TAĞIYEV Şahin Talıb oğlu

ƏHMƏDOV Əsəd Cəlal oğlu
MƏDƏTOV Fariz Əlövsət oğlu
MƏMMƏDOV Xanoğlan Sadıq oğlu

TAĞIYEV Şahin Talıb oğlu (3.2.1949, Tərtər r.) – Azərbaycanın Milli Qəhrəmanı (23.6.1992).

3 fevral 1949-cu ildə Tərtər rayonunda doğulmuşdur. 1956-cı ildə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı orta məktəbin birinci sinfinə getmiş və beşinci sinfə kimi burada oxumuşdur. Sonra o, təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Səkkizinci sinfi bitirdikdən sonra Bakı Energetika Texnikumuna qəbul olmuşdur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir. Gənc mütəxəssis kimi o, Udmurt vilayətinin İjevsk şəhərindəki neft mədənlərinin birində əmək fəaliyyətinə başlayır. Elə oradan da ordu sıralarına çağırılır. O, Hərbi xidmətini Novosibirskdə keçmiş və burada zabitlik kursunu bitirmişdir. Raket-artilleriya qoşun hissələrində xidməti ona böyük təcrübə qazandırmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra Bakı Mayesiz Transformatorlar Zavodunda işləmişdir. Ş.Tağıyev sonra tikintidə mühəndis işləyir və daha sonra isə “Elgün” assosiasiyasında çalışmağa başlayır.

Respublikamızın ərazilərinə erməni müdaxiləsi başlayanda Şahin silah götürüb Vətənin müdafiəsinə qalxır. O, yenicə yaradılmış “Qurtuluş” batalyonunun tərkibində Tərtər, Seysulan, Yarımca, Levonarx döyüş bölgələrində mərdliklə vuruşmuşdu. 1992-ci ilin mart ayında yüksək etimad göstərərək onu “Qurtuluş” batalyonuna komandir təyin edirlər. Batalyon 350 əsgər və zabiti birləşdirirdi. Vətənin şərəfini, millətin namusunu hər şeydən uca tutan polkovnik-leytenant Şahin Tağıyevin ən böyük amalı qüdrətli ordunun yaradılması və düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsidir.

Hazırda Qarabağ Azadlıq Təşkilatının sədr müavini kimi fəaliyyət göstərir.

Ailəlidir. İki övlad atasıdır.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 272