TƏHMƏZOV Paşa Qurban oğlu

MƏHƏRRƏMOV Asif Yusif oğlu
HÜSEYNOV Şahlar İsa oğlu
EYVAZOV Qorxmaz Abış oğlu

TƏHMƏZOV Paşa Qurban oğlu (23.3.1949, Lənkəran ş. – 23.8.1993, Lənkəran r.) – Azərbaycanın Milli Qəhrəmanı (24.8.1993, ölümündən sonra).

23 mart 1949-cu ildə Lənkəran şəhərində doğulmuşdur. 1964-cü ildə burada 6 saylı orta məktəbin səkkizinci sinfıni bitirmişdir. 1967-ci ildə təhsilini şəhər fəhlə-gənclər məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. Sonralar bu müəssisədə usta işləmişdir.

Ölkəmizin təcavüzkar Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb edilməsindən sui-istifadə edən cinayətkar qruplar hər vəchlə dövləti parçalamaq və öz çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. Onlar respublikanın müxtəlif yerlərində ixtişaşlar törədir, əhalini qorxu və təşviş içərisində saxlayırdılar. 23 avqust 1993-cü ildə Azərbaycanın cənub bölgəsində də vəziyyət olduqca gərgin idi. Əlikram Hümbətovun başçılıq etdiyi cinayətkar dəstə “Talış Muğan Respubliksı” yaratmaq xülyası ilə Lənkəranda və ona yaxın olan rayonlarda özbaşınalıq edir, silah gücünə qanuni hökumət strukturlarını ələ keçirirdi. Xalqın qəhrəman oğulları cinayətkar ünsürlərə qarşı mübarizəyə qalxdılar. Paşa Təhməzov da onların arasında idi. O, Vətəni azad, bütöv və fıravan görmək istəyirdi. Elə bu istəklə də Xalq Hərəkatının önündə gedir, cinayətkar dəstənin məhv edilməsində əlindən gələni əsirgəmirdi. Paşa Təhməzov dövlətçiliyimizi, müstəqilliyimizi və ərazi bütövlüyümüzün qorunmasını hər şeydən uca tutdu. Öz idealına sadiq qalan Paşa bu yolda şəhidlik zirvəsinə ucaldı.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Lənkəran şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, “23 Avqust” meydanında büstü qoyulmuşdur.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 275