“Qarabağ münaqişəsinin həlli güclü cəmiyyətin formalaşdırılmasından keçir”

Həmsədrlərin uğursuzluğu müharibəni qaçılmaz edir
Ölkəni qarışdıran fotonun sirri: Həyatı gətirməyən Həyatın taleyi
AVCİYA “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” müsabiqəsinə yekun vurdu
Ermənistanla Azərbaycan cəbhəsində vəziyyətin gərginləşməsi və ermənilərin cəbhə xəttində aktivləşərək növbəti təxribat cəhdləri bir daha göstərir ki, gərginliyin yaranmasında İrəvandan daha çox Moskva maraqlıdır.
Xüsusən də Dağlıq Qarabağda işğalçılara məxsus Zenit-Raket Kompleksi (ZPK) OSA-nın vurulması və təmas xəttindəki təxribat halları ilə bağlı rəsmi Moskvanın açıqlamaları bunun bariz göstəricisidir. Rusiya XİN Qarabağda ZRK OSA-nın vurulması, eyni zamanda ermənilərin təxribata əl atması faktı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bir vasitəçi kimi atəşkəs rejiminin pozulmasını qınayır və iki ölkə arasında gərginliyin daha da güclənməsinin qarşısını almaq üçün bütün lazımı tədbirləri görəcək: “Görünür, elə bu səbəbdəndir ki, Ermənistan növbəti təxribatlara əl atıb”.
Baxmayaraq ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas vasitəçilərindən biri olduğundan bitərəf mövqe sərgilməsi onun vasitəçilik missiyasına uyğun deyil. Ancaq Moskvanın işğalçı ermənilərin bu təxribatına haqq qazandırması və onlara hərtərəfli dəstək verməsi bir daha göstərir ki, Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artmasında elə ilk növbədə Rusiya maraqlıdır. Elə ZRK OSA qurğusunu Qarabağda yerləşdirməklə Azərbaycanın hava məkanına ciddi təhdid məhz Moskvanın istəyi ilə həyata keçirilib. Əgər Moskva Qarabağda gərginliyin deyil, sabitliyin və münaqişənin sülh yolu ilə danışıqlar masası arxasında həllində maraqlı olarsa, o zaman Kremlin İrəvanı danışıqlar masası arxasında əyləşdirməsi üçün heç bir problem yoxdur. Çünki Ermənistan Rusiyanın bir forpostu olaraq təsir mexanizmləri yetərincədir. Sadəcə Moskva bunda maraqlı deyil. Əksinə, vəziyyətin gərginləşməsində və bu yolla da bölgədə mövqeyini gücləndirmək məqsədi ilə hərbi iştirakını daha da artırmaq üçün yollar arayır. Kreml bu niyyətinə çatmaq üçünsə Ermənistan-Azərbaycan cəbhəsində gərginliyi artırmaqla bir tərəfdən İrəvana, digər tərəfdən isə Bakıya təzyiq edir.
Əslində Moskva Ermənistan-Azərbaycan münaqişəsindən sanki “bir güllə ilə bir neçə dovşan vurmaq” prinsipini həyata keçirir. Birincisi, Rusiya Azərbaycana silah satmaqla  özünü Bakının dostu simasında göstərməyə çalışır. Ancaq Kremlin Azərbaycana silah satmasının arxasında iki əsas hədəf var. Birincisi, iqtisadi maraq, pul qazanmaq, ikincisi isə bu yolla İrəvanı sıxaraq öz mövqeyini orada tamamilə möhkəmləndirməkdir. Yəni İrəvanı o həddə qədər sıxmaq ki, nəticədə ermənilər özləri öz dövlətçiliklərindən imtina edərək Rusiyanın de-fakto yox, de-yure həllinə razılıq versinlər. Məhz Moskva addım-addım bu niyyətinə nail olmaqdadır. Artıq Ermənistanın hava hücumundan müdafiə sistemi tamamilə Moskvanın nəzarətinə keçib. Bundan əlavə, birgə ümumqoşun qüvvələri yaradılıb. Gümrüdəki 102-ci hərbi bazas mütəmadi olaraq genişləndirilir və oradakı silahlar yenilənir. Bundan başqa, son günlərdə Rusiya XİN başçısı Sergey Lavrovun İŞİD-ə və beynəlxalq terrorizmə qarşı mübarizədə Ermənistandakı 102-ci hərbi bazanı genişləndirmək haqqında bəyanat verməsi daha ciddi təhlükələrdən xəbər verir. Burada sual oluna bilər, görəsən, Moskva Cənubi Qafqazda hansı ölkədə İŞİD-ə qarşı mübarizə aparacaq? Ermənistandamı, Gürcüstandamı, yoxsa hansısa digər ölkədə?.. Bax, buna aydınlıq gətirməyib. Təbii ki, Rusiyanın Ermənistanda hərbi iştirakının artırılması birbaşa Azərbaycanın mili maraqlarına və təhlükəsizliyinə ciddi təhdid yaradan məsələdir. Onu da qeyd etmək yerinə düşər ki, bu təkcə Azərbaycan deyil, eyni zamanda Türkiyə üçün də ciddi təhdiddir. Ona görə ki, Rusiyanın Türkiyənin birbaşa şərq sərhədində belə güclü hərbi bazasının olması, digər tərəfdən isə cənub-qərb sərhədində, Suriyada, şimalda Qara dəniz donanmasının varlığı Türkiyə üçün də ciddi təhdiddir. Rusiyanın bölgədəki hərbi iştirakını gücləndirməsi təkcə Azərbaycanın deyil, eyni zamanda Gürcüstanın, Türkiyənin və İranın da maraqlarına cavab vermir. Necə deyərlər, 102-ci hərbi baza bölgənin təhlükəsizliyinə ciddi təhdid mənbəyidir. Və bu təhlükə mənbəyindən nə zamansa istifadə olunması da istisna deyil.
