Ermənistanın işğalçılıq siyasəti Dünya İqtisadi Forumunda tənqid olunub
08.09.2017 10:31
Sentyabrın 5-də Polşanın Krıniça şəhərində başlamış 27-ci Dünya İqtisadi Forumu bu gün də işini davam etdirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Toğrul Məmmədli bu gün "Şərq Tərəfdaşlığının 8 ili: uğursuzluqlar, nailiyyətlər, gələcək” adlı plenar sessiyada çıxış edib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının 25 ili ərzində əldə edilmiş nəticələrə dair statistik məlumatları sessiya iştirakçılarının nəzərinə çatdıran Toğrul Məmmədli ölkəmizlə Aİ arasında tərəfdaşlığın perspektivləri, Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın rolu haqqında danışıb.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan və erməni deputat Miqran Akopyanın da şərhçi olduğu bu sessiyadakı çıxışı zamanı Toğrul Məmmədli Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlıq əlaqələri ilə yanaşı, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, iyulun 4-də 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsi haqqında məlumat verərək Ermənistanı barbar adlandırıb.
Qeyd edək ki, Polşada hər il keçirilən və 3000-dən artıq qonağın iştirak etdiyi bu tədbir Mərkəzi və Şərqi Avropanın ən irimiqyaslı konfransı sayılır.

oxşar xəbərlər