Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin seçkilərində ilk namizədi qeydə alıb

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasında keçirilən debatlarda məruzə ilə çıxış edib
Prezident İlham Əliyev bir il əvvəlki reytinqini və seçicilərinin yüksək etimadını daha da artırıb
ATƏT-in Minsk Qrupunun həmsədrləri sürətini artırmaqla hərəkət edən qatara minmək istəyirlər

Fevralın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası prezidentliyinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Bildirilib ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər fevralın 22-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Komissiya bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb və namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən edib.

Bütün bunlar nəzərə alınaraq, Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra Komissiya üzvlərinin yekdil qərarı ilə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyev 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının iclası kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.