Böyük Britaniyanın Milli Arxivində Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkarlanıb
17.04.2017 11:30
Aprelin 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elmi şurasının növbəti iclasında Böyük Britaniyanın Milli Arxivində saxlanılan tariximizə dair sənədlərin ölkəmizə gətirilməsi ilə bağlı müzakirələr aparılıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda bu arxivin fondlarında araşdırma aparan elmi müəssisənin Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvellin məruzəsi dinlənilib. Məlum olub ki, 1914-1920-ci illər tarixini, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dönəmini araşdırmaq üçün Böyük Britaniyanın Milli Arxivində qiymətli sənədlər var. N.Maksvell diqqətə çatdırıb ki, o, arxivin fondlarında Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkarlayıb.
İclasda bu sənədlərin gətirilməsi ilə bağlı müzakirə zamanı müvafiq qərar qəbul edilib. Qərara əsasən, bu arxiv sənədlərinin İngiltərədən Azərbaycana gətirilməsi üçün aidiyyati qurumlar qarşısında məsələ qaldırılacaq.
N.Maksvell Böyük Britaniyanın Milli Arxivində araşdırma apararkən AXC dönəmi, Azərbaycan-Gürcüstan münasibətləri, Ermənistan (Ararat) Respublikasının təcavüzkar siyasəti, böyük dövlətlərin Azərbaycan ərazisini işğal etmək planları, Zəngəzur və Naxçıvanın tarixi ilə bağlı çoxsaylı sənədlər aşkar edib.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, AXC-ni quran ziyalıların xalqımız qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini dirçəltmələridir. O deyib: "AXC tariximizin şərəf səhifəsidir. Tarixi şəxsiyyətlərimizi, o cümlədən AXC-nin xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır”.
Qeyd edək ki, ingilis və rus dillərində çap olunmuş "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində” toplusunun tərtibçisi N.Maksvelldir.

oxşar xəbərlər