir. Eyni zamanda qonşu dövlətlərlə, xüsusən Azərbaycanla sıx əməkdaşlığı davam edir. Azərbaycan öz dövlət və milli maraqlarına uyğun balanslaşmış siyasət aparır. Siz qardaş ölkənin müstəqilliyinə imza atan yeganə azərbaycanlı deputat kimi, proseslərə dəyər vermək səlahiyyətinə maliksiniz. Gürcüstanın müstəqillik yolunu necə qiymətləndirirsiniz. 1991-ci ildəki istək və arzularınız doğruldumu? Gürcüstanın müstəqil dövlət quruculuğunu necə qiymətləndirirsiniz, nəyi daha yaxşı etmək olardı, nələr hələ də həll olunmayıb? Bizim üçün əsas bir məsələ – soydaşlarımız Gürcüstanın azadlığından nə qazandılar və daha nə qazana bilərdilər? Təcrübəli bir siyasətçi kimi gələcəyə hansı proqnozları verə bilərsiniz? Ölkələrimizin, xalqlarımızın gələcəyi baxımından.

Akif Həsənov. Müstəqillik yolu elə də asan olmur, dediyiniz kimi, Cənubi Qafqazda da asan olmadı. Burada yaradılan milli münaqişələr formalaşmaqda olan müstəqil dövlətlərə ağır zərbə vurdu. Gürcüstan azərbaycanlıları keçmiş imperiya mərkəzlərinin bu oyununa qətiyyən getmədi və öz vətəndaşlıq borcuna sadiq qalaraq, Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi yolunda gürcü həmvətənləri ilə birlikdə siyasi mübarizə apardı, gənclərimiz döyüşlərdə iştirak etdi. Nə qazandığımıza gəldikdə, biz müstəqil dövlətin vətəndaşları olduq və bu qürur verici bir haldır. Azərbaycanla Gürcüstan arasında sıx dostluq, qardaşlıq, strateji müttəfiqlik münasibətləri quruldu və bu bizim sabit, firavan, dinc həyatımız üçün mühüm amildir. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Gürcüstan – Azərbaycan dostluğu bu gün ölkə rəhbərlərimizin, bizim müzəffər Prezidentimiz İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində inkişaf etməkdədir. Biz Azərbaycanın dəstəyini daim hiss edirik. Azərbaycanlılar öz yurdlarında yaşamaqdadırlar və əminəm ki, əbədi də yaşayacaqlar və iki ölkə arasında dostluq körpüsü rolunu oynamaqda davam edəcəklər. Müəyyən çətinliklər də yox deyildir. İlk növbədə ana dilində təhsilin səviyyəsi və təminatı, ümumən ölkələrimiz arasında təhsil əlaqələrinin güclənməsi. Soydaşlarımızın yerli və respublika səviyyəli dövlət və seçkili orqanlarında daha geniş iştirakı. İki ğlkə arasında mədəni, təhsil, humanitar əlqələrin ən azı iqtisadi, siyasi əlaqələrimiz səviyyəsinə qalxması və s. və i.       

Asif Hacılı. Borçalı əhalisi hər iki ölkəni doğma hesab edir və hər iki ölkəyə də xidmət etməkdən qürur duyur. Biz bunun Qarabağ hadisələri, eyni zamanda müzəffər ordumuzun qələbə çaldığı, torpaqlarımızı azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə bir daha şahidi olduq. Gənclərimiz ordu sıralarında torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşdü, bir çox şəhidlərimiz oldu. Borçalı əhalisi orduya köməyini əsirgəmədi. Qələbə sevinci Borçalıda böyük şövqlə yaşandı, el bayramına çevrildi. Bu deyilənlər baxımından, Azərbaycanın doğma yurd, formal olaraq “qonşu” ölkə kimi inkişafını necə qiymətləndirirsiniz?  Azərbaycan Borçalıdan necə görünür?

Akif Həsənov.  Azərbaycan bizim ana yurdumuzdur, doğma vətənimizdir, könül candan ayrılmadığı kimi, Azərbaycan da qəlbimizdən ayrılmaz. Biz Azərbaycanı mənfur düşmənə və onun havadarlarına qalib gəlmiş qüdrətli dövlət, güclü iqtisadiyyata, daxili sabitliyə, həmrəyliyə malik, milli mədəniyyətini qoruyan, beynəlxalq aləmdə nüfuz sahibi olan, azərbaycanlı soydaşlara bağrını açan və onların arxasında duran, qayğısına qalan basılmaz məmləkət kimi görürük. Azərbaycan düşünülmüş, balanslı siyasətlə idarə olunur və onun parlaq gələcəyinə inamımız sonsuzdur.     

Asif Hacılı. Akif müəllim, Sizə, – Borçalının görkəmli siyasi xadiminə, ziyalısına, bu maraqlı söhbət üçün təşəkkürümü bildirirəm. Soydaşlarımızın hüquqlarının qorunması, ümumən hüququn aliliyi, demokratik dəyərlərin təntənəsi və xalqlarımızın dostluğu və ölkələrimizin istiqlalının əbədiliyi yolunda yorulmaz fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram.