Sual-cavab

Problemli sistemə siyasi dəstək
Rəsulzadə haqqında ingilis dilində kitab çıxıb
Bakıda “Avropa İttifaqına inteqrasiyada Avronest Parlament Assambleyası və vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkiləri əhatə edəcək çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.
– Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi necə həyata keçirilir?
– Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə müvafiq olaraq seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə Apellyasiya Məhkəməsinə şikayət edə bilərlər.
Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edə bilər. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.
Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq seçki komissiyalarının qərarlarını (səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərarlar da daxil olmaqla) ləğv edə bilər.
Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur.
Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, Seçki Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla).
Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi barədə və namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi barədə işlərə və ya qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir.
Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək və ya şikayətin mahiyyəti üzrə qərar qəbul etmək və ya bu məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.
Seçki komissiyasına seçkilərin gedişi zamanı hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində baxmalıdırdar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
– Səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında seçki komissiyalarının qərarlarının ləğv edilməsi mümkündürmü?
– Seçki Məcəlləsinin 114-cü maddəsinə görə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun Seçki Məcəlləsində göstərilən və seçkilərin nəticələrini düzgün müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları seçkilərin ilkin nəticələrinin rəsmi dərc edilməsindən sonra aşkara çıxarıldıqda Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının rəsmi dərc edilməsinədək namizədin seçilməsinin və ya referendumun yekunlarının etibarsız sayılması haqqında Apellyasiya Məhkəməsinə müraciət edə bilər.
Məhkəmə pozuntuların olduğunu müəyyənləşdirərkən həmin pozuntuların seçicilərin iradəsini düzgün müəyyənləşdirməyə imkan vermədiyini hesab edərsə, seçkilərin (referendumun) yekunları haqqında müvafiq seçki komissiyasının qərarını ləğv edə bilər. Bu halda seçilmiş namizədin səlahiyyətləri itirilmiş hesab edilir.
Seçki dairəsində seçicilərin siyahısının tərtib edilməsi, seçki komissiyalarının yaradılması, səsvermə, səslərin hesablanması və ya seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsi qaydaları pozulduqda, bu Məcəllə ilə nəzərdə tutulan digər pozuntular olduqda və bu hərəkətlər (hərəkətsizlik) seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə müvafiq məhkəmə birmandatlı və ya vahid seçki dairəsi üzrə səsvermənin nəticələri və ya seçkilərin (referendumun) yekunları haqqında seçki komissiyasının qərarını ləğv edə bilər.
Müvafiq məhkəmə və ya Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında qərarlarını bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda ləğv edə bilər.
Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə, onlar seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz.