İlham Əliyev: Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub

Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşündəki çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir. Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa etmişdir. Biz, eyni zamanda, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikmiş və istifadəyə vermişik. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülmüşdür.

Prezident İlham Əliyev qeyd edib ki, bu il üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılmışdır. Beləliklə, Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilmişdir. Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar bu yaxınlarda uğurla başa çatmışdır.

“Gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək. Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək səviyyədə başa çatdırılacaqdır. Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub. Şimal-Cənub nəqliyyat dəhlizi bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir”, – deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb.