SƏFƏROV Sərdar Mədət oğlu

CƏBRAYILOV Mikayıl Əhmədiyyə oğlu
ARAZOV Ənvər Talış oğlu
MƏMMƏDOV Aqil Səməd oğlu

SƏFƏROV Sərdar Mədət oğlu (12.8.1960, Kəlbəcər r.– 25.9.1991, Xankəndi ş.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda doğulmuşdur. 1977-ci ildə orta məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979-cu ildə hərbi xidmətə getmişdir. Hərbi xidməti Ermənistan və Gürcüstan respublikalarında keçmişdir. O, 1981-ci ildə ordudan təxris olunur. 1982-ci ildə Bakı Avtomobil Zavoduna işə düzəlir. Bir müddət burada çalışır. Daxili işlər orqanlarında işləmək arzusu onu Tula vilayətinə aparır. O, Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində milis nəfəri kimi xidmət edir. Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-nin Kaunas Xüsusi Milis Məktəbinə göndərilir. 1987-ci ildə təhsilini başa vurub, köhnə iş yerinə qayıdır. Nümunəvi milis işçisi olduğunu nəzərə alaraq, onu sahə müvəkkili vəzifəsinə irəli çəkirlər. Gecə-gündüz qəlbi Vətənlə idi. Elə buna görə də Azərbaycana qayıdır. 1991-ci ildən Qusar rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayır.

1991-ci il sentyabrın 25-də erməni terrorçuları Əsgəran rayonunun ərazisində “QAZ-53” markalı sərnişin avtobusuna hücum etmişdilər. Köməyə gələn istintaq qrupunun tərkibində baş leytenant S.Səfərov da var idi. Onun istintaq qrupunda müstəntiq işləməsi barədə təzəcə sərəncam verilmişdi. Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Xankəndi yaxınlığındakı “Ağa körpüsü”ndə erməni yaraqlılarının təcavüzünə məruz qaldılar. Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.

Ailəli idi. Ölümündən 3 ay sonra bir qızı dünyaya gəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə mayor Sərdar Mədət oğlu Səfərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Kəlbəcər rayonunda dəfn edilmişdir.

Adına Kəlbəcər şəhərində küçə var.

Hazırda adına olduğu küçə rayonla birlikdə erməni tapdağı altındadır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 261