HACIYEV Əlif Lətif oğlu

HÜMBƏTOV Fərhad Qənbər oğlu
ƏHMƏDOV Natiq İlyas oğlu
HƏSƏNOV Məhəmməd Ələsgər oğlu

(24.6.1953, Xocalı ş. – 26.2.1992, Xocalı ş.) – Azərbaycanın Milli Qəhrəmanı (6.6.1992, ölümündən sonra).

1970 ildə orta məktəbi, 1971 ildə isə Xankəndi ş-də avtomobil məktəbini bitirib. Minsk ş-də hərbi xidmətdə olub (1971-1973). Belorusiya SSR DİN-in və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. SSRİ DİN-in Frunze adına Xüsusi Milli Məktəbində oxuyub (1976-1979), təhsilini SSRİ DİN-in Akademiyasında davam etdirib. DQMV Daxili İşlər Şöbəsində çalışarkən millətçi ermənilər tərəfindən ona qarşı müxtəlif təxribatlar edilib. Saxta ittihamlarla günahlandırılaraq 10 il həbs cəzasına məhkum olunub. Sonradan bəraət alaraq azadlığa buraxılıb. 1990-cı ildə Xocalıya qayıdıb, Dağlıq Qarabağda yaradılan Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini davam etdirib. 1990 ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunub və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin edilib. Eyni zamanda Xocalı Aeroportunun komendantı olub. 1991 ilin dekabr ayında mayor rütbəsi verilib. Ə.Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxarılıb.25 fevral 1992 ildə ermənilər “Xocalı əməliyyatı”na başladı. Xocalı camaatı kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, Bakıdan kömək gözləyirdi. Əlif Hacıyev və dəstəsi səhər saat 5-ə qədər azğınlaşmış rus hərbçiləri və erməni yaraqlıları ilə vuruşub. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedib. Ə.Hacıyev bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli k-ə tərəf təhlükəsiz yerə çıxarıb. Bir daha geriyə dönərək, yenidən döyüşə atılıb. Avtomatın darağını dəyişərkən düşmən gülləsindən şəhid olub. Ailəli idi. İki qız övladı var. Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 106-107

Dostu və silahdaşı Asif Usubovun dediklərindən:
“Əlifin hələ gənc vaxtlarından ermənilərə nifrəti var idi. Xankəndində işləyəndə onların dəfələrlə çirkin niyyətlərindən xəbərdar olmuşdu. Elə bunun üstündə də dəfələrlə onlarla mübahisə etmişdi. Ermənilər Əlifi müxtəlif yollarla çalışırdılar ki, ilişdirib, tutdursunlar. Nəhayət buna nail olmuşdular. Ancaq Allahın köməkliyi ilə bir neçə ildən sonra günahsızlığı sübut olunaraq bəraət aldı. Xocalı aereportunda işləyəndə  ermənilərin dizi qırıldı. Bu aeroport vasitəsi ilə ermənilərə çoxlu silah-sursat daşınırdı. Əlif gələndən sonra bunların qarşısı alındı. Faciənin olacağını hamı kimi o da yaxşı dərk edirdi. Buna görə də hər gün görüşürdük, məsləhətləşirdik. Necə edək ki, bu faciənin qarşısını alaq. Lakin nə edə bilərdik. Silah-sursatımız yox, canlı qüvvəmiz də çox az. Onu dəyanəti, qəhrəmanlığına görə öz aramızda “Qarabağ cəngavəri”  çağırırdıq. Doğurdan da bu ad ona çox yaraşırdı. Erməni dilində, rus dilində də çox mükəmməl danışırdı. Bir gün o, tək başına erməni postuna gedərək  iki erməni dığasını tutub gətirmişdi. Ermənilərdən biri  zabit idi. Sonradan o erməni zabitindən mühüm məlumatlar əldə edib, ermənilərin xeyli silah-sursatını ələ keçirdik.”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 122