Çar Rusiyasının köçürmə siyasəti

Gündüz Nəsibov: Altıncı müsabiqə
Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış (III hissə)
Ermənilər Qafqazda yerli xalq deyil

Ermənilərin Qafqazın avtoxton sakinləri olmaması  ideyası  artıq  elmi dairələrin çoxu  tərəfindən birmənalı qəbul edilir.  

Antik dövrdən başlayaraq bu günə qədər bir sıra  müəlliflər (Herodot, Strabon, İ.Şopen,  S.Solovyov, Q.Kapantsyan,  İ.M.Dyakonov, N. Adons, A.B.Totadze, Q.R.Marxuliya  və başqaları)  ermənilərin qeyri-Qafqaz mənşəli olmaları barədə fikirlər irəli sürüb, onların əcdadlarının  Balkanlardan, konkret olaraq Frakiya və Fessaliyadan çıxdıqlarını  bildiriblər.  Tarixin müxtəlif vaxtlarında Cənubi Qafqaza, o cümlədən Azərbaycana köç edən ermənilər bu ərazilərdə məskunlaşıb və imkan düşdükcə yerli əhalini sıxışdırmağa başlayıblar.

Hələ XVIII əsrin əvvəllərində, I Pyotrun  dövründə Rusiyanın  Xəzər hövzəsində  bəzi əraziləri ələ keçirməsindən ermənilər öz məqsədləri üçün istifadə etdilər.  Rus hökumətinin razılığı və erməni kilsəsinin təşkilatçılığı ilə Xəzər dənizinin Azərbaycan sahillərindəki bəzi ərazilərə  (Dərbənd, Bakı, Salyan və s.)  on minlərlə erməni köçürüldü.

1828-ci ildə  Şimali Azərbaycanın   tamamilə  Rusiya imperiyasının  tərkibinə daxil  edilməsindən sonra  Arazdan cənubda yerləşən  ərazilərdən (Xoy, Salmas, Maku,  Urmiya və s.)  ermənilərin sistemli şəkildə Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə  köçrülməsinə başlanıldı. Eyni zamanda, bu vilayətlərə ermənilər Osmanlı ərazisindən də  köçürülürdü. Rus müəllifi S.Qlinka  1828-ci ildə  cənubdan 40 min nəfər erməninin  Naxçıvan, İrəvan və Qarabağa köçürüldüyünü bildirir (С. Глиника. Описание переселения армян Аддербиджанских в пределы России. М., 1831, 142 с.).   O dövr müəlliflərindən A.S.Qriboyedov, N.İ.Şavrov,  V.L.Veliçko və başqaları da Türkmənçay müqaviləsinin imzalanmasından sonrakı illərdə on minlərlə erməninin Şimali Azərbaycana  köçrüldüyünü qeyd edirdilər.  Bütün bunlar regionda demoqrafik vəziyyətin  ildən-ilə  ermənilərin xeyrinə dəyişməsinə səbəb olurdu. 1829-cu ildə Naxçıvan şəhərində  3641 nəfər azərbaycanlı yaşayırdısa, artıq 1829 nəfər  erməni yaşayırdı. 1873-cü ildə Naxçıvan mahalında 20836 nəfər azərbaycanlı, 17468 erməni, Ordubad şəhərində  3131 nəfər azərbaycanlı,  360 nəfər erməni, Ordubad mahalında 9593 nəfər azərbaycanlı, 4864 nəfər erməni, Dərələyəz mahalında 18040 nəfər azərbaycanlı, 11477 nəfər erməni yaşayırdı (С.П.Зелинский. “Три магала: Нахичеванский, Ордубадский и Даралагезский. Географо-статистическое и сельскохозяйственное описание”. // “Сборник сведений о Кавказе”, т. VII, Тифлис, 1880, c. 248).

1880-ci ildə tərtib olunmuş statistik məlumatlara əsasən İrəvan quberniyasının  İrəvan qəzasında  azərbaycanlıların sayı 46426  nəfərə, ermənilərin sayı 29784 nəfərə bərabər idisə, Sürməli qəzasında azərbaycanlıların və ermənilərin sayı müvafiq olaraq 29800 və 18096, Şərur-Dərələyəz qəzasında isə 38776 və 12532 nəfərə bərabər idi.  Yelizavetpol qəzasında 54932 nəfər azərbaycanlı, 19861 nəfər erməni, Nuxa şəhərində 17400 nəfər azərbaycanlı, 3501 nəfər erməni yaşayırdı. (“Сборник сведений о Кавказе”, т. VII, Тифлис, 1880, c. XVIII-XXIII). 

Göründüyü kimi, rus hökumətinin on illərlə davam edən köçürmə, erməniləri himayə  siyasətinə baxmayaraq,  İrəvan və Yelizavetpol quberniyalarına daxil olan tarixi Azərbaycan torpaqlarında  azərbaycanlılar  ermənilərə münasibətdə  XIX əsrin 80-ci illərinə qədər üstünlük təşkil edirdilər.

Aqil Şahmuradov, Tarix elmləri üzrə fəlsəfə doktoru

1905.az