Ermənistanın Azərbaycana təcavüzü… – Faktlar nə deyir?

Azərbaycanın Şuşa-Xocalı həssasiyəti
“Şuşa boşdur…” – Heç kəsin danışmaq istəmədiyi 3 fakt
“Qarabağ münaqişəsinin həlli güclü cəmiyyətin formalaşdırılmasından keçir”

Ermənistanın Azərbaycana təcavüzü…

Faktlar nə deyir?
Ermənistanın Azərbaycana təcavüzünün tarixi 2 əsr əvvələ dayanır. XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçib. Sonralar isə sovet dövründə əzəli Azərbaycan torpaqları hesabına orada əsrlər boyu yaşamış azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması ilə indiki Ermənistan Respublikasının sələfi olan Ermənistan SSR yaradılıb və Azərbaycan SSR-in tərkibində onun Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun hazırladığı hesbatda bildirilir ki, ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir. Ona görə də ermənilər, “ənənələrinə” sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlayıblar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşıblar. Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını-terrorçularını himayə və müdafiə etdikləri daha tez aşkara çıxdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün M.S.Qorbaçov, ilk addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Bundan az sonra, 1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümüd etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni “Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı “Krunk” (Durna) açıq işə keçdi, “Miatsum” (Birləşmə) hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral günlərində İrəvanda və Stepanakertdə separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi.

Taktiki dəyişklik

Bu fakt ermənilərin 1945-ci ilin noyabrı ilə müqayisədə taktikanı dəyişdirdiklərini göstərirdi. Onlar II Dünya müharibəsindən ötən dövr ərzində apardıqları intensiv təbliğat sayəsində və xarici ölkələrdəki güclü erməni diasporunun köməyi ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər. Ona görə bu dəfə iddialarını bağlı qapılar arxasından meydanlara çıxarmaq yolunu tutdular. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçıları-terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi. Fevralın sonlarında artıq Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda ermənil xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törədildi. Çox keçmədən Sumqayıt hadisələrinin nə üçün törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi. “Martın 10-da İrəvandan cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında İrəvan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi….” Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı.
Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. “1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum – Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti öz vətəndaşları qarşısındakı konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış iri qoşun kontingenti yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə olundu. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. 20 Yanvar qırğınının səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib sovet rəhbərliyinin cinayət əməllərini qətiyyətlə ifşa edən Heydər Əliyev Azərbaycan xalqının bu ədalətli mübarizəsinin – Qurtuluş savaşının önünə keçdi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında “Dağlıq Qarabağ Respublikası” adlanan oyuncaq qurumun yaradıldığını elan etmişdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etmiş, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunmuşdu.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar.

“Tarix boyu Cənubi Qafqazda ermənilər yaşamayıb”

