Ermənilərin qatil “qəhrəman”ı – Soqomon Teyleryan
21.04.2017 12:10

15 mart 1921-ci ildə Berlində çoxsaylı şahidin gözü önündə Soqomon Teyleryan Osmanlı dövlətinin keçmiş sədrəzəmi Mehmet Tələt paşanı öldürdü, həyat yoldaşını isə yaraladı. 25 iyul 1922-ci ildə erməni terrorçuları tərəfindən Tiflisdə öldürülən Osmanlı dövlətinin keçmiş hərbi donanma naziri Camal paşanın üstündə tapılan və oğluna ünvanladığı məktub Tələt paşanın öldürülməsinin və bu kimi digər qətllərin səbəbini izah edir: "Oğlum, növbə mənimdir… Tələt və Səid Həlim paşalardan və digər günahsız dostlarımdan sonra məni də öldürəcəklər. Cinayətin səbəbi isə həqiqəti danışmağıma mane olmaq istəyidir”.

Muzdlu vəkillərin keçici dəlilik və ruhi sarsıntı içərisində Tələt paşanı öldürdüyünü deyən və Berlin məhkəməsinin qalmaqallı şəkildə azadlığa buraxdığı Soqomon Teyleryan kim idi?

Teyleryan yalançı idi. Məhkəmədə iddia etmişdi ki, bütün ailəsi – atası, anası, bacısı, üç qardaşı "erməni soyqırımı” zamanı gözləri qarşısında öldürülüb. Erməni tarixçiləri bu "faktı” tez-tez qabardırlar.  Halbuki Teyleryan 1915-ci ildə həmin hadisələrin cərəyan etdiyi ərazidən çox-çox uzaqlarda idi. 28 iyun 1914-cü ildə Birinci Dünya müharibəsinə səbəb olan hadisənin – Avstriya-Macarıstan şahzadəsi Ferdinandın Sarayevodo güllələndiyi gün Teyleryan da Serbiyaya köçmüşdü. "İndependent” qəzetinin Orta Şərq müxbiri Robert Fiskin Teyleryanın oğlu ilə söhbətində ermənilərin həqiqət kimi sırıdıqları uydurmaların üstü açılır. "Atamın bacısı yox idi, iki qardaşı ilə birgə Serbiyada yaşayırdı”.

Teyleryan qatil idi. Məhkəmədə "mən bir adam öldürdüm, amma qatil deyiləm”, – söyləməsinə rəğmən qatil idi. Tələt paşadan öncə, türklərə işlədiyi söylənilən Arutyun Mkrtıçyanı da qətlə yetirmişdi. Türk mənbələrində Soqomon Teyleryanın böyük qardaşı, hərbi həkim olan Vazgeni və onun arvadını türklərə xidmət etdiyini görə öldürdüyü də qeyd olunur.

Teyleryan qorxaq idi. Tələt paşanı arxadan xaincəsinə vurmuşdu. Paşanı nə üçün arxadan vurdun, sualına belə cavab vermişdi: "Öldürmək üçün bir neçə dəfə qarşısına çıxmışdım. Amma elə bir baxışı var idi ki, silahımı çıxara bilmədim. Buna görə də arxadan vurdum”.

Teyleryan bədbəxt idi. Ömrü boyu səksəkə içində yaşadı. Həyatının son illərində ermənilərin Amerika şəhərlərindəki tədbirlərində vətənpərvər çıxışlar etsə də, əsl həqiqətdə nə baş verdiyindən danışmağı sevməzdi. Övladı isə özünü atasının da iştirakçısı olduğu tarixdən uzaq tutmaq üçün adını dəyişib. Və bir də… Oğul Teyleryan ermənilərin uydurduqları "soyqırım” əfsanəsinə inanmır: "Ermənilər fasiləsiz olaraq məzardan nələrisə çıxarmağa çalışırlar. Bunlar bir neçə qərinə öncə yaşandı. Tarixdə qaldı. Tərəflərin hər biri xeyli sayda insan öldürdü. İspan inkvizisiyasına və Roma imperiyasına geri dönüb, baş verənləri canlandıra bilməzsiniz. Bu, mənlik deyil”.

Gündüz Nəsibov

oxşar xəbərlər