AĞAYEV Fərhad İslam oğlu

MURTUZƏLİYEV Sergey Murtuzəli oğlu
MAKEYEV İqor Vladimiroviç
MİRABOV Rəşad Akif oğlu
(4.8.1975, Sabirabad r-nunun Ələmbəyli  k. – 15.3.1995, Ağstafa r.) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

1992-ci ildə Ələmbəyli kənd orta məktəbini bitirmişdir. 1993-cü il oktyabrın 8-də Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılan Fərhad, Prezident Qvardiyasında xidmətə başlayır. Hərbçi olmaq arzusu elə ilk günlərdən onu hərb elminin sirlərini dərindən öyrənməyə sövq edirdi. Fərhad 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür. Onun ilk döyüşü Füzuli rayonunun Seyidəhmədli kəndində olur. O, döyüşdə əsl hərbçi kimi vuruşur, düşmənə sarsıdıcı zərbələr endirməyə çalışırdı. Füzuli rayonu ərazisində bir neçə döyüş əməliyyatında iştirak etdikdən sonra o, Murovdağ, Ömərdağ, Güzgü deyilən müdafiə əhəmiyyətli, ərazi döyüşlərində də öz şücaətini göstərdi.
1995-ci il… Fevralın əvvəlləri… Fərhad Goranboy rayonuna – döyüş bölgələrinə göndərildi. Çox keçməmiş, yəni 1995-ci ilin mart ayında daxildən bir qrup silahlı dəstə baş qaldırdı. Dövlətçiliyimiz təhlükəyə məruz qalmışdı. Ağır sınaq günləriydi. Qardaş qanı axıdılırdı. Sanki ölkə yeni bir müharibəni yaşayırdı. Fərhadın daxil olduğu batalyon dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün Ağstafa rayonuna göndərildi.
1995-ci il… Mart ayının 13-ü… Fərhad qardaş gülləsindən ağır yara aldı. O, martın 15-də bu yaradan da həlak oldu.
Subay idi.
Sabirabad rayonundakı Şəhidlər xiyabanında dəfn edilmişdir. Oxuduğu orta məktəb onun adını daşıyır. Büstü qoyulmuşdur.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 26