Qətnamə #853 (29 iyul 1993-cü il)

Xarici Kəşfiyyat Xidmətinin Əsasnaməsi və strukturu
Amerikalı həmsədrin Sərsəng su anbarı ilə bağlı təklifi işğalçı Ermənistanın maraqlarına xidmət edir
Ziyafət Əsgərov: Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər

Təhlükəsizlik Şurası,

30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək,

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupunun Sədrinin 27 iyul 1993-cü il tarixində dərc olunmuş məruzəsini nəzərdən keçirərək,

Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək,

Maraqlı tərəflərin 822 (1993) saylı qətnamənin həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər planını qəbul etməsini alqışlayaraq,

Hərbi əməliyyatların genişlənməsini və xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək,

Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasının davam etməsilə əlaqədar narahat olaraq,

Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda fövqəladə humanitar vəziyyətlə əlaqədar yenidən ciddi narahatçılığını ifadə edərək,

Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək,

Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,

1. Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyir;

2. Bundan başqa regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir;

3. Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir;

4. Maraqlı tərəfləri atəşkəsə dair möhkəm razılaşmalar əldə etməyə və onlara riayət etməyə çağırır;

5. Yuxarıdakı 3 və 4-cü maddələr kontekstində regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpa edilməsinə dair özünün əvvəlki çağırışlarını yenidən təsdiq edir;

6. 822 saylı (1993) qətnamənin həyata keçirilməsi səyləri də daxil olmaqla, ATƏM-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə nail olmaq üzrə davam edən səylərini bəyənir və hərbi əməliyyatların genişlənməsinin bu cəhdlər üçün doğurmuş dağıdıcı nəticələri ilə bağlı ciddi narahatçılığını ifadə edir;

7. Yerləşdirilməsi cədvəli ilə ATƏM-in müşahidə missiyasının hazırlanmasını, həmçinin Müşavirənin regionda iştirakının təmin edilməsi təklifinin Müşavirə çərçivəsində nəzərdən keçirilməsini alqışlayır;

8. Maraqlı tərəfləri münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən çəkinməyə və ATƏM-in Minsk qrupu çərçivəsində, həmçinin birbaşa əlaqələr vasitəsilə məsələnin qəti həllinin əldə edilməsi məqsədilə onlar arasında danışıqları davam etdirməyə təkidlə çağırır;

9. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 saylı (1993) qətnamənin və hazırki qətnamənin müddəalarına riayət edilməsi və bu tərəfin ATƏM-in Minsk qrupunun təkliflərini qəbul etməsi məqsədilə Ermənistan Respublikasının hökumətini öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırır;

10. Dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə çağırır;

11. Mülki əhalinin artan əzablarını yüngülləşdirmək məqsədilə, regionda, xüsusilə müna-qişəyə məruz qalmış bütün rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliy-yətin maneəsiz təmin edilməsinə bir də çağırır və bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını bir daha təsdiq edir;

12. Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardım göstərməyi və qaçqın düşmüş şəxslərin öz evlərinə qayıtmalarına kömək gös-tərməyi xahiş edir;

13. Baş Katibdən ATƏM-in fəaliyyətdə olan Sədri, həmçinin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə vəziyyət barədə Şuraya məruzələr təqdim etməsinin davam etdirilməsini xahiş edir;

14. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

3259 saylı iclasda yekdilliklə qəbul edilmişdir.