Mətbuat Şurasının “qaynar xətt”inə dörd müraciət daxil olub

Millət vəkili Müslüm Məmmədov seçiciləri ilə görüşüb
“YENİ HƏYAT – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başlanmışdır
23 dekabr 2009-cu il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı BƏYANAT

Saat 08:00-dan 14:00-dək parlament seçkilərini işıqlandıran jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə 4 müraciət daxil olub.

Şuradan AZƏRTAC-a bildiriblər ki, müraciətlərdən üçü 57 saylı Kürdəmir seçki dairəsinin 3, 5 və 20 saylı məntəqələri ilə bağlıdır. Bir müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. Müraciət edənlər “7news” saytının əməkdaşı Murad Musayev, “Ayna.az” saytının əməkdaşı Rumiyyə Miraslan, “Femida.az” saytının əməkdaşı Mircəlal Məcidov və “Mediapress.az” saytının əməkdaşı Könül Aypara olub. Hər dörd məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılıb, problemlər aradan qaldırılıb.

Qeyd edək ki, bu gün keçirilən parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün Azərbaycan Mətbuat Şurası tərəfindən “qaynar xətt” təşkil olunub. Belə ki, qurumun (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri saat 08:00-dan 19:00-dək bu rejimdə işləyəcək.

Mətbuat Şurası, həmçinin kütləvi informasiya vasitələrinin parlament seçkilərində peşə fəaliyyətlərini həyata keçirmələrinin monitorinqini də aparır. Şuranın İdarə Heyətinin üzvləri bu məqsədlə ölkəmizin müxtəlif bölgələrindəki, habelə paytaxt Bakıdakı seçki dairə və məntəqələrində olur, prosesi bilavasitə izləyirlər. Onlar prosesi işıqlandıran KİV təmsilçilərinə normal şəraitin yaradıldığını bildirib, heç bir maneə qeydə almayıblar.