Azərbaycana silah satıb qazanc əldə edən Rusiya guya münaqişə edən iki ölkə arasında balansı təmin etmək üçün erməniləri də silahlandırır. Azərbaycandan fərqli olaraq Moskva İrəvanı bəzən təmənnasız, əksər hallarda isə güzəştli qaydada silahla təmin edərək balans yaradır. Bu yolla Moskva bölgədə silahlanmanı sürətləndirir ki, bu da nəticədə fəsadlara gətirib çıxarmayacağına kimsə zəmanət verə bilməz. Özü də son dövrlərdə tərəflərin daha müasir və dağıdıcı silahlarla təmin edilməsi yaxşı heç nə vəd etmir.
Digər tərəfdən, münaqişə tərəfləri arasında balansı təmin etmək üçün Ermənistanı daha ucuz və ya pulsuz silahla təmin edir. Rusiya Ermənistanı silahlandırmaqla Azərbaycana təzyiq edir. Yeri gəldikcə erməniləri cəbhə xəttində təxribata sövq edir. Son günlər Moskva erməniləri təxribata sövq etməklə bəzi istəyinə nail olmaq istəyir. Birincisi, Bakıda İslamiada oyunlarının keçirildiyi ərəfədə Azərbaycanı pressinq altında saxlamaq və bu yolla beynəlxalq aləmdə Azərbaycanın sabit, təhlükəsiz ölkə imicinə zərər vurmağa nail olmaqdır. Rusiya Azərbaycana gözlənilən turizm axınının qarşısını almağa və bu yolla da iqtisadiyyata ziyan vurmağa çalışır. Bütün bu sadaladıqlarımız onu sübut edir ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həllində birmənalı olaraq maraqlı deyil, əksinə bu münaqişə vasitəsi ilə Cənubi Qafqaz bölgəsini öz nəzarətinə keçirməyə çalışır. Elə son hadisələr də buna yönəlik addımlardandır. Rusiya buna tələsir. Necə deyərlər, əslində Rusiya tərəfləri silahlandırmaqla, onların gücləndirilməsinə deyil, zəif düşməsinə çalışır.
Bir daha təkrar etmək istərdik ki, Rusiya bölgədə sülhün bərqərar olmasına və Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olarsa, bu Moskva üçün ciddi problem deyil. Ona görə də “Qarabağ münaqişəsinin açarı Moskvanın əlindədir” deyimi təsadüfən səsləndirilməyib. Əgər Moskva istərsə Qarabağ münaqişəsi çox qısa zamanda həllini tapar. Sadəcə, Moskva hələ ki, bunu istəmir. Rusiya istəsəydi, elə Kremlin ev sahibliyi ilə keçirilən XİN başçılarının son danışıqları nəticəsiz başa çatmazdı. Ermənistana işğalçı bir dövlət kimi sanksiyalar tətbiq edərdi. Bu gün isə görünən odur ki, Rusiya başda olmaqla ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri Azərbaycanla Ermənistanı müharibəyə sürükləyir və bölgədə vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Bölgədə vəziyyətin gərgin vəziyyətdə qalması sanki ATƏT-in Minsk Qrupunun həmsədrlərinin marağındadır.
Və odur ki, Rusiya başda olmaqla, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyinin Azərbaycanın xeyrinə dəyişməsi üçün ictimai müqavimətin gücləndirilməsinə, ordunun gücləndirilməsinə, cəmiyyətdə etibar və etimadın yaradılmasına, sosial ədalətin, sosial bərabərhüquqluğunun təmin edilməsinə, bütövlükdə güclü cəmiyyətin formalaşdırılmasına ehtiyac var. Azərbaycanda güclü cəmiyyətin formalaşması fonunda geosiyasi vəziyyətin xeyrimizə dəyişdiyi bir məqamda  Qarabağ probleminin güc yolu ilə həllinə nail olmaq olar. Sülhün yolu hərbdən, uğurlu hərbi əməliyyatlar isə güclü cəmiyyətin formalaşmasından keçir.

Mürtəza Bünyadlı

http://www.gununsesi.info/qarabag-munaqis%C9%99sinin-h%C9%99lli-guclu-c%C9%99miyy%C9%99tin-formalasdirilmasindan-kecir/
Müəllif müsabiqənin xüsusi diplomuna layiq görülüb