“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

AVCİYA prezidenti Elxan Süleymanov möhtəşəm qələbə münasibətilə Ali Baş Komandanı və xalqımızı təbrik edib
I Pyotrun Xəzərsahili vilayətlərin sakinlərinə manifesti 15 İyul 1722
Şuşa XIX əsrin ortalarında

Erməni və ermənipərəst tarixşünaslıqda, həmçinin internet resurslarında Azərbaycanda erməni qırğınları və deportasiyaları haqqında yazıların dinamikası son zamanlar artmaqdadır. (7;8:9) Bu yazılarda 1905, 1918 və 1980-ci illərin sonları-90-cı illərin əvvəllərində (Sumqayıt (1988, fevral), Bakı (1990-cı il yanvar), Çaykənd (1991, aprel-may) və s.) Azərbaycanda üç erməni qırğını haqqında iddia irəli sürülür. Sonuncu qırğının ermənilərin deportasiyası ilə müşahidə olunması bildirilir. Bu baxışlar sistemli şəkildə bir araya gətirilərək, ermənilərin Azərbaycanda qırğınları və deportasiyası üzrə yeni konsepsiya kimi çıxış edir. Onun tərkibində 1992-ci il 26 fevral Xocalı hadisələrinə qədər 1905,1918 və 1980-ci illərin sonları- 90-cı illərin əvvəllərinə dair hadisələrdən bəhs edilərkən üstün yer tutan məzlum erməni obrazı (3;5. B.İşxanyanın kitabına rəy haqqında bax:4), yeni tipli qalib erməni obrazı ilə əvəz olunur və s.
Göründüyü kimi burada tarixi gerçəklik müasir geopolitik vəziyyətə uyğunlaşdırılır və yeni təbliğat sahəsi yaradılmasına cəhd edilir.
Erməni qırğınları kimi təqdim edilən hadisələr, əslində ermənilərin, 1918-ci ildən isə tarixi Azərbaycan torpaqlarında meydana gələn Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı ideoloji düşmənçilik və ərazi iddiaları nəticəsində meydana gələn müharibələrin tərkib hissəsidir. Bu ideoloji düşmənçilik erməni milli ideologiyasının tarixində xüsusi yer tutan şəxslərin (Gevond Alişan (1820-1901), Raffi (1835-1888) və b.) baxışlarında əksini tapmışdır. Hazırda Ermənistanda diqqət mərkəzində duran və qatı Azərbaycan düşmənlərindən olan Qaregin Njde (1886-1955) və Ayk Asatryan (1900-1956) tərəfindən formalaşdırıldığı bildirilən tsexakronizmdə (tsex-nəsil, qəbilə; kron-din, etiqad deməkdir. Erməni xalqının tarixi vətənində vahid erməni dövlətində birləşdirilməsini nəzərdə tutur) türk düşmənçiliyi nəzəri səviyyəyə qaldırılmışdır.
Bütün tarixi dövrlərdə bu müharibələrin təşəbbüskarları və başlayanı ermənilər olmuşdur. İlk geniş miqyaslı müharibə 1905-1906-cı illərə aiddir. Təsadüfi deyil ki, Rusiya imperiyasının rəsmi mövqeyinə baxmayaraq (bu hadisələr erməni-tatar (azərbaycanlı) toqquşması kimi qəbul edilmişdir), xalq bunu “erməni-müsəlman davası” adlandırmışdır. Tatixi faktlar sübut edir ki, 1905-1906-cı illərdə, növbəti dəfə 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın və soyqırım aktlarına baxmayaraq, ermənilər qəti şəkildə dəf edilmişdir. 1918-ci ilin sentyabrında Bakının azad edilməsi ermənilər üzərində qələbənin əksi olmuşdur.
1988-ci ilin fevralında faktik olaraq Ermənistanın Azərbaycana qarşı yeni müharibəsi başlamışdır. Bu müharibənin tarixində (1988-1994) iki dövr ayırmaq olar. 1988-1991-ci illərdə müharibə Ümumazərbaycan miqyasında törədilmişdir. Azərbaycanlılar Ermənistandan deportasiya edilmiş, Sumqayıt, Bakı və Azərbaycanın digər yerlərində ermənilərin təxribatları baş vermişdir. (1;6) Azərbaycanın bu təxribatların qarşısını alması ilə ermənilər 1905 və 1918-ci illərdən fərqli olaraq, Qarabağ istisna olmaqla, ölkənin digər yerlərini tərk etmiş, müharibəni əsasən, Qarabağa keçirmişdilər. Azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər və son deportasiyasından fərqli olaraq, ermənilərin əksəriyyəti ölkələrinə deyil, onun sərhədlərindən kənara köçmüşdülər. Qarabağ müharibəsi şəraitində bu beşinci kolonun qalmasının Azərbaycan üçün nə dərəcədə təhlükə yaradacağını müəyyən etmək o qədər də çətin deyildir. Beləliklə, Ermənistanın elan edilməmiş müharibəsinin birinci mərhələsi Azərbaycanın qələbəsi ilə başa çatmışdır.
Müharibənin mürəkkəb beynəlxalq və daxili vəziyyət şəraitində davam edən və 1991-1993-cü illəri əhatə edən aktiv fazasında Ermənistan Azərbaycan torpaqlarının 20 faizədək olan hissəsini işğal etməyə nail ola bilmişdir. Sülh əldə olunmadığından mövcud vəziyyətə müvəqqəti hal kimi baxılmalıdır.
