Beynəlxalq ictimaiyyətin diqqəti Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ətrafında yaranmış təhlükəli vəziyyətə yönəldilir

İslam Konfransı Təşkilatı – # 13/30-P
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI – # 1059 (1995)1
Mədəniyyət Nazirliyi işğaldan azad edilən ərazilərdə 1 000-ə yaxın abidənin qeydiyyatını aparıb

Sentyabrın 7-də Tərtər şəhərindəki Gənclər Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsi üzrə “SOS Sərsəng” adlı beynəlxalq konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov konfransda çıxış edərək layihənin məqsədindən danışmışdır. Bildirilmişdir ki, 1976-cı ildə inşa edilmiş Sərsəng su anbarının Ermənistanın işğalı altında olduğu 20 ildən artıq müddət ərzində baxımsız qalan texniki qurğuları və avadanlıqları qəzalı vəziyyətə düşmüşdür. Odur ki, su anbarının təbii fəlakət, texniki və yaxud təxribat xarakterli səbəblər üzündən dağılması ehtimalı böyükdür. Layihənin məqsədi dünya ictimaiyyətinin diqqətini ətraf rayonların əhalisi üçün həyati əhəmiyyətə malik Sərsəng su anbarının təhlükəli vəziyyətinə yönəltmək, beynəlxalq təşkilatları Ermənistanı su anbarı və əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti beynəlxalq qətnamələrə uyğun olaraq Azərbaycana verməyə məcbur etməkdir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov layihənin təşkilatçılarına və konfrans iştirakçılarına minnətdarlığını bildirmiş, Sərsəng su anbarının Ermənistanın işğalı altında olmasının rayona vurduğu ziyandan danışmışdır. Bildirmişdir ki, münaqişədən əvvəl rayonun əkin sahələri əsasən Sərsəng su anbarı vasitəsilə suvarılırdı. İşğal nəticəsində su anbarına nəzarəti ələ keçirən erməni tərəfi qışda suyu qəsdən açıb buraxır və torpaqlar su altında qalır. Əhalinin və təsərrüfatların suya ehtiyac duyduğu yay mövsümündə isə suyun qarşısı kəsilir. Nəticədə su sarıdan ciddi problemlər yaranır, rayon iqtisadiyyatına xeyli zərər dəyir.

Konfransda siyasi elmlər doktoru Ramiz Sevdimalıyevin “Sərsəng su bəndinin doğurduğu nəticənin və risklərin beynəlxalq hüquqi aspektləri”, iqtisadi elmlər doktoru Çingiz İsmayılovun “Sərsəng su anbarının Aran Qarabağın iqtisadiyyatına təsiri”, layihənin əlaqələndiricisi Samir İsayevin “Sərsəng su bəndinin tənzimlənməyən fəaliyyətinin ətraf mühitə zərərli təsiri”, Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi Tariel Hüseynovun “Sərsəng su anbarında baş verə biləcək qəzanın mümkün fəsadları”, hüquq elmləri doktoru Kamil Səlimovun “Dünyada baş vermiş humanitar təhlükələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması təcrübəsi – beynəlxalq hüquqi aspektlər” mövzularında məruzələri dinlənilmişdir. Bildirilmişdir ki, hündürlüyü 125 metrə çatan bənd və 560 milyon kubmetr su tutumuna malik anbar hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilmişdir. Burada təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla yanaşı, böyük insan tələfatına, bölgədə humanitar fəlakət yaşanmasına səbəb ola bilər. Digər tərəfdən, anbarından suyun qəsdən buraxılması və ya kəsilməsi bölgənin kənd təsərrüfatına ciddi ziyan vurur, torpaqların səhralaşmasına səbəb olur, ciddi ekoloji və sosial problemlər yaradır. Bütün bunların məsuliyyəti isə işğalçı Ermənistanın üzərinə düşür.

Konfransda çıxış edən Yunanıstan parlamentinin keçmiş üzvü Spiridon Kuvelis, Almaniya parlamentinin keçmiş üzvü Haqqı Kəskin, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun sədri, Finlandiya parlamentinin üzvü Eero Lehti, siyasi elmlər namizədi Sergey Markov Sərsəng su anbarı ətrafında yaranmış vəziyyətlə bağlı rəy və mülahizələrini bildirmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.

Tədbirdə www.sarsang.org saytının təqdimatı keçirilmişdir.