Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə əlaqədar 2018-ci il üçün İş planı təsdiq edilib

Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib
Müdafiə Nazirliyi mənzillə təmin olunmaq istəyən ehtiyatda olan hərbi qulluqçulara müraciət edib

Ölkə Prezidentinin 2016-cı il aprelin 27-də verdiyi Sərəncama uyğun olaraq “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il üçün İş planı təsdiq edilib.

Açıq Hökumətin təşviqində elektron texnologiyaların imkanlarından geniş istifadə şəraitində fəaliyyət sahələri üzrə xidmətlərin müasirləşdirilərək şəffaf müstəvidə təşkili xüsusi əhəmiyyət daşıyır. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə ardıcıl işlər apararaq, fəaliyyət sektorları üzrə böyük sosial tələbə malik 30-a yaxın elektron xidmət hazırlayaraq əhalinin istifadəsinə verib, müvafiq sahələr üzrə dövlət xidmətlərinin şəffaflaşdırılmasını təmin edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlərin cari ildə davam etdirilməsi yeni təsdiq edilən İş planında da əks olunub. Sənəddə Nazirlər Kabinetinin 2011-ci il noyabrın 24-də təsdiq etdiyi Qərara əsasən “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi ilə yanaşı, nazirliyin fəaliyyət sahələri üzrə yeni elektron xidmətlərin hazırlanaraq “Elektron hökumət” portalına inteqrasiya edilməsi nəzərdə tutulur. İş planında həmin portalın imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatların keçirilməsi, Açıq Hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin prioritet istiqamət kimi müəyyən edilməsi, nazirlikdə İctimai şuranın fəaliyyətinin təşkili və gücləndirilməsi kimi tədbirlər də öz əksini tapıb.

İş planına, həmçinin vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi, həyata keçirilən islahatlar, onların məqsədi və mahiyyəti barədə ictimai məlumatlandırmanın təmin edilməsi, Açıq Hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində sosial çarxların, bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və paylanması da daxildir. Planda “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın həyata keçirilməsi, Açıq Hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə əlaqədar ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi, nəticələrinin elan edilməsi və s. kimi tədbirlər də qeyd olunub.