KİVDF-nin 10 illik yubileyi qeyd edilib

Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib
Murmansk azərbaycanlıları Milli Qurtuluş Gününü və Rusiya Gününü qeyd ediblər
Naxçıvanda keçirilən “Milli geyimlər festivalı” böyük marağa səbəb olub

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində yubiley və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra Fondun 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Fondun icraçı direktoru Vüqar Səfərli KİVDF-nin müxtəlif dövlət qurumları ilə birgə həyata keçirdiyi işlərdən danışıb. Bildirib ki, ötən 10 il ərzində Fond tərəfindən xeyli iş görülüb. Jurnalistlərin peşəkarlığının artırılması, sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri xüsusi qeyd etmək olar. Fond ildə üç dəfə – Novruz bayramı, milli mətbuatımızın yaranması günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müsabiqələr keçirir. Budəfəki müsabiqədə 54 KİV-dən 145 jurnalist iştirak edib. Onlardan 114-ü mükafatlara layiq görülüb.

İcraçı direktor Azərbaycan mətbuatına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə KİV nümayəndələri adından minnətdarlığını bildirib, eyni zamanda, dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək KİVDF-nin milli mətbuatımızın həyatında əhəmiyyətli rol oynadığını bildirib. Əli Həsənov qeyd edib ki, Fond ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil media siyasətinin həyata keçirilməsində önəmli xidmətlər göstərib. Bu Fondun yaradılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. On il əvvəl dövlətimizin başçısı Fondun yaradılması ilə bağlı Sərəncam imzaladı. Ondan bir il əvvəl isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu. Həm Konsepsiyanın qəbul olunması, eləcə də Fondun təsis edilməsi Azərbaycanda dövlətin mediaya qayğısını və dəstəyini sistemli halda həyata keçirən vahid mexanizmin yaradılmasını ehtiva edirdi.

Əli Həsənov bildirib ki, on ildir Azərbaycan dövlətinin KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına, jurnalistlərin sosial problemlərinin həll edilməsinə göstərdiyi dəstək şəffaf şəkildə həyata keçirilir. Ötən on ildə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı nə iş görülübsə kollegial şəkildə, KİVDF-nin Müşahidə Şurasının bilavasitə nəzarəti ilə həyata keçirilib. İstər mənzillərin paylanması, istər fərdi yazı müsabiqələrinin keçirilməsi və qaliblərin elan olunması, istərsə də kütləvi informasiya vasitələrinə tirajına və onların potensialına uyğun illik yardımların göstərilməsi tam şəffaf və ədalətli sistem üzrə həyata keçirilib.

“Mən Azərbaycan mediasına göstərdiyi sistemli və şəffaf dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin bu siyasətinin həyata keçirilməsində iştirak edən hər kəsə, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təşəkkür edirəm”, – deyə Prezidentin köməkçisi qeyd edib.

Sonra fərdi jurnalist yazılarının qalibləri mükafatlandırılıb. Qaliblər arasında AZƏRTAC-ın müxbiri Nəriman Həsənov da var.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək jurnalist peşəsinin şərəfli peşə olduğunu bildirib. O, ulu öndər Heydər Əliyevin hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın və onun mediasının inkişafı üçün gördüyü işlərdən danışıb. Bildirib ki, bu gün Azərbaycanın qazandığı uğurları gələcək nəsillərə çatdırmaq vəzifəsi mətbuatın üzərinə düşür. F.Heydərov Azərbaycan mediasının bu şərəfli missiyanı layiqincə yerinə yetirəcəyinə əmin olduğunu bildirib.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digərləri media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüblər.

Nazir Əbülfəs Qarayev bu gün ölkəmizdə medianın uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, bu gün Azərbaycan mediası ölkəmizin əldə etdiyi uğurları beynəlxalq aləmə çatdırmaq kimi şərəfli vəzifəni layiqincə yerinə yetirir.

Tədbir bədii hissə ilə davam edib.