Azərbaycanın Şuşa-Xocalı həssasiyəti

Ermənistanın Azərbaycana təcavüzü… – Faktlar nə deyir?
Erməni terrorizminin ifşa olunması fasiləsiz davam etməlidir
Həmsədrlərin uğursuzluğu müharibəni qaçılmaz edir
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Xocalı-Şuşa aviareysini təşkil etmə niyyəti barədə yaydığı məlumatlar İrəvanın daha ciddi təxribatlarından xəbər verir. “Novosti Armenia” saytı Dağlıq Qarabağda Xankəndindən Şuşaya uçuşlar təşkil edilməsi ilə bağlı məlumat yayıb. Belə bir layihə “Yell Extreme Park2″ tərəfindən həyata keçirilib. Layihə rəhbəri Tiqran Çibuxçyanın sözlərinə görə, turizm hava gəzintiləri keçən həftədən ikiyerlik təyyarələr vasitəsilə həyata keçirilir. Uçuş vaxtı 20-25 dəqiqə təşkil edir, səfərin qiyməti isə 35 min dramdır (təxminən 70 dollar – virtualaz.org).

Həyata keçirilən layihənin ümumi maliyyələşdirilməsi 35 min dollar təşkil edib. Ermənilərin bu təxribatına reaksiya rəsmi Bakı tərəfindən çox gecikməyib. Bakı İrəvanın bu tip təxribatlarının qarşısının alınmasına və işğalçılıq siyasətinə son verməsi ilə bağlı aidiyyatı beynəlxalq  təşkilatlara müraciət edəcək.
Xocalı aeroportunun istifadəsi ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi ilə bağlı XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında Ermənistan tərəfindən uçuşların həyata keçirilməsi planları İrəvanın növbəti təxribatıdır: “Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub. Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir”.
Rəsmi Bakı hesab edir ki, Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri Azərbaycan Respublikasının Aviasiya haqqında Qanunu, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır.
Rəsmi Bakı münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirilməyə və tədbirlər görülməyə çağırmaqla yanaşı, beynəlxalq hüquqi vasitələrdən istifadə edərək, aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcək.
Artıq son aylarda  Ermənistanın cəbhə xəttində esklasiya yaratmaq siyasəti getdikcə artıq və hər dəfə də çeşidli təxribat xarakterli metodlara əl atır. Məqsəd isə aydındır. İrəvan bu təxribatları ilə danışıqlar prosesini pozmaqla mövcud status-kvonu qoruyub saxlamağa, işğalçılıq siyasətini davam etdirməyə və bacardıqca Azərbaycanı daha ciddi təxribatlara sövq etməklə günahkar çıxarmağa çalışmaqdır.
İrəvanın Xocalı aeroportundan istifadə məsələsinin arxasında  da daha ciddi təxribat  niyyəti dayanır və bu bir neçə məqsədə xidmət edir.
Birincisi, bu yolla Azərbaycanın məsələyə reaksiyasını öyrənib, Xocalı aeroportu ilə bağlı növbəti addımlarını atmaq istəyirlər. Bu plana əsasən Azərbaycan tərəfi ciddi reaksiya verməyəcəyi təqdirdə Xocalı aeroportunun fəaliyyətini genişləndirmək və günün birində İrəvandan bura uçuşları təmin etməkdir.
Belə bir məsələyə isə Azərbaycan tərəfi heç zaman razı olmayıb və olmayacaq da…  Çünki Bakı bunun hansı nəticələrə gətirib çıxaracağını yaxşı bilir. Odur ki, Xocalı aeroportu ilə bağlı məsələ gündəmə gəldiyi ilk gündən mövqeyini ortaya qoyub və buna imkan verməyəcəyini bəyan edib. Beynəlxalq Mülki Aviasiya Təşkilatı da Azərbaycanın hava məkanının qanunsuz olaraq pozulması və onun ərazisindən qanunsuz uçuşlar həyata keçirilməsini yolverilməz hal hesab etməklə, İrəvanın bu hərəkətini beynəlxalq hüquq prinsiplərinə zidd olduğunu bəyan edib. Bununla belə İrəvan beynəlxalq aləmin bu xəbərdarlığına məhəl qoymadan bu təxribatını və ilhaq siyasətini daha da möhkəmləndirməyə çalışır. Buna isə imkan vermək olmaz.