Ermənilər daim tarixi saxtalaşdırıblar. Onların İrəvana gəlmədirlər və havadarları tərəfindən mərhələ mərhələ ora köçürülüblər. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, siyasi elmlər üzrə elmlər doktoru Ramiz Sevdimalıyev 1905.az-a müsahibəsində bildirib ki, tarix boyu Cənubi Qafqazda ermənilər yaşamayıb, onlar bu regiona ruslar tərəfindən XIX əsrdə köçürülüblər: “Çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Cənubi Qafqazı işğal etdi və öz ərazilərinə birləşdirib. Azərbaycan torpaqlarının işğalı Rusiya və Fars dövlətləri arasında imzalanmış 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə rəsmiləşdirilib. Bununla da Azərbaycan torpaqları parçalanıb və Azərbaycan xalqı bölünüb. Ermənilər bu regiona köçürülməyi də bu vaxtdan başlayıb. 1829-1830-cu illər ərzində ruslar Fars dövləti ərazisindən 40 mindən, Osmanlı dövləti ərazisindən isə 84 mindən çox etnik ermənini Cənubi Qafqaza köçürdüb. Ermənilərin köçürülməsi proses sonradan daha da geniş vüsət alıb və təxminən 1910-cu ilədək Cənubi Qafqaza 1 milyondan çox erməni köçürülüb. Onlar Cənubi Qafqazın azərbaycanlılara məxsus olan və strateji əhəmiyyət kəsb edən bölgələrində məskunlaşdırılıblar. Bunlar Göyçə gölünün ətrafı, Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının əraziləri və digər yerlər idi. Beləliklə, ermənilərin “ləng açılan bomba” kimi gələcəkdə Cənubi Qafqazda həyata keçirəcəkləri separatçılıq fəaliyyətlərinin əsası qoyulub”.  O bildirib ki, regiona köçürülmüş ermənilərlə yerli əhali olan azərbaycanlılar arasında XIX əsr boyu, sözsüz ki, toqquşmalar olurdu: “Amma bu toqquşmalar lokal məkanlarda baş veririb və xaotik xarakter daşıyıb. O da qeyd edilməlidir ki, XIX əsrin ikinci yarısında ermənilər Osmanlı ərazisində təşkilatlanmağa başlayıblar və bir sıra partiyalar yaradıblar (Armenakan, Hnçak, Daşnaksütyun). Bu partiyalar isə öz məqsədlərinə çatmaq üçün terror metodlarından istifadə etməyə üstünlük veriblər. Erməni partiyaları XIX əsrin sonları və XX əsrin əvvəllərində Çar Rusiyası ərazisində, əsasən də Cənubi Qafqazda fəaliyyətlərini genişləndiriblər. Məhz bu dövrdən erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı hücumları kütləvi hal almağa başlayıb. Ermənilərin azərbaycanlılara qarşı silahlı hücumları 1905-ci ildən sistemli xarakter alıb. Bu hücumlar artıq vahid mərkəzdən planlaşdırılırdı və idarə edilirdi. Vahid mərkəz rolunu isə erməni kilsəsi oynayırdı. Beləliklə, erməni siyasi partiyaları, əsasən də Daşnaksutyun partiyası, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı basqınlarında aparıcı rol oynamağa başlayıb. Yenə vurğulayım ki, bütün proseslər kilsə tərəfindən idarə edilir, tədbirlər kilsələrdə keçirilir, kilsələr silah anbarı kimi istifadə edilirdi, kilsə xadimləri azərbaycanlılara qarşı hücumlarla bağlı çağırışlar edirdi”.
Onun sözlərinə görə, sadəcə, ermənilərin o zaman dövləti yox idi və mərkəz rolunu kilsə oynayırdı: “Bu şəraitdə ermənilərin azərbaycanlılara qarşı silahlı hücumlarının növbəti mərhələsi 1918-1920-ci illəri əhatə edir. Erməni silahlı birləşmələri Cənubi Qafqazda azərbaycanlıların məskunlaşdığı bütün yaşayış məntəqələrinə basqın edirdilər. Yaşayış məntəqələri yandırılırdı, azərbaycanlı əhali kütləvi şəkildə məhv edilirdi və dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirilirdi”.
R.Sevdimalıyev əlavə edib ki, 1988-1989-cu illərdə indiki Ermənistanın ərazisindən azərbaycanlılar son nəfərinədək deportasiya edildilər: “Ayağı yer tutan Dağlıq Qarabağ erməniləri antikonstitusion çıxışlara başladılar və nəhayət, Ermənistan Azərbaycana qarşı genişmiqyaslı silahlı təcavüzə başladı. Beləliklə, ermənilərin azərbaycanlılara qarşı 1905-ci ildən başladıqları silahlı basqınları sistemli və kütləvi xarakter aldı. Bu hücumların təşkilində isə erməni siyasi partiyaları aparıcı rol oynayırdılar. Lakin həmin vaxtdan bu hücumlar vahid mərkəzdən idarə edilib. Bir daha vurğulayım ki, ermənilərin dövləti olmadığı üçün mərkəz rolunu kilsə oynayıb. 1918-ci ildə ermənilər öz dövlətlərini elan etdilər və həmin andan siyasi və hərbi idarəçilik dövlətə verilsə də, erməni kilsəsi öz rolunu qoruyub saxlayıb. Elə indinin özündə də, təcavüz cinayətlərinin törədilməsində erməni kilsəsi, demək olar ki, “Ermənistan” adlanan dövlətlə eyni səviyyədə rol oynayır. Sovet dövründə də, qeyd etdiyimiz kimi, azərbaycanlılara qarşı deportasiya siyasəti müxtəlif formalarda (əsasən gizli) davam etdirilib. Sonuncu mərhələ 1980-ci illərin sonunda başlayıb”.

