Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyi qeyd edilib

Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib
İşaxtaran şəxslərin əmək bazarına çıxışının daha çevik olması üçün “Məşğulluq xəritəsi” hazırlanır
Azərbaycan beynəlxalq kitab sərgisində təmsil olunur

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş mərasim keçirilib.

“Report”un məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, yerli və xarici alimlər, eləcə də Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvəsi və nəticələri iştirak ediblər. 

Mərasimdə Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Həmçinin Filarmoniyanın foyesində fotosərgi və Əhməd bəy Ağaoğlu mövzusunda kitabların sərgisi təşkil edilib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək Əhməd bəy Ağaoğlu ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Əhməd bəy Ağaoğlu daim milli mübarizə hərəkatının önündə olub:

“Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tuturdu. O, əsərlərində insan azadlığını, qanunun aliliyini vacib sayırdı. Əhməd bəyə qarşı aparılan kampaniyalar onun əzmini qıra bilmədi. O, bütün ömrü boyu xalqımız üçün yazdı, yaratdı”. 

Azərbaycanın Macarıstandakı səfiri, Əhməd bəy Ağaoğlu irsinin tədqiqatçısı Vilayət Quliyev böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından söz açıb. 

Qeyd edilib ki, Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Əhməd bəy Ağaoğlunun adını daşıyan nəticəsi Bakıda olmasından, bu tədbirdə iştirak etməsindən qürur duyduğunu bildirib. O qeyd edib ki, onda Əhməd bəy Ağaoğluna dair arxiv var: “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi bizdə yeni fikir yaratdı. Bakıda Əhməd bəyin muzeyini yaratmağı düşünürük. Muzey yarandıqdan sonra arxivi Bakıya gətirib muzeyə bağışlayacağam”.

Tədbir bədii hissə ilə davam edib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak edib və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərib. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir. 

Report.az