QULİYEV Mirzə Məcid oğlu

HACIYEV Əlif Lətif oğlu
RƏHİMOV Cavanşir İzzət oğlu
NƏSİBOV Kamil Baladə oğlu

QULİYEV Mirzə Məcid oğlu (11.1.1974, Bərdə r-nunun Saatlı k.) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995)

11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saatlı kandində doğulmuşdur. 1980-ci ildə Saatlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbin on birinci sinfıni bitirmişdir. Elə həmin il Mingəçevir şəhərindəki 39 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş və qaynaqçı peşəsinə yiyələnmişdir.

1992-ci il avqustun 25-də Bərdə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. O, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində PDM-də tuşlayıcı-atıcı kimi döyüşə başlamış, Batabat ərazisində gedən döyüşlərdə mərdliklə vuruşmuşdur.

1993-cü il iyulun 28-dən Ağdam bölgəsində döyüşmüşdür. Sonra Füzuli bölgəsinə göndərilmişdir. Mirzə Quliyev Füzuli, Tərtər və Ağdərə rayonları uğrunda gedən qanlı döyüşlərdə əsl fədakarlıq nümunəsi göstərmiş, PDM-lə düşmənin bir neçə tankını və xeyli canlı qüvvəsini məhv etmişdir.

Respublika Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə, döyüşlərdə göstərdiyi şücaətə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Mirzə Quliyev dövlətçiliyimizin qorunmasında öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirmişdir. Göstərdiyi şəxsi şücaətə görə 15 yanvar 1995-ci ildə «İgidliyə görə» medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi rəşadətə görə daha yüksək ada – “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

M.Quliyev 1995-ci ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil olmuşdur. 1996-cı ilin oktyabr ayında çavuş rütbəsi ilə Milli Ordu sıralarından azad edilərək, Daxili İşlər Orqanlarına işə göndərilmişdir. 1997-ci ildə Bakı şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirmişdir. 2003-cü il mart ayının 5-də Daxili İşlər Nazirliyinin əmri ilə ona leytenant rütbəsi verilmiş və Nəsimi rayon 20-ci polis bölməsində əməliyyat müvəkkili təyin edilmişdir. İndi kapitan rütbəsində, həmin bölmədə Cinayət Axtarışı Üzrə Baş Əməliyyat Müvəkkili vəzifəsində öz işini davam etdirir.

Ailəlidir. Bir övladı var.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 170-171