QULİYEV Zabit Adil oğlu

HƏSƏNOV Məhəmməd Ələsgər oğlu
ƏSGƏROVA Salatın Əziz qızı
ALICANOV Rafiq Cəfər oğlu

QULİYEV Zabit Adil oğlu (6.6.1975, Kürdəmir r-unun Ərəbxana k.) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995).

 6 iyun 1975-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Ərəbxana kənd orta məktəbini bitirib. Bir müddət doğma kəndlərində təsərrüfat işləri ilə məşğul olmuş, mexanizator kimi əkin-biçində yaxından iştirak etmişdir. Zəhmətkeş bir ailədə böyüdüyünə görə, onun üçün çətin iş yox idi.

Zabit 1993-cü ilin sentyabrında Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmış və birbaşa döyüş bölgəsinə göndərilmişdir. O, özünü cəsur bir əsgər və bacarıqlı döyüşçü kimi göstərirdi.

Z.Quliyev Füzuli, Ağdam, Ağdərə və Tərtər bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. O, ölüm-dirim məqamlarında belə öz sayıqlığını, mətinliyini və soyuqqanlılığını itirməmiş, sərrast atəşlə düşmənin ağır döyüş texnikasını sıradan çıxararaq, neçə-neçə hücumun qarşısının alınmasında yüksək döyüş məharəti göstərmişdir.Təkcə Seysulan kəndində gedən ağır döyüşlər zamanı o, düşmənin 4 tankını vurmuşdur.

Qəddar və məkrli ermənilər tərəfindən cəlb edildiyimiz müharibənin bütün ağrı-acılarını o da qeyrətli Vətən övladları ilə birgə yaşamışdır. Qismətinə düşən bu sarsıntılı, məşəqqətli günlərdən, ağır sınaqlardan üzüağ, alnıaçıq çıxmış, özünü mahir atıcı kimi tanıtmışdır. Onun həyat yolu gənclərimiz üçün bir örnəkdir, qəhrəmanlıq məktəbidir.

Ailəlidir. Bir övlad atasıdır.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 176