Ermənistan “soyqırımı” iddiaları ilə Azərbaycan ərazilərinin işğalını unutdurmaq istəyir

Gündüz Nəsibov: Altıncı müsabiqə
Ramiz Sevdimalıyev: Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış (IV hissə)
1918-ci ildə Şamaxı qəzasında həyata keçirilən soyqırımı

100 ilə yaxındır ki, erməni diasporu beynəlxalq ictimaiyyətə birtərəfli, çox vaxt yanlış və hətta qəsdən təhrif edilmiş mənbələrdən məlumatlar verir. Bu gün bəzi ölkələrin parlamentləri və ictimaiyyəti 1915-ci il hadisələrini erməni iddiaları əsasında “soyqırım” kimi tanımış və ya tanımağa hazırlaşır.

Təəssüf ki, Türkiyə 18 il əvvələ qədər bu sahədə səssiz qalmağa üstünlük verib, bu məsələnin zaman keçdikcə ermənilər tərəfindən gündəliyə gətirilməyəcəyini güman edib. Ancaq əksinə, erməni diasporu Amerika Birləşmiş Ştatlarında və bir çox başqa ölkələrdə bu məqsədlə sanki bir şirkət kimi təşkilatlanmış, minlərlə adam yaşayışlarını təmin etmək üçün bunu özlərinə peşə seçmişdir. Erməni diasporu uydurma erməni soyqırımı iddialarını daima gündəmdə saxlayaraq bir tərəfdən dünyanın bir çox ölkələrində ermənilər arasında öz mənsubiyyətlərini qorumaq məqsədini qarşısına qoyur, digər tərəfdən Türkiyədən kompensasiya tələbini və hətta torpaq iddialarını bir təzyiq vasitəsi kimi davam etdirmək istəyir.

Erməni diasporunun 90 ildən artıqdır, yazılı və elektron mediada yaydığı birtərəfli və tamamilə obyektivlikdən uzaq məlumatlar əlbəttə ki, öz təsirini göstərib, yanlış və təhrif edilmiş iddialar tədricən bəzi ölkələrdə sanki yeganə həqiqət kimi qəbul edilməyə başlanıb.

Son illərdə Ermənistan və erməni diasporunun 1915-ci il hadisələrini çox tez-tez ictimaiyyətin və bəzi ölkələrin parlamentlərinin gündəliyinə gətirməsinin ən vacib səbəbi də budur ki, onlar Rusiyanın ağır silahlarının köməyi ilə işğal etdikləri Azərbaycan ərazilərini, bir milyona yaxın Azərbaycan qaçqını və Dağlıq Qarabağ məsələsini beləliklə, diqqətdən kənarda saxlamağa çalışırlar. Bu strategiya son dərəcə düşüncəli bir şəkildə diqqətlə həyata keçirilir.

Şübhəsiz ki, Ermənistan və erməni diasporu xüsusilə 1918-ci ilin mart-aprel aylarında Azərbaycan türklərinə qarşı həyata keçirdikləri qətliamları və 1992-ci ildə darmadağın edilən Xocalıda əksəriyyəti qadın və uşaq olan 600-dən çox insanın qətlə yetirildiyini də gündəlikdən kənarda saxlamağa çalışır.

Beynəlxalq ictimaiyyət artıq həqiqətləri obyektiv mənbələrdən öyrənməlidir. Buna görə də Türkiyə ilə Azərbaycan bu məsələyə böyük önəm verərək təhrif edilməmiş, dəyişdirilməmiş mənbələri və müxtəlif ölkələrdəki arxiv sənədlərini əsas dillərdə nəşr edərək dünya ictimaiyyətinin obyektiv məlumatlar almasını təmin etməlidir.

Əgər Ermənistan və erməni diasporu bu günə qədər beynəlxalq ictimaiyyətə təqdim etdikləri məlumat və mənbələrin həqiqiliyinə belə inanırlarsa, Rusiya, Fransa, Almaniya, İngiltərə, ABŞ, Türkiyə, Ermənistan və Azərbaycandakı sənədlərlə, mənbələrlə və arxiv məlumatları ilə üzləşməkdən niyə çəkinir? Niyə Türkiyənin bu mənbələrin türk, erməni və beynəlxalq tarixçi-mütəxəssislərdən ibarət komissiya tərəfindən araşdırılması ilə bağlı  təklifini rədd edirlər?

Əgər Ermənistan və erməni diasporu ətraflı bir araşdırma nəticəsində həqiqətlərin üzə çıxmasından və beynəlxalq ictimaiyyətə bu günə qədər qəsdən səhv məlumatların verilməsi faktının aşkara çıxmasından narahat deyilsə, Türkiyənin bu təklifi niyə qəbul edilmir?

Dünyanın bir çox yerlərində eyni regionda yaşayan və ya bir-birinə qonşu olan ölkələrdə xalqlar uzun müddət müharibə etmiş, son dərəcə kədərli hadisələr baş vermişdir. Bunun ən bariz nümunəsi olaraq, Almaniya və Fransa arasında İkinci Dünya müharibəsinə qədər yüz illər boyunca davam edən müharibələr və iki xalqın çəkdiyi ağlasığmaz əziyyətləri göstərmək olar.

Almaniya və Fransa, 1950-ci illərdən etibarən tarixin bu kədərli səhifələrindən dərs alaraq mehriban və hətta dostcasına qonşuluq münasibətləri yarada biliblər. Bunun ilk şərti isə hər iki tərəfin də həqiqətləri olduğu kimi aşkara çıxarılması istəyi və gözəl qonşuluq münasibətlərinin qurulmasında təkid etmələridir.

Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin yaranması və Qafqazda sülhün bərqərar edilməsi üçün Ermənistan ilk olaraq və qeyd-şərtsiz bir çox beynəlxalq qərarlara əməl edərək, Azərbaycanın işğal etdiyi ərazilərini boşaltmalı, qaçqınlar öz evlərinə geri qayıtmalı və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə “hə” deməlidir. Sülhün və yaxşı qonşuluq münasibətlərinin təmini bu ölkələrin xalqlarının xeyrinə olacaqdır. Ərazilərinin beşdə birinin işğalı və bir milyona yaxın insanın yurdundan-yuvasından didərgin düşməsi ilə Azərbaycanın barışacağını ümid etməyə heç bir ölkənin, o cümlədən Ermənistanın haqqı yoxdur.

Çar Rusiyası əsrlər boyunca müharibə vəziyyətində olduğu Osmanlı İmperiyası ilə sərhəd bölgəsində öz nəzarəti altında xristian dininin hakim olduğu bufer zona yaratmaq məqsədilə Qərbi Qafqazda erməni əhalisinin artması üçün qədimdən bəri bir siyasət həyata keçirmişdir. Erməniləri bu ərazilərə köçürdərək əhali arasındakı tarazlığı ermənilərin lehinə dəyişdirməyə çalışıblar. Bu gün həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi də bu siyasət nəticəsində yaranıb.

Haqqı Kəskin

Almaniya Bundestaqının sabiq üzvü

Main Home