2017-ci ildə Azərbaycanda müstəqil, çoxistiqamətli, balanslaşdırılmış xarici siyasət kursu davam etdirilib

Azərbaycan XİN Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına cavab verib
Rusiyanın Birinci televiziya kanalında Müslüm Maqomayev günü
Avropa Şurasının Nazirlər Komitəsi dekabrda “Çıraqovlar Ermənistana qarşı” işi üzrə növbəti müzakirələr keçirəcək

Prezident İlham Əliyev tərəfindən müəyyən edilən xarici siyasət prioritetləri, tapşırıq və təlimatlar, Azərbaycanın müvafiq qanunları əsasında, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 2017-ci il ərzində ölkəmizin müstəqil, çoxistiqamətli, balanslaşdırılmış və fəal xarici siyasəti davam etdirilib.

AZƏRTAC xəbər verir ki, bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın 2017-ci ildə həyata keçirdiyi xarici siyasətin yekunlarına dair mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Respublikasının xarici siyasəti milli maraqların beynəlxalq səviyyədə həyata keçirilməsi və qorunması, ölkəmizə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin qarşısının alınması, ölkəmizin beynəlxalq nüfuzunun və mövqeyinin daha da gücləndirilməsi, Azərbaycan ətrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təşviq edilməsi, dünya dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, enerji, nəqliyyat və iqtisadi diplomatiya siyasətimizin həyata keçirilməsi, Xəzər dənizi hövzəsində dostluq və əməkdaşlığın təşviqi, beynəlxalq təşkilatlar və təşkilat olmayan beynəlxalq platformalarla çoxtərəfli əsasda fəal diplomatik işin aparılması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin edilməsi, beynəlxalq sülhə və təhlükəsizliyə, terrorizmə qarşı mübarizəyə töhfə verilməsi, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi, humanitar və mədəni diplomatiya kursumuzun davam etdirilməsi, dövlət qurumlarının beynəlxalq əməkdaşlığının əlaqələndirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə hüquqlarının müdafiə edilməsi və konsulluq dəstəyinin göstərilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin və diaspor fəaliyyətinin inkişaf etdirilməsi kimi məqsədlərə xidmət edib.

Qeyd edilib ki, Azərbaycan müstəqil xarici siyasətini beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətlər, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Azərbaycana yaxın regionlarda yeni münaqişə ocaqlarının yaranması, beynəlxalq terrorizm təhlükəsinin artması, dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri, Ermənistan, həmçinin erməni lobbi dairələri və onları dəstəkləyən bəlli qüvvələrin beynəlxalq informasiya məkanında Azərbaycana qarşı apardıqları dezinformasiya, təxribatlar və hibrid müharibə əməlləri şəraitində həyata keçirir.

O deyib: “Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin işğalını davam etdirməsi ölkəmizin təhlükəsizliyi üçün ən başlıca təhdid olaraq qalır.

Ermənistanın siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmaq, danışıqlarda iştiraka şərt qoymaq və nəticə etibarilə, Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu saxlamaq kimi destruktiv siyasətinin nəticəsi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində irəliləyişə nail olmaq mümkün olmayıb.

Ermənistanın siyasi təxribat məqsədilə 2017-ci il 20 fevral tarixində Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qeyri-qanuni rejimdə “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı” qanunsuz referendum keçirməsi beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olundu. Azərbaycan Xarici İşlər Nazirliyinin bu qondarma referendum, Xocalı soyqırımı, aprel hadisələri, Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanatları və digər açıqlamaları Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmamasının bir daha aydın şəkildə ifşa edilməsinə, münaqişənin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyinə münasibətdə beynəlxalq ictimaiyyətin qəti və birmənalı dəstəyinin daha da gücləndirilməsinə xidmət edib”.

Hikmət Hacıyev vurğulayıb ki, iyun və iyul aylarında Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin həlli istiqamətində səylərini artırması, həmsədrlərin regiona səfərləri və beynəlxalq ictimaiyyətin substantiv danışıqlara ciddi çağırışlarının fonunda Ermənistan hərbi təxribatlara əl ataraq qoşunların təmas xətti boyunca vəziyyəti gərginləşdirməyə çalışdı. Nəticədə Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iyulun 4-də Azərbaycanın işğal edilmiş Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər olan 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra qətlə yetirildi, 52 yaşlı Quliyeva Sərvinaz isə ağır yaralandı.

Ermənistanın mülki insanları və obyektləri qəsdən hədəfə alması və onların fiziki məhvini güdən siyasəti beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanıldı. Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil, bu kimi təxribatlar vasitəsilə danışıqları pozmaq və Azərbaycan ərazilərinin işğalını davam etdirmək siyasətini yürüdür. Həmçinin Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atır.

XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət ilə birlikdə həyata keçirdiyi ardıcıl tədbirlər və siyasi-diplomatik təzyiqlər nəticəsində Ermənistanın danışıqları pozmaq, danışıqlara qeyd-şərt qoymaq cəhdlərinin qarşısı alındı və Ermənistan danışıqlar masasına qayıtmağa vadar edildi.

Oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Cenevrədə görüşü keçirildi. Görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında danışıqların müsbət atmosferdə keçdiyi qeyd olunaraq, intensiv və substantiv əsasda danışıqların davam etdirilməsi üçün xarici işlər nazirləri qarşısında tapşırıqlar qoyuldu. Bundan çıxış edərək müvafiq olaraq noyabrın 14-də və 16-da Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşləri keçirildi. Həmçinin dekabrın 6-da ATƏT-in Vyanada keçirilən nazirlər şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu.

Azərbaycan tərəfi danışıqların intensiv, substantiv və konkret əsasda aparılmasını dəstəkləyir. Noyabrda Moskvada, dekabrda isə Vyanada keçirilmiş görüşlərdə hazırda danışıqlar masasında olan bütün təkliflər ətrafında substantiv və məntiqi müzakirələr aparılıb. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə həmsədrlərin mandatını təşkil edən