ABDULLAYEV Rövşən Əbdülhüseyn oğlu

EDİLOV Yelmar Şahmar oğlu
ALLAHVERDİYEV Elbrus Hacı oğlu
RZAYEV Rövşən Abdulla oğlu
(16.1.1969, Lerik  r. – 13.9.1992, Zəngilan r-nunun Qazançı k.) – Azərbaycanın Milli Qəhrəmanı (15.1.1995, ölümündən sonra).

Lerik rayonunda birinci sinfə getmiş, orta təhsilini isə Astara rayonunun 1 saylı orta məktəbində başa vurmuşdur. Sonralar ailəsi Lənkərana köçmüşdür.
Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi Məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər DİŞ-nə verirlər. Lakin o, təkid və tələbdən sonra təyinatını Azərbaycana dəyişdirir.
O, Azərbaycana qayıdan kimi Respublika DİN-nin nəzdindəki daxili qoşunların tərkibində fəaliyyətə başlayır. Dörd il ərzində ali məktəbdə aldığı bilik burada onun karına gəlmişdi. Gənc zabit bir müddətdən sonra Zəngilana göndərilir. Komandiri olduğu taqımın tərkibi 70 nəfərdən ibarət idi. Onlar Zəngilan rayonunun kəndlərini qoruyurdular.
Rövşənin başçılıq etdiyi dəstə öz qəhrəmanlığı, şücaəti ilə ad çıxarmışdı. Məhz bu gənc zabitin köməyilə düşmənin Qafan rayonunda yerləşən bir neçə mühüm strateji əhəmiyyətli obyekti məhv edildi.
13 sentyabr 1992-ci il… Rövşənin son döyüşü… Düşmən qəflətən Zəngilanın Qazançı kəndinə hücuma keçmişdi. O, bir dəstə döyüşçü yoldaşı ilə “QAZ-66” markalı maşına əyləşib, Qazançıya yollandı. Onlar kəndin beş kilometrliyində düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar. Erməni quldurları onları güclü atəşə tutdular. Rövşən yoldaşlarına əmr etdi ki, yaxınlıqdakı meşəyə çəkilsinlər. O özü isə döyüş dostlarını müdafiə edirdi. Düşmənlə ölüm-dirim savaşı gedirdi. Rövşən qolundan, sonra isə budundan ağır yaralansa da, silahı yerə qoymurdu. Yoldaşları onu Zəngilan rayon xəstəxanasına çatdırsalar da, gec idi. Çoxlu qan itirdiyindən o, gözlərini əbədi yumdu.
Subay idi.
Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi qoyulmuşdur. Adına Lerikdə mədəniyyət evi və küçə var.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 17-18