Ermənilərin ən çox oxuduğu Azərbaycan saytları hansıdır?

AVCİYA-nın seçki qərargahı prezident seçkiləri ilə əlaqədar apardığı müşahidələrin nəticələrini açıqlayıb
“Bəzi Avropa ölkələrində insan hüquqları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil”
Dünya ictimaiyyəti Sərsəng su anbarının harayına biganə qalmamalıdır

Azərbaycan torpaqlarının 20 faiz hissəsinin Ermənistan tərəfindən işğal olunduğu bir zamanda düşmənlə aparılan informasiya müharibəsi mühüm rol oynayır. Təbii ki, informasiya müharibəsində əsas yük mətbuatın üzərinə düşür. Bəs Azərbaycanda informasiya savaşında düşmənlə müharibə edəcək kifayət qədər mətbuat orqanı varmı? Ermənilər Azərbaycanda fəaliyyət göstərən hansı saytları oxuyur?

Femida.az bununla bağlı maraqlı araşdırma aparıb. Məlumat üçün qeyd edək ki, Azərbaycanda erməni dilində fəaliyyət göstərən bir neçə sayt var. Onların arasında “APA” İnformasiya Agentliyinin erməni dili versiyası , AzVision.az saytının erməni dili bölməsi “Hayatsk.info”, Armenia.az, İrevanaz.com və 1905.az saytlarıdır.

Bəs bu saytların oxucu auditoriyası arasında ermənilər neçə faiz təşkil edir?

Araşdırmamız zamanı məlum olur ki, ölkəmizdə fəaliyyət göstərən ermənidilli saytlar heç də hamısı düşmən ölkədə məşhurlaşa bilməyib.

AVCİYA-nın resursu olan 1905.az saytı erməni dilində xəbər yayımlayan ilk saytlardan hesab olunur. 1905.az portalı 28 mart 2014-cü ildə yaradılıb və elə ilk mərhələdə erməni dili versiyası da işə düşüb. Bu media qurumunun daxili auditoriya üçün erməni cinayətlərinin, Azərbaycan torpaqlarının işğal tarixinin çatdırılmasında rolu böyük olsa da, sayt Ermənistanda o qədər də məşhurluq tapa bilməyib.

Azərbaycanda erməni dilində xəbər hazırlayan və yayımlayan saytların içərisində AzVision.az saytının erməni dili versiyası olan Hayatsk.info nun xüsusi yeri və çəkisi var. 2016- cı ilin iyununda yaradılan erməni dili versiyası geniş təhlil və dəqiq tərcümələri ilə seçilir. Həmçinin qeyd olunan sayt erməni mətbuatı tərəfindən ən çox istinad edilən və haker hücumlarına məruz qalan mətbuu orqanıdır. Mart ayının ilk 10 günü ərzində saytın gündəlik oxucularının orta hesabla 7.8 faizi məhz Ermənistan Respublikası ərazisindən daxil olanlar təşkil edib.Qeyd edək ki, sözügedən sayt Ermənistan siyasi rəhbərliyinin cinayətlərini və düşmən ordusunda baş verən özbaşnalıqları açıq şəkildə işıqlandırdığı üçün böyük marağa səbəb olub.

Erməni dilli saytların sırasında Armenia.az –ın da rolu böyükdür. Sayt erməni və rus dilində gündəlik xəbərlərlə yanaşı təhlillərə də yer ayırır. Bu ay ərzində saytın günlük oxucularının 78 faizi məhz Ermənistan ərazisindən daxil olanlar olub.

Azərbaycanda erməni dilində yayımlanan saytlardan biri də İrevanaz.com dur.Qeyd olunan sayt 2006-cı ildən fəaliyyət göstərsə də, təəssüf olsun ki, Ermənistanda o qədər də tanına bilməyib.

APA İnformasiya Agentliyinin 2016-cı ilin aprel ayından etibarən erməni dili versiyası Am.Apa.az fəaliyyətə başlayıb. Agentlik digər xarici dillər üzrə xeyli uğurlar əldə etsə də, erməni dilli oxucuların diqqətini o qədər də cəlb edə bilməyib. Saytın bu ay çoxluq təşkil edən oxucuları arasında Ermənistan ərazisindən keçid edənlər xeyli azlıq təşkil edib. Buna baxmayaraq saytın operativ tərcümə xidməti və peşəkarlığı diqqətdən yayınmır.

Mövzu ilə bağlı Femida.az-a danışan Erməni dili və Ermənistan üzrə ekspert, siyasi elmlər doktoru Hatəm Cabbarlı bildirib ki, Azərbaycanda erməni dilinin müxtəlif universitet və ixtisaslaşmış akademiyalarda tədris edilməsi təqdirəlayiq haldır. 