Qlobal erməni terroru

Ermənistanın Azərbaycana təcavüzündə erməni terroru faktoru da önəmli yer tutb. 1989-1994-cü illərdə erməni terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilib, nəticədə 1568 nəfər ölüb, 1808 nəfər yaralanıb. Azərbaycan eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilib ki, həmin terror aktlarının 32-si Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilib. Yəni bu terror aktları heç cür Qarabağda gedən hərbi əməliyyatlara daxil edilə bilməz.
Azərbaycanda mülki əhaliyə qarşı terrorçu fəaliyyətin bilavasitə Ermənistanın dövlət orqanları və Qarabağdakı separatçı qurum tərəfindən üçüncü ölkə vətəndaşları, Azərbaycandakı  azsaylı xalqlarının nümayəndələri, hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılmasına cəhdlər göstərilib. 1990-cı illərin ortalarında Azərbaycan və Rusiya xüsusi xidmət orqanları Ermənistanın Milli Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi polkovnik Can Ohanesyanın, onun müavini mayor Aşot Qaloyanın, Rusiya Federal Əks-kəşfiyyat Xidmətinin terrorizmlə mübarizə İdarəsinin baş əməliyyat müvəkkili mayor Boris Simonyanın başçılığı ilə Rusiya ərazisində fəaliyyət göstərən erməni separatçılarından ibarət terrorçu qrup zərərsizləşdirilib. Moskvada yerləşən və Valeri Petrosyanın rəhbərlik etdiyi lTİRR Assosiasiyası tərəfindən maliyyələşdirilən həmin qrup Rusiya və Azərbaycan ərazisində dəmiryolu qatarlarında bir neçə partlayış törədiblər. Bu şəxslərin hamısı Rusiya və Azərbaycan məhkəmələri tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
Digər fakta görə, Dağıstan ərazisində fəaliyyət göstərən terrorçu-separatçı “Sadval” təşkilatı üzvlərinin 1994-cü ilin martın 19-da Bakı Metropoliteni stansiyalarından birində törətdikləri və 14 nəfər dinc sakinin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən partlayışın Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi faktı da prosessual qaydada tam sübuta yetirilib. Çoxsaylı şahid ifadələri və maddi sübutlar bu təşkilatın yaraqlılarının Ermənistanın Nairi və Arzni rayonlarında yerləşən, xüsusi xidmət orqanlarına məxsus hərbi-təxribat hazırlığı bazalarında, habelə Dağıstanın Məhərrəmkənd rayonu ərazisində təşkil edilmiş xüsusi düşərgələrdə təlim keçdiklərini birmənalı şəkildə təsdiqləyib. Məhz Ermənistanın xüsusi xidmət orqanları terror aktlarının icrası üçün cinayətkarları zəruri partlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və maliyyələşdiriblər.
Ermənistan Azərbaycanda terror aktları təşkil etmək üçün azsaylı xalqların nümayəndələrindən sonralar da istifadə edib. Belə ki, 2000-ci ilin əvvəlindən etibarən Azərbaycanın şimal rayonlarında Hacı Maqomedovun başçılıq etdiyi avarlardan ibarət silahlı qrupun Ermənistan xüsusi xidmət orqanları tərəfindən dəstəkləndiyi sübuta yetirilmişdi…
1994-cü ilin iyul ayının 3-də Bakı metrosunun “28 may” və “Gənclik” stansiyaları arasında 13 nəfərin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktı da Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmişdi. Bu fakt Zori Balayanın “Cəhənnəm və cənnət arasında” kitabında öz əksini tapmışdı və təsdiqlənirdi. İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdi ki, bu qanlı terror aktını həyata keçirən şəxsin terrorçu kimi hazırlanmasının “ideoloji təminatında” Zori Balayanın və Dağlıq Qarabağ erməni separatçılarının o vaxtkı lideri, sonradan isə Ermənistan prezidenti olan Robert Koçəryanın birbaşa iştirakı olub.
90-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu qrupların liderlərinin reabilitasiyasına çalışan Ermənistan rəhbərliyi xarici diasporanın radikal təşkilatlarının, xüsusilə “Daşnaksutyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq Cəbhəsi” və digər terror təşkilatları fəallarının Ermənistan ərazisində toplanması məqsədi ilə genişmiqyaslı kampaniyaya başlayıb, onların fəaliyyətlərinə siyasi-hüquqi şərait yaradaraq sığınacaq verib, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz edib. Təkcə onu qeyd etmək kifayətdir ki, Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ vətəndaşı, tanınmış beynəlxalq terrorçu Monte Melkonyan azad olduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qarabağa göndərilərək terrorçu qruplara rəhbərlik edib. 1993-cü ilin yayında Azərbaycan qoşun hissələri tərəfindən məhv edilən M.Melkonyanın İrəvandakı dəfn mərasimində prezident daxil olmaqla Ermənistanın dövlət rəsmiləri iştirak ediblər, sonra bu beynəlxalq terrorçu Ermənistanın milli qəhrəmanı elan olunub, onun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilib.
Moldovanın İctimai Palatasının prezidenti Aurelia Qriqoriu deyib ki, BMT və digər təşkilatların sənədlərində Ermənistan təcavüzkar ölkə kimi qeyd olunsa da, bu ölkə bir çox beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür: “Dünyada baş verən soyqırımları bu cinayəti törədən şəxslərin cəzasız qalmasının nəticəsidir”.

Elnur Eltürk
http://faktor.az/az/social/23299-ermenistanin-azerbaycana-tecavuzu
Müəllif müsabiqədə iştirakına görə xüsusi diploma layiq görülüb