ŞİKAROV Şikar Şükür oğlu

HÜSEYNOV Vüqar Tofiq oğlu
NURİYEV Elnur Eyvaz oğlu
ÇİRİNQOV Ramazan Heybullah oğlu
(3.12.1953, Bakı ş. –  13.6.1992, Ağdərə r.) – Azərbaycanın Milli Qəhrəmanı (23.6.1992, ölümündən sonra).

3 dekabr 1953-cü ildə Bakı şəhərində doğulmuşdur. 1961-ci ildə 164 saylı orta məktəbə getmiş, 1971-ci ildə 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunmuşdur. 1975-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır. O, işləyə-işləyə təhsilini artırmağı da unutmamışdır. 1986-cı ildə Moskvada Frunze adına Hərbi Akademiyaya qəbul olunur. 1989-cu ildə Akademiyanı bitirərək, polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi göndərilir. O, eyni zamanda, Almaniyada təkmilləşdirmə kursu da keçir.
1990-cı ildə 20 Yanvar hadisəsindən sonra Azərbaycana qayıdır. O, Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ilin fevral ayında isə Respublika Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilir. Xidməti vəzifəsi ilə əlaqədar olaraq tez-tez sərhəd bölgələrində olurdu. Xocalı soyqırımı Şikarın ön cəbhəyə getmək arzusunu bir az da gücləndirdi. 1992-ci il mart ayının əvvəllərində Goranboy rayonuna gələrək, işğal olunmuş ərazilərin erməni yaraqlılarından azad olunması əməliyyatını hazırlayır və həmin əməliyyata bilavasitə rəhbərlik edir. Bu əməliyyatdan sonra rayonun bir sıra kəndləri düşmən tapdağından azad olunur. Növbəti dəfə Ağdərədə uğurlu əməliyyat həyata keçirdi. Bu əməliyyat nəticəsində düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi məhv edildi, ən başlıcası isə, Tərtər rayonunun top və raket atəşinə tutulmasına son qoyuldu. Hələ qarşıda onu çətin əməliyyatlar gözləyirdi.

1992-ci il iyunun 13-ü… Həmin gün Ağdərədə vəziyyət yenidən pisləşmişdi. Ermənilər böyük qüvvə ilə hücuma keçmişdi. Qızğın döyüş gedirdi. Belə çətin anlarda kiçik bir səhv bütün görülən işləri yerə vura bilərdi. Şikar əməliyyat planı hazırladı. Batalyonu ayağa qaldırıb hücum  əmri verdi.   Düşmən təslim olmaq istəmirdi.  Gərgin vəziyyət yaranmışdı. Bir qədər sonra ermənılər tutduqları mövqedən geri çəkilməyə başladı. Əsgərləri bu qələbə münasibətilə təbrik etmək üçün cəsur komandiri çox axdardılar. Lakin o, Vətən yolunda şəhid olmuşdu. Uğurlu döyüş əməliyyatları nəzərə alınaraq ona polkovnik rütbəsi verilmişdi.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qobustan rayon Sündü kənd orta məktəbi onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 269-270