NƏZƏRLİ Hikmət Baba oğlu

ƏLİYEV Etibar Böyükağa oğlu
KƏRİMOV Bəşir Bəylər oğlu
QULİYEV Mədət Qəzənfər oğlu

(7.3.1966, Bakı ş. – itкin düşüb) – Azərbaycanın Milli Qəhrəmanı (9.9.1992).

1984 ildə hərbi xidmətə çağırılıb və Gürcüstan Respublikasının Duşefi şəhərində kəşfiyyat məktəbinə göndərilib. 1986 ildə ordudan tərxis olunub. DİN-in Yanğından Mühafizə İdarəsində çalışıb və Azərbaycan Politexnik İnstitutuna qəbul olunub. Vətənpərvər oğul kimi erməni təcavüzünə, soydaşlarımızın öz doğma yurdlarından qovulmasına biganə qalmayıb və Şıx qəsəbəsində könüllülərdən təşkil olunmuş müdafiə batalyonuna üzv yazılıb. 1991 ilin dekabrında xidmət etdiyi batalyonun tərkibində Ağdam istiqamətindəki cəbhəyə yola düşüb. Umudlu, Xocalı yolu onun döyüş meydanına çevrilib. Umudlu kəndinin sakinlərini təhlükəsiz yerə apararkən xəstələnib. Bir müddət müalicə olunduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdıb. Həmin günlər Xocalıda tarixdə misli görünməmiş faciə törədilir. H.Nəzərli idarə etdiyi maşınla düşmən qarşısında maneə yaradaraq uşaqların, qadınların təhlükəsiz yerə aparılmasında böyük şücaət göstərib. Son məqamda bir neçə döyüş yoldaşı ilə meşəyə çəkilib. Sonrakı taleyi barədə heç bir məlumat yoxdur. Ailəli idi. Bir övladı yadigar qalıb.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 230

***

Qarabağ qazisi, silahdaşı Xəlil Vəliyevin  dediklərindən:
“Hikmət Nəzərli Azərbaycanda Silahlı Qüvvələri təşkil edilməyə başladığı vaxtlarda onun sıralarına qoşulanlardan biri olub. O öz rahat, qayğısız, firəvan həyatını səngər mərhumiyyətləri ilə əvəz etmişdi. Həm də elə bir yerə göndərilmişdi ki, o, yaxşı bilirdi ki, oradan geri dönmək elə də asan məsələ deyil. Mən Hikmətlə Xocalıya gələndən sonra tanış oldum. Mən də Xocalı özünümüdafiə taborunda xidmət edirdim.  Komandir Aqil Quliyevin sağ əli olan Hikmət elə ilk gündən dəstəyə qorxmaz, vətənpərər döyüşçülərin cəlb olunmasına yaxından köməklik etdi. Onu yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, elə oğullara bizim çox ehtiyacımız var idi. Heyf, zalım fələk nələr etdi…. Xocalılar hansı zülmlərə qatlaşmadı ki….”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 130