İSMAYILOV İlqar Sədi oğlu

HÜSEYNOV Sadıq Dayandur oğlu
ƏKBƏROV Rövşən Telman oğlu
MANSUROV Bəhruz Qəhrəman oğlu

İSMAYILOV İlqar Sədi oğlu (29.3.1959, Bakı ş. – 1.10.1992) – Azərbaycanın Milli Qəhrəmanı (19.10.1992, ölümündən sonra).

29 mart 1959-cu ildə Bakı şəhərində doğulmuşdur. 1966-cı ilda Bakının Nərimanov rayonundakı 45 saylı orta məktəbin birinci sinfinə getmiş, 1976-cı ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1981-ci ildə ali məktəbi bilirmişdir. O, cüdo üzrə idman ustası idi.

1981-ci ildə Nərimanov rayon Hərbi Komissarlığı tərəfındən həqiqi hərbi xidmətə çağırılmışdır. Bakı Ordu İdman Klubunda xidmət etmişdir. 1983-cü ildə ordudan tərxis olunmuş və 1986-cı ilə qədər “Dinamo” İdman Klubunda məşqçi işləmişdir. Sonra leytenant rütbəsi ilə Daxili İşlər Nazirliyinin Sabunçu rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Burada kapitan rütbəsinə kimi yüksəlmişdir.

O, 1991-ci ilin dekabrından başlayaraq tez-tez döyüş bölgələrinə ezam olunur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda iştirak edirdi. Məhz onun qəhrəmanlığı və şücaəti sayəsində ermənilər tərəfındə vuruşan bir neçə xarici ölkə vətəndaşı girov götürülmüşdü. İlqar İsmayılov Şuşa rayonunun Malıbəyli, Meşəli kəndlərində, eləcə də Ağdam rayonu ərazilərində gedən döyüşlərdə böyük igidliklər göstərmişdir. 1992-ci ildə xüsusi tapşırıqla Laçın rayonuna ezam olunmuşdur. Onun rəhbərliyi altında 128 nəfər döyüşçümüz Mazutlu kəndi yaxınlığındakı Qızartı yüksəkliyini erməni işğalçılarından təmizləmişdir. İgid komandir İlqar İsmayılov 1 oktyabr 1992-ci ildə qəhrəmancasına həlak olmuşdur.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önünə isə büstü qoyulmuşdur.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 144