ƏLİYEV Ələkbər Həsən oğlu

HÜSEYNOV Şahlar İsa oğlu
MƏMMƏDOV Seymur Qəhrəman oğlu
ŞAHBAZOV Fəxrəddin İbrahim oğlu

(22.12.1955, Qubadlı r-nunun İşıqlı k. – 7.8.1992, Laçın r-nunun Suarası k.) – Azərbaycanın Milli Qəhrəmanı (7.12.1992, ölümündən sonra).

22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində dünyaya göz açmışdır. 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirib, Sumqayıt Politexnik Texnikumuna daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra iki il Sovet Ordusu sıralarında xidmət etmişdir. O, Vətənə döndükdən sonra Qubadlı rayon Kimya Birliyində çalışır. Bir müddət sonra doğulduğu kəndə qayıdır və kənd camaatının istəyi ilə sovxoz direktorunun müavini vəzifəsinə təyin edilir.

Erməni vandalizmi Ə.Əliyevi bir an da olsun rahat buraxmırdı. O, hər an qaçqın düşmüş həmvətənlərinin halına acıyır, onlara mənəvi dayaq olmağa çalışırdı.

Ələkbər özünümüdafiə dəstəsi yaradaraq doğma torpağın müdafıəsinə qalxdı. O, döyüşlərdə əsl qəhrəman kimi vuruşurdu. İşğal altında olan Laçın torpaqlarının azad olunması Ələkbərin ən böyük arzusu idi. İgid döyüşçü Türklər, Səfiyan, Suarası kəndlərində gedən döyüşlərdə onlarla erməni yaraqlısını məhv etdi.

Laçın rayonunun Suarası kəndində ağır ölüm-dirim döyüşləri gedirdi. Ələkbər Əliyev 7 avqust 1992-ci il tarixdə öz dəstəsi ilə həmin kəndə köməyə gedir. Burada mühasirəyə düşürlər. Ələkbər Əliyev öz əsgərlərini xilas etmək üçün əlbəyaxa döyüşə girir. Neçə-neçə erməni quldurunu məhv edən cəsur döyüşçü qəhrəmanlıqla həlak olur.

Evli idi. Dörd övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı  ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 79

ƏLİYEV Ələkbər Həsən oğlu 1955-ci ildə İşıqlı kəndində anadan olmuşdu. 1972-ci ildə Muradxanlı Orta Məktəbini bitirmişdi. Sumqayıt Politexnik Texnikumunu qurtardıqdan sonra iki il sovet ordusu sıralarında xidmət etmişdi. Yaşadığı dövrdə öz xeyirxahlığı ilə el arasında böyük nüfuz qazanan atası Həsən kişinin bütün xasiyyətlərini özündə əks etdirən Ələkbər Vətənə qayıtdıqdan sonra yaşıdları arasında vətənpərvərliyi ilə tanınıb, seçilməyə başladı. Kişiliyi, bütövlüyü, təmizliyi, saflığı ilə ictimaiyyətin diqqətini cəlb edən Ələkbər irəli çəkilərək rayon Kənd Kimya Birliyinin sədri təyin edilmişdi. Kəndə bağlılıq onu doğma yurda qaytardı. Sovxoz direktorunun müavini işlədi. El-obanın sevimlisi oldu.
Qarabağ hadisələri, erməni quduzluğu, daşnak azğınlığı onun səbrini tükəndirdi. Nə anası Mələk nənənin, nə beş bacının, nə həyat yoldaşı Reyhan xanımın sözləri, nə dörd balası — Xəyal, Xəyalə, Esmira və Ruhinin məhzun baxışları onu yolundan döndərə bilmədi. Qohum-əqrəbadan çox adam dedi ki, dörd övladı olanları döyüşdən azad ediblər. Balalarına yazığın gəlsin, Ələkbər. Dedi ki, “balalarım var” deyən kişidən heç vaxt vətənpərvər çıxmaz. Bizim kimi oğullar məhz ana-bacılarımızı, övladlarımızı qorumaq naminə döyüşməli, lazım gəlsə çanımızı belə əsirgəməməliyik.
Milli ordumuz yaradılmadığından Ələkbər Əliyar Əliyevin çağırışına səs verdi. Özünümüdafiə dəstələri yaradaraq doğma torpaqlarımızın müdafiəsinə qalxdı. Sərhəd kəndlərimizdə gedən şiddətli döyüşlərdə fədakarlıqla vuruşmuş, əsl qəhrəmanlıq nümunələri göstərmişdi. İşğal olunmuş Laçın torpaqlarının azad edilməsi Ələkbərin ən böyük arzularından idi. O, Laçının Türklər, Səfiyan, Suarası və başqa kəndləri, bir çox yüksəkliklər uğrunda gedən döyüşlərdə onlarla erməni quldurunu gəbərtmişdi.
Son doyüşü 1992-ci il avqustun 7-də Laçının Suarası kəndində olmuşdu. Həmin gün Ələkbər öz dəstəsi ilə Suarasında mühasirəyə düşən əsgərlərimizi xilas etmək məqsədilə düşmənlə əlbəyaxa döyüşə atılmışdı. 20-yə qədər erməni quldurunu məhv edən cəsur döyüşçü qəhrəmanlıqla həlak olmuşdur. Ana oğul niskili ilə, üç qardaş və beş bacı qardaş ayrılığı ilə, dörd övlad ata və onları öz himayəsinə götürən cavan ana ömür yoldaşı həsrəti ilə yaşayırlar.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Əd.: Tarıyel Cahangir “Vətən oğul istəyəndə”, “Günəş” nəşriyyatı, Bakı, 1998, s. 39