“Təxminən 10 il əvvəl bu işə başlanılıb və müəyyən uğurlar əldə edilib. Erməni dilini bilən gənclərə yeni iş imkanları ortaya çıxıb. Bu fürsət dövlətin xüsusi orqanlarından və xəbər agentliklərinə qədər olan geniş sahəni əhatə edir. Əlbəttə erməni dilinin tədrisi ingilis, fransız, alman dilinin tədrisi qədər geniş yayılmayıb, amma buna maraq göstərənlər də az deyil. Xüsusilə, 2015-ci ildə Prezident yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən müəllifi olduğum “Erməni dili” kitabının nəşr edilməsindən sonra bu dili öyrənməyə çalışan gənclər üçün mənbə olması baxımından əhəmiyyətlidir.”

Hatəm Cabbarlı Azərbaycanda fəaliyyət göstərən ermənidilli saytların fəaliyyətindən də danışıb.

“Azərbaycanda xəbər agentliklərinin və bənzər təşkilatların erməni dilində informasiyalar verməsi gözəl işdir. Nəticələrinin uzun müddətə əldə ediləcəyi bir təşəbbüsdür. Ermənistan ictimaiyyəti Azərbaycanla bağlı ana dillərində informasiya ala bilir. Azərbaycandakı mövcud vəziyyəti, iqtisadi və sosial vəziyyətdən xəbərdar olur, Azərbaycanın Ermənistana yönəlik siyasətinin mahiyyətini anlayır.

Azərbaycanda APA xəbər agentliyinin ermənicə bölümü var. Burada müxtəlif informasiyalar erməni dilinə tərcümə edilərək dərc edilir. Eyni zamanda Armenia.az internet portalı da ermənicə informasiyalar verir. İrevanaz.com internet portalı isə tamamən erməni dilində işləyir. Azvision.az veb səhifəsi də ermənicə informasiyalar verir. Hər üç portalın rusca versiyası da var. Mütəmadi olaraq ermənicə informasiyalar verilir. APA-nın və digər portalların tərcümələri kifayət qədər peşəkarcasına aparılır.

Müqayisə üçün qeyd edim ki, Ermənistanda bəzi xəbər agentlikləri və mətbu orqanların türkcə versiyaları olsa da, Azərbaycan türkcəsində peşakar fəaliyyət göstərən xəbər agentliyi və ya mətbu orqan yoxdur.”

Ermənilərin Azərbaycanla bağlı oxuyacağı digər xəbərlər sırasında rus dilində yayımlanan informasiyalar da əsas rol oynaya bilər. Bəs ölkəmizdə fəaliyyət göstərən rus dilli saytlar Ermənistanda nə dərəcədə tanınıb?

Femida.az bununla bağlı araşdırma aparıb.

Son günlər Ermənistan əhalisinin daha çox giriş etdiyi saytların sırasında daha ön mövqedə AzVision.az saytlar qrupuna daxil olan Armiya.az dayanır. Daha çox ordu və hərbi xəbərlərin yayımlanması ilə tanınan sayt qısa müddətdə düşmən ölkədə də məşhurlaşıb. Misal üçün mart ayının ilk 10 günündə gündəlik oxucuların orta hesabla 53 faizi məhz Ermənistan ərazisindən sayta daxil olub. Nəzərə alsaq ki, sayt 2017-ci ilin oktyabrında yaradılıb. Bu nəticəni yüksək qiymətləndirmək olar. Bundan əlavə saytın operativ tərcümə xidmətinin olması mühüm keyfiyyət kimi göstərilə bilər.

Ermənistan əhalisi arasında xüsusilə tanınan saytlar arasında Haqqın.az xəbər saytı da var. Rus dilində yayımlanan saytın oxucularının gündəlik 1,1 faizi məhz Ermənistan ərazisindən daxil olub. Ermənistan əhalisi saytda daha çox siyasi xəbərlərlə maraqlanıb. Qeyd olunan sayt Azərbaycan Respublikası ərazisində yaşayan rusdilli əhalinin də daha çox istifadə etdiyi saytlar siyahısında ön pillələrdə dayanır.

Vesti.az saytı da erməni əhalisinin oxuduğu rus dilli saytlar sırasına daxildir. Martın ayının ilk 10 günlük ərzində gündəlik oxucularının 1,3 faizi məhz Ermənistan ərazisindən daxil olub.

News.az saytı Azərbaycan Respublikası ərazisində yayımlanan və erməni oxucularının gündəlik istifadə etdiyi saytlar siyahısındadır.

Qeyd edək ki, statistika alexa.com saytının verdiyi məlumat əsasında hazırlanıb.

Mircəlal Məcidli
Femida.az