Burada ikinci əsas məqam ondan ibarətdir ki, Xocalı və Şuşanın Azərbaycan və azərbaycanlılar üçün həssas məsələdir. Baxmayaraq işğal olunmuş bütün ərazilər bizim üçün eyni dəyərə malikdir. Sadəcə Şuşa və Xocalı azərbaycanlılar üçün mənəvi baxımdan daha önəmli olduğundan həssas məsələ hesab edilir. Bunu da ermənilər yaxşı bilir. İrəvan yaxşı bilir ki, Azərbaycan cəmiyyəti bu hadisəyə biganə qalmayacaq. Və bu yolla təxribata cəlb edəcəyi düşüncəsindədir.
İrəvanın təxribatı bununla bitməyəcək və hər gün yeni təxribata əl atacaq. ATƏT-in Minsk Qrupu həmsdərlərinin iyun ayında bölgəyə səfəri ərfəsində belə hadisələrin daha çox şahidi olacağıq.
Belə olan şəraitdə Azərbaycan İrəvanın təxribatlarına hansı reaksiyanı verməlidir?! Səbr nümayiş etdirib işini bəyanat verməkləmi bitirməli?!
Bu məsələdə ekspertlərin fikirlərində müəyyən fəqrlilik var. Bu da ondan ibarətdir ki, Xocalıdan Şuşaya uçan helikopterlər iki nəfərlik olmaqla yanaşı, mülki helikopterlərdir. Bu helikopterlərin vurulmasının Azərbaycanın ziyanına işləyəcəyi düşüncəsindədirlər. Digər qism isə Bakının daha sərt reaksiya verərək, düşmən tərəfinin istənilən uçan obyektinə öz hava məkanını pozmasına imkan verməməli və lazımı məqamda ən sərt tədbirlərdən istifadə etməlidir. Əgər ermənilərə Xocalı hava limanından iki yerlik mülki helikopterlərin istifadə edilməsinə şərait yaradılarsa, bunun davamı olacaq. Bu da yaxşı sonluqla bitməyəcək.
İrəvanın bu hərəkəti ilhaqın daha da möhləmləndirilməsinə xidmət etdiyindən Azərbaycan ordusu qətiyyətli mövqe nümayiş etdirərək ermənilərin bu təxribatına da sarsıdıcı formada layiqli cavabını verməlidir. Beynəlxalq alımin və ya ATƏT-in mövqeyindən çəkinmədən sərt mövqe nümayiş etdirməlidir. Çünki qanunsuz uçuşlar həyata keçirmək cəhdləri ilə bağlı “Azərbaycan Respublikasının Aviasiya haqqında” Qanunun, beynəlxalq hüququn imperativ norma və prinsiplərin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulması Bakının işğalçının istənilən uçan obyektini  məhv etməyə imkan verir. Və bu hüquqdan yararlanıb Azərbaycan hava məkanını qanunsuz pozan uçan obyekti məhv etməlidir. Xarici İşlər Nazirliylinin verdiyi bəyanatdan sonra Silahlı Qüvvələrimiz ermənilərin bu təxribatlarına imkan verməməlidir. İstər mülki, istərsə də hərbi uçan obyekt qanunsuz uçuşlar həyata keçirdiyindən və Azərbaycanın hava məkanını pozduğundan beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə məhv edilməlidir.
Qaldı ki, beynəlxalq aləmin ikili standartına, onsuz da bu ikili standartdan əziyyət çəkirik. Ona görə də “islanmışın yağışdan nə qorxusu” və ya “ölmək ölməkdirsə, xırıldamaq, nə deməkdir” prinsipinə əsaslanaraq xalqın dəstəyinə nail olmaq və  bu məsələdə ictimaiyyətin  birgə müqavimətini təşkil etmək yetərlidir.

Mürtəza Bünyadlı
http://www.gununsesi.info/az%C9%99rbaycanin-susa-xocali-h%C9%99ssasiy%C9%99ti/
Müəllif müsabiqənin xüsusi diplomuna layiq görülüb