Ermənilərin nəzərdən keçirilən problem üzrə özlərinə yeni qəhrəmanlıq tarixi yaratması illüziyadan başqa bir şey deyildir. Erməni milli azadlıq hərəkatı liderləri kimi təqdim edilən şəxslər üzrə apardığımız araşdırma nəticəsində müəyyən edilmişdir ki, onların böyük əksəriyyəti 1905-1906-cı illərdə və 1918-ci ildə Azərbaycan xalqına qarşı müharibədə iştirak etmişdir. Onlardan Arşak Qafavyan (Keri, 1858-1916), Arutyun Şaqikyan (Nitra, Atom, 186-1915), Ovsep Arqutyan (1863-1925), Nikol Duman (1867-1914), Qaregin Pastermacan (Armen Qaro, 1872-1923), Murad Sebastatsi (1874-1918), Vardan Xanasari (?-1943) 1905-1906-cı il hadisələrində, Amazasp Srvantsyan (1873-1921), Dastamant Kananyan (Dro, 1883-1956), Qaregin Njde (1886-1955) isə həm 1905-1906, həm də 1918-ci il hadisələrində iştirak etmişdilər. Andranik Ozanyan da (1865-1927) azərbaycanlılara qarşı düşmənçilik fəaliyyətində xüsusi yer tutmuşdur. Yuxarıda qeyd etdyimiz kimi onlar daha çox qəddarlığı, dinc əhaliyə divan tutması ilə tarixdə qalmış, bütövlükdə həmin hadisələr isə azərbaycanlıların tarixi qələbəsi ilə başa çatmışdır. Zəngəzur, Qarabağın Dağlıq hissəsinin muxtariyyətləşdirilməsi kimi məsələlər isə yalnız sovet hökuməti tərəfindən ermənilərin xeyrinə həll edilmişdir.
Ermənilərin təbliğ edilən “qəhrəmanlığı” (bu sahədə qatı azərbaycanafobiyasını rasist dünyagörüşünə çevirən, faşist təfəkkürü ilə fərqlənən Levon Məlik-Şahnəzorov xüsusi yer tutur (7;8) isə azərbaycanlılara qarşı Xocalı soyqırımından keçir. Bəşəriyyətə qarşı yönəlmiş cinayətin caniləri qəhrəman kimi təqdim edilir.
Ermənistan prezidenti (2008-ci ildən) Serj Sarkisyan 2000-ci il dekabrın 15-də Tomas de Vaala müsahibəsində demişdir: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikiləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu (stereotipi) qıra bildik. Bax bu da baş verdi. Həmçinin nəzərə almaq lazımdır ki, həmin cavanların arasında Bakı və Sumqayıtı qaçıb tərk etmiş insanlar da var idi.” (2,201) (Qeyd etmək lazımdır ki, Tomas de Vaal sözügedən müsahibənin daha geniş variantını kitabın yeni nəşrində vermişdir. (10,210) Hadisələrə daha çox özünəməxsus neytrallıq prinsiplərindən yanaşan Tomas de Vaal belə sonda çox ciddi nəticəyə gəlir: “Sarkisyanın mövqeyi Qarabağ müharibəsinin ən qəddar qırğınına digər tərəfdən baxmağa məcbur edir. İstisna deyil ki, bu kütləvi qırğın qismən də olsa, əvvəlcədən düşünülmüş qorxutma aktı idi.” (2,201)
Beləliklə, erməni və ermənipərəst tarixşünaslıq tərəfindən irəli sürülən Azərbaycanda erməni qırğınları və deportasiyası haqqında məsələnin ayrıca problem kimi irəli sürülməsi əsassızdır. Bu məsələ ermənilərin və Ermənistanın (1918-ci ildən) azərbaycanlılara qarşı müharibələri kontekstində nəzərdən keçirilməli və qiymətləndirilməlidir.
Qeydlər
1.Məmmədov İ. Azərbaycana qarşı Sumqayıt təxribatı- “Qriqoryanın işi”. Bakı, 2013
2.Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. Bakı, 2008
3.Алибегов И. Елисаветпольские кровавые дни перед судом общества. Тифлис, 1906
4.«Беспристрастная анкета». Рец. на книгу Б.Ишханяна «Великие ужасы в г.Баку. Тифлис, 1919»// Газ. «Азербайджан», от 27 марта 1920 г., №62
5.Ишханян Б. Великие ужасы в гор. Баку. Тифлис, 1919
6.Преступления армянских террористических и бандитских формирований против человечества (XIX-XXI вв.). Баку, 2002
7.Мелик-Шахназарян Л. Военные преступления Азербайджана против мирного населения Нагорно-Карабахской Республики. Ереван, 1997
8.Его же, Ходжалинское дело: Особая папка. Ереван, 2002
9.Погромы армян в Бакинской и Елизаветпольской губернии. Ереван, 2003
10.Томас де Ваал. Черный сад. Армения и Азербайджан между миром и войной. М., 2014
11.Ходжалы. Очевидцы о военных преступлениях. Суд над Арменией. Перев. с англ./ Введ. и интервью Й.Перт, Ф.Маклахлан. СПб., 2015
Kərim Şükürov
tarix üzrə elmlər doktoru, professor
Xüsusi olaraq 1905.az üçün