1905 və 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktları

Ermənistanın Azərbaycana təcavüzü… – Faktlar nə deyir?
AVCİYA “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” müsabiqəsinə yekun vurdu
Ermənilərin azərbaycanlılara qarşı hücumları kilsədən idarə olunurdu – alim

Bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. 30 ilə yaxındır ki, dünya birliyi Ermənistanın torpaqlarımızı hissə-hissə ekspansiyasının düzgün təhlilini vermir və ermənilərin Cənubi Qafqazda özbaşınlıqlarını tarixi cəhətdən əsaslandırmaqdan yayınır.

Bunun səbəbi ondadır ki, erməni məsələsi vaxtılə Osmanlı imperiyasına qarşı Qərb ölkələrinin birgə olaraq ortaya atdığı Şərq məsələsinin tərkib hissəsi idi və həmin tendensiya bu gün də davam edir. Ermənilərin bir sıra havadar dövlətləri hər mənada Cənubi Qafqazda Ermənistanın etdiyi bütün şıltaqlıqları gözardına vurmaqla, əslində, regionda böyük perspektivləri olan və əksər məsələlərdə eyni siyasəti yürüdən Türkiyə və Azərbaycanı neytrallaşdırmaq məqsədi güdürlər. Bu baxımdan ermənilərin dünyanın gözü qarşısında baş verən işğalçılıq və soyqırımı siyasəti öz ədalətli hüquqi həllini tapmır. Ermənilərin Azərbaycana təcavüzü barədə danışarkən mütləq olaraq son 25 ildə baş verən hadisələr deyil, son 100 ildə bu bölgənin başının üstünü alan bəla incələnməli və bugünkü Dağlıq Qarabağ məsələsinə ədalətli və qəti hüquqi qiymət verilməlidir. Bu baxımdan ermənilərin 1905-ci ildən başlayan, 1918-ci ildə özünün ən vəhşi və dəhşətli zirvəsinə çatan talançılıq, soyqırımı siyasəti, 1920-ci ildən sonra davam edən torpaqlarımızın ardıcıl ekspansiya, xalqımızın deportasiya siyasəti və ən nəhayət, 1988-ci ildən başlayan etnik təmizləmə, işğalçılıq və terror siyasəti kompleks şəkildə götürülməli, bu gün dondurulmuş münaqişə elan edilən, əslində isə hər gün atəş və qanın dayanmadığı Qarabağ probleminə sistemli baxış bucağından nəzər yetirilməli və prinsipial addımlar atılmalıdır.

1905-ci ilin ağır toqquşmaları faktların dili ilə

Tanınmış rus tədqiqatçıları N.N. Şavrov və V.Veliçko ermənilərin ruslar tərəfindən XIX–XX əsrin əvvəllərində Qafqaza, o cümlədən Qarabağa gətirilib yerləşdirildiyi barədə çox yazıblar.

Çar Rusiyasının bu bölgəyə erməniləri yerləşdirməsi sonradan erməni terrorunun başlanmasına səbəb oldu. Məşhur rus səfiri, yazıçı Qriboyedovun 1829-cu ildə onminlərlə erməni ailəsini Azərbaycan torpaqlarına köçürməsi sonradan böyük fəsadlara səbəb oldu. Yerli əhalinin say tərkibində ciddi dəyişikliklər oldu. Azərbaycan türkləri İrəvan və Qarabağ ərazilərində ermənilərlə demək olar ki, bərabər duruma düşdülər. Bundan ilhamlanan, ideoloqları əsasən Qərb ölkələrində yetişən və təşkilatlanan ermənilər öz çirkin niyyətlərinini həyata keçirmək üçün terrora əl atdılar. Bu qarşıdurmalar ilk dəfə 1905-1906-cı illərdə açıq şəkildə büruzə verməyə başladı. Çar Rusiyası Türkiyədən, İrandan və digər ölkələrdən Qafqaza köçürdüyü erməniləri silahlandırıb azərbaycanlı əhaliyə qarşı müharibəyə qaldırdı.

1905–1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər.

Tanınmış ədibimiz M. S. Ordubadi “Qanlı illər” əsərində Şuşada baş verən hadisələrlə bağlı yazır ki, 1905-ci il avqust ayının 8-də gecə saat iki radələrində ermənilər küçədə şəhər fanarlarını yandıran Kərbəlayı Məmmədhüseyin adlı müsəlmanı xəncərlə doğrayıb vəhşicəsinə öldürməklə ermənilərlə müsəlmanlar arasında yeni münaqişə toxumları səpdilər.

Tədqiqatçı Mir Möhsün Nəvvab “1905–1906-cı illərdə erməni-müsəlman davası” əsərində qeyd edir ki, ermənilər təpədən-dırnağa qədər silahlandırılırdı. Erməni daşnaklar müsəlmanlarda olan silahı ələ keçirmək üçün belə bir hiylə işlətmişlər. Tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata satılırdısa, 30 manata alırdılar. Nəticədə müsəlmanlarda olan silahların ermənilər tərəfindən belə baha qiymətə alınması, müsəlmanların evlərində nə qədər silah- sursat var idisə, tamamən ermənilərəin əlinə keçməsinə səbəb oldu.

16 avqust 1905-ci ildə ermənilər Şuşada yenidən hücuma başlayırlar. M.M.Nəvvab yazır: “Erməni qımdatları dəstə-dəstə olub bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Yuxarı Xəlifəli qapısına, başqa bir dəstə isə meydana tərəf getdilər. Qalan ermənilər isə səngərlərə doldular… Köçərli məhəlləsinə gedən dəstənin içərisində bu məhəllədən olan Çopur bəyin oğlu və Kolya adlı iki erməni 90 yaşlı Abbas bəyi, onun yeganə oğlunu, qardaşı oğlunu dilə tutaraq “siz bizim qonşumuzsunuz, sizinlə işimiz yoxdur” – deyib eşiyə çağıraraq güllələmiş, evlərinə və meyitlərə neft töküb yandırmışlar.

Tanınmış türkiyəli tarixçi İsmail Özçelik “Karabağ tarihi ve Karabağda ermeni olayları” əsərində ermənilər tərəfindən Şuşada 16–20 avqust tarixində qanlı toqquşmaların davam etdiyini, rus kazaklarının və rus piyada birliyinin erməni daşnakları ilə birlikdə azərbaycanlı evlərinə basqın etdiklərini, ancaq azərbaycanlıların müdafiəsi qarşısında geri çəkilməyə məcbur olduqlarını yazır. Ümumiyyətlə, ermənilərin qanlı qırğınları təkcə Yuxarı Qarabağda deyil, 6–9 fevralda Bakıda, 10 mayda Naxçıvanda, 23 mayda İrəvan quberniyasında, 25 avqustda yenə Bakıda, 26 avqustda Cavanşir qəzasında, 18 noyabrda Gəncədə, 23 noyabrda Tiflisdə, Qazaxda və digər yerlərdə də minlərlə azəri türkünün faciəli surətdə öldürülməsi ilə baş vermişdir. Bu barədə daha bir tanınmış türk tarixçisi Taha Akyol “Azerbaycan Sovyetlər ve ötesi” əsərində erməni keşişlərinin 1906-cı ildə Şuşada olan erməni kilsələrini azərbaycanlılara qarşı əsl cəbbəxanalara çevirərək, kilsələrin zirzəmilərində küllü miqdarda silah-sursat gizlətmələri barədə məlumatlar verir. Allah evindən öz çirkin niyyətləri üçün istifadə etdiklərinə görə o zamankı şəhər üsul-idarəsi tərəfindən Ter-Arsen Vartapetov, Ter-Karapet Vartapetov, Ter Ovanesyan, Mirzəbekov, Asatur Vartapetov kimi keşişlər cəzalandırılaraq Şuşadan qovulmuşdular. Bu da müsəlmanları arxayın salmaq üçün bir oyun idi. Çünki Çar Rusiyasının himayəsində olan imkanlı ermənilər 1905–1906-cı illərdə Türkiyə və İrandan muzdlu erməni döyüşçüləri gətirib Azərbaycan türklərinə qarşı vuruşdururdular.

1905-1906-cı illərdə törədilmiş qırğınlara aid erməni müəlliflərinin də bir neçə əsəri mövcuddur. Hovannes Ter-Martirosyanın (A-do) 1907-ci ildə İrəvanda çap edilən “Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla” əsərində, S. Zavaryanın 1907-ci ildə Sankt-Peterburqda rus dilində çap edilən “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı”, İ. Alibekovun 1906-cı ildə Tiflisdə rus dilində çap olunan “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” əsərlərində 1905–1906-cı illər qırğınlarının mahiyyəti təhrif edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verir.

Tanınmış tədqiqatçı Nazim Mustafa yazır ki, A-do “Qafqazda erməni-türk toqquşmaları” əsərində 1905-1906-cı illərdə Cənubi Qafqazın 12 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 7 şəhərində ( Bakı, İrəvan, Naxçıvan, Şuşa, Gəncə, Qazax, Tiflis) baş verən qırğınlar barəsində xronoloji ardıcıllıqla məlumat verir. A-donun bu əsərinin üstün cəhəti odur ki, o, baş verən hadisələrin şərhindən öncə hər bir qəza və yaxud şəhər haqqında topoqrafik təsvir və həmin dövrün siyahıyaalmalarının nəticələrinə istinadən statistik məlumatlar verir. Bundan əlavə, A-do yazır ki, bəzi erməni ziyalıları erməni-türk toqquşmalarının səbəbini tarixin ötən əsrlərində axtararaq irqi düşmənçilikdə görsələr də, əslində, belə toqquşmalar keçmiş zamanlarda olmayıb. Başqa bir erməni müəllif S.Zavaryanın “Экономические условия Карабаха и голод 1905-1907 гг.” əsərində verdiyi məlumatına görə, həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.

Əlbəttə, 1905-1906-cı il erməni-azərbaycanlı münaqişəsinin nəticəsi çox ağır oldu. Minlərlə azərbaycanlı qətlə yetirildi, lakin müdafiəsiz və beynəlxalq dəstəyi, arxasında heç bir havadarı olmayan azərbaycanlıları yenmək ermənilərə nəsib olmadı. Amma münaqişənin təməli artıq çox ağır şəkildə atılmışdı. Hətta bu barədə Qafqaz canişini Vorontsov Daşkovla görüşə gedən azərbaycanlı ziyalıların ermənilərə və çar üsul-idarəsinə etdikləri xəbərdarlıqlar da əhəmiyyətli olmamışdı. O zaman millətsevər ziyalılarımız – Əhməd bəy Ağaoğlu, Ələkbər bəy Rəfibəyli, Molla Məhəmməd Pişnamazzadə və digərləri toplaşaraq ermənilərin Armenakan, Qnçak, Daşnaksütyun kimi terrorçu partiyalarına qarşı “Difai” adlı özünümüdafiə təşkilatı yaratmışdılar. Elə təkcə bu “Difai” və onun üzvlərinin sayəsində erməni silahlıları Azərbaycan torpaqlarında çox da əl qol aça bilmədi və ermənilərə bilavasitə dəstək verən rus məmurları fərdi terrora uğrayacaqlarından ehtiyat edərək, bu işlərdə məsafəli davranmağa başladılar. Lakin Azərbaycan ərazilərində süni şəkildə sayları artırılan ermənilərin böyük dövlətlərin ərazilərin də fəaliyyət göstərən ideya və güc mərkəzlərinin təbliğatı nəticəsində ekspansiyanın əsası praktiki cəhətdən qoyulmuş oldu.

1918-ci ilin dəhşətli mart planı

Rusiyada baş verən bolşevik inqilabı və Romanovlar sülaləsinin devrilməsi Rusiyada böyük qarışıqlıq yaratdı. Eser, menşevik və bolşeviklərə bölünən Rusiyada vətəndaş müharibəsi başlandı. Həmin vaxt öz müstəqilliyini elan edən və Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan təcili şəkildə ermənilərlə münasibətləri yoluna qoymaq və problemli məsələləri aradan qaldırmaq üçün xeyli təşəbbüslərlə çıxış etdi. Dünyanın böyük dövlətlərinin tələbi ilə İrəvan şəhəri bir daha ermənilərin iddialarının baş qaldırmaması şərtilə onlara güzəştə gedildi. Lakin çox keçməmiş İrəvanda yerləşən Ararat respublikası, Türkiyə ərazisində minlərlə türkü soyqırıma məruz qoymuş və Osmanlı ordusuna yenilmiş Andronik, Dro, Njde kimi cəlladlarla birgə hərəkət edərək, böyük Ermənistan yaratmaq üçün növbəti dəfə fəallaşdılar. Bu dəhşətli planı həyata keçirmək üçün prosesə “Bakı Soveti”ni elan etmiş və Bakı və ətraf rayonlardan dəstək alan S. Şaumyan və əlaltıları olan Hamazasp və Lalayan da qoşuldu. Özünü səmimi bolşevik kimi qələmə verən Şaumyan və əlaltılarının isə Bakı, Şamaxı, Quba, Salyan, Lənkəran ərazilərində etdikləri vəhşiliklər onu göstərdi ki, siyasi firqələşmə baxımından Şaumyan və Androniki, yəni daşnak və bolşevikləri elə də ciddi, prinsipial fərqlər ayırmır. Onların hamısının ümumi arzusu “dənizdən-dənizə, türksüz Ermənistan” dövlətinin qurulması idi. Ermənilərə amansız fikirlər aşılayan “Daşnaksütyun”un ideoloqlarından biri Şahan Natali yazır: “Əgər ermənilər türklərin öz şeytani fikirlərini həyata keçirməsinin qarşısını almaq istəyirlərsə, onlara müvəffəqiyyətlə müqavimət göstərmək üçün mütləq amansız və rəhmsiz olmalıdırlar”.

Akademik Yaqub Mahmudov daşnaklara haqlı xarakteristika verərək yazır: “Daşnaksütyun” partiyası, faktiki olaraq, hər biri 10 nəfər “döyüşçüdən” – terrorçudan təşkil olunmuş silahlı dəstələrdən ibarət idi. Başqa sözlə, “Daşnaksütyun” siyasi partiya deyil, silahlı terror təşkilatı idi. “Hnçaq” və “Daşnaksütyun” terrorçuları Şərqi Anadolu və Azərbaycan kəndlərini çapıb-talamaqda bir-biri ilə rəqabət aparır, “yarışırdılar”. Rəsmi proqramlarında terroru qarşılarına vəzifə qoyan bu partiya və cəmiyyətlər “türkə ölüm!” çağırışı ilə tarixin ən qanlı cinayətlərinə başladılar.”

Bu baxımdan proqramında silahlı mübarizəyə nisbətən yer ayırsa da, ümumilikdə, irqçilik baxışlarından uzaq bir firqə təsiri bağışlayan sosialistlər daşnaklarla heç cürə yaxın ola bilməzdi. Ümumiyyətlə, sosialistlərlə daşnakların yaxınlaşmasını Yelizavetpol qubernatoru A. Kaçalov Qafqaz canişininə etdiyi məruzələrində belə səciyyələndirirdi: “Millətçilik ruhu ermənilərə məxsus elə başlıca xasiyyətdir ki, ən qısa bir vaxt üçün belə ermənilərin ondan imtina edə biləcəyini təsəvvürə belə gətirmək mümkün deyil. Sosialistlər partiyasına qoşulmaqla “Daşnaksütyun” rəhbərləri, şübhəsiz ki, möhkəm əqidəli sosialistlər qarşısında vicdansızlıq etmişlər. Çünki erməni xalqı heç vaxt sosializm ideyalarını dərindən dərk edə bilməz. Ermənini inandırmaq olmaz ki, tatar (azərbaycanlı) millətindən olan proletar sənə erməni millətindən olan istismarçı burjua nümayəndəsindən daha yaxındır, sadəcə olaraq ağlasığmazdır”.

İlk olaraq Bakıda başlayan qırğınlar təqribən 12 min insanın həyatına son qoydu. Belə ki, Bakı Sovetində keçirilən seçkilərdə “Müsavat” Partiyasının qələbə qazanması daşnak-bolşevik qüvvələrin daha da radikallaşmasına səbəb oldu. İndi Azərbaycanda ən güclü siyasi partiya “Müsavat” hesab olunurdu. Bu partiyanın əsas hədəfləri Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyəti idi. S.Şaumyanın rəhbərlik etdiyi bolşevik qüvvələri, Erməni Milli Şurası və “Daşnaksütyun” partiyasının rəhbərləri “Müsavat”a qarşı müharibəyə başladılar. Əslində, bu, partiyalararası mübarizə yox, xalqlararası qarşıdurmaya və daha doğrusu, yerli azərbaycanlı əhaliyə qarşı əsl genosidə çevrildi. Belə bir vaxtda Azərbaycan milli qüvvələri həm sayca az, həm də olduqca pis silahlanmış vəziyyətdə idi. Şaumyan yaxşı bilirdi ki, çarizm dövründə azərbaycanlı əhali əskərliyə aparılmırdı. Bunun nəticəsində isə bu xalq silahla necə davranmaq lazım olduğunu unutmuşdu. Buna görə də yerli əhaliyə “dərs vermək” üçün ömrü boyu arzuladığı şərait yetişmişdi. Mart ayının 29-da müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin şəxsi heyyətinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu.

1918-ci il martın 17-də H.Z.Tağıyevin həlak olmuş oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət dəstəsi mərhumu dəfn etdikdən sonra “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış bolşeviklər müsəlman dəstəsinə heç bir əsas olmadan silahı yerə qoymağı tələb etdi. Dəstənin rədd cavabı gəldikdən sonra onlara tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.

Mart soyqırımı ilə bağlı tədqiqatlar aparmış professor Anar İskəndərov yazır “Bakı Soveti qüvvələrinə rəhbərlik edən S. Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdir. Bolşevikləri müdafiə etmək bəhanəsi ilə erməni hərbi hissələri türk-müsəlman əhalisinə qəddarcasına divan tuturdular. Qeyd etmək lazımdır ki, Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə ermənilərdən ibarət idi. Sovetdə olan daşnaklar Sako Saakyan, Arakelyan və başqaları bolşevik dəstələrinə müsəlman fəhlələrinin qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Daşnaklar azərbaycanlılara milli ordu yaratmaqda mane olur, Sovetin adından istifadə edərək millətçi-şovinist siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinə qarşı qırğınlar hazırlayırdılar. Şaumyanın başçılıq etdiyi ordunun bolşeviklərdən daha çox ermənilərdən təşkil edilməsini erməni alimi Q. Avetisyan da təsdiqləyir. O qeyd edir ki, “Bakıda 25 alay, 18 min döyüşçüdən ibarət Qızıl ordunun dörd briqadası var idi. Qızıl ordu döyüşçülərinin də 70 faizi erməni idi”.

Bu minvalla Bakı qəzasında baş verən qırğınlar öz dəhşətli mənzərəsini tez bir zamanda ortaya qoydu. Küçələr minlərlə günahsız insanların meyitləri ilə dolu idi. Ermənilər bu qırğınlarda heç kəsə, hətta, körpələrə də rəhm etmirdilər. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti antimüsavat kampaniyası adı altında bütün qəza əhalisinə divan tutmuşdu. Bu barədə Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y. Kluge təmsil edilən komissiyanın sədrinə “Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında” məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əskərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram -doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.

Bu vəhşiliklər, təbii ki, tək Bakıda deyil, Azərbaycanın əksər bölgələrində həyata keçirilir və yerli müsəlman türk əhalisi vəhşicəsinə qətlə yetirilirdi. Təkcə Şamaxı hadisələri bir millətin soyqırımına məruz qalmasını sübut etmək üçün ən bariz nümunədir.

Yelizavetpol (Gəncə) Müsəlman Milli Şurasının sədri Xasməmmədov 1918-ci il martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki: “martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2 min yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətində yola salınmışdır. Dəstə yol boyu 15-dən çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın etmişdir. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdır. Təcili hökumətin köməyi lazımdır.”

Bakı, Şamaxı ilə yanaşı, Quba şəhərinin əhalisinə qarşı da amansız divan tutulmuşdur. Belə ki, Ərzurum ermənisi olan və Türkiyədə saysız-hesabsız türkün qanına əli bulaşmış başkəsən Hamazasp Quba qırğınlarına rəhbərlik edirdi. Onun qəddarlığı arxiv materiallarında öz təsdiqini tapan çıxışından da bizlərə bəlli olur. Qubaya gələn Hamazasp şəhərdəki məscidin yanındakı meydana gələrək orada toplaşmış müsəlmanlara müraciətlə bildirmişdi: “Mən, əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni mənafelərinin müdafiəçisiyəm. Mən Sovet hökuməti tərəfindən cəza dəstəsi ilə buraya göndərilmişəm ki, sizdən iki həftə bundan əvvəl burada öldürülmüş ermənilərin qisasını alım.” Əlbəttə Hamazasp bu çıxışında özünü sığortalamaq üçün işlətdiyi “burada öldürülmüş ermənilərin qisasını alım” fikri barədə onu deyə bilərik ki, həmin hadisə ermənilərin Bakıdan Qubaya hücumu nəticəsində baş vermişdi və qusarlı Möhübəli Əfəndi Kuzunvi, qubalı Əli bəy Zizikski və Qaçaq Mayılın dəstələri tərəfindən hücumun qarşısı alınmış və ermənilər xeyli itki verərək geri çəkilmişdilər. Şaumyan və Korqanovun təşkilatçılığı ilə daşnak Hamazasp dəstələri Quba şəhərində və qəzanın 122 kəndində vəhşiliklər törətmiş, qətliamın birinci günü şəhərdə 713 nəfəri, ikinci günü 1012 nəfər azərbaycanlını qətlə yetirmişdilər. Quba şəhərində 3 minədək dinc sakin qətlə yetirilmiş, 105 ev və digər tikililər tamamilə yandırılmışdır. Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir.

Daşnaklar Azərbaycanın şimal-qərb regionları ilə yanaşı, qərb hissəsini də hədəf götürmüş və etnik təmizləmə siyasətini orada da xüsusi amansızlıqla həyata keçirirdi. Türk ordusunun zərbələrindən qaçan ermənilər, başda generalları – quldur Andronik olmaqla İrəvan quberniyasının ərazisinə soxulmuş və Zəngəzur, Dərələyəz, Naxçıvan və Qarabağ mahallarında müsəlmanlara qarşı qəddar aktlar törətmişdilər. Zəngəzur qəzasında baş verən qırğınlar mart soyqırımlarının ən dəhşətli ssenarilərindən biri idi. Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq talan edildiyi, əhalinin xeyli hissəsinin qətlə yetirildiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları sadalanır. 1918-ci ildə baş verən mart hadisələri nəticəsində təqribən 50 mindən çox azərbaycanlı qətlə yetirilmiş, talançılıq nəticəsində yerli müsəlman əhaliyə dəyəri milyadrlarla ölçülən ziyan dəymişdir.

Beləliklə, hadisələrlə bağlı faktların incələnməsindən görünür ki, heç də Ermənistanın Azərbaycan torpaqlarında yaranması və möhkəmlənməsi birdən-birə başa gəlməyib. Bunun üçün onlar Azərbaycan türklərini, yerli müsəlmanları dəhşətli soyqırımına, talana, terrora məruz qoymuş, yüzminlərlə insan öz ata-baba torpaqlarından qaçqın düşmüş və əhalinin kifayət qədər əhəmiyyətli hissəsi hücumlar nəticəsində öldürülmüşdür.

Bu, açıq-aşkar erməni etnik ekspansiyasının sürətli-taktiki gedişi və praktiki olaraq reallaşdırılması idi. Çünki Azərbaycan ərazilərində erməni dövlətini yaratmaq və “dənizdən-dənizə böyük Ermənistan” qurmaq planları onların terrora haqq qazandıran ideoloqlarının uzun illərdən bəri hazırlaşdıqları plan idi. Bunun üçün etnik təmizləmə vacib idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dövlət xadimlərimizin fəaliyyəti, Osmanlı ordusunun Nuru paşanın başçılığı altında xalqımıza etdikləri qardaş köməyi erməniləri soyqırımı siyasətinin tam həyata keçirməsinin qarşısını aldı.

Anar TURAN,
“Xalq qəzeti”
http://www.xalqqazeti.com/az/news/politics/87804

 

Müəllif müsabiqənin xüsusi diplomuna layiq görülüb