(20.11.1960, Bakı ş. – 20.6.1992, Xocalı r.) – Azərbaycanın Milli Qəhrəmanı (20.11.1993, ölümündən sonra).
20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Gültəkin fızika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiadalarda daim iştirak etmiş və həmişə qalib olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş və təhsilini 1989-cu ildə başa vurmuşdur. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləmişdir. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışmışdır. Daha sonra Uroloji xəstəxana… O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyir, həkimlərin dərin hörmətini qazanır. Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünür. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir. Uzun döyüş yolu keçmiş Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, Bakı şəhər Nərimanov rayonunda büstü qoyulmuşdur. Xəzərdə üzən gəmilərdən biri Qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə də büstü qoyulmuşdur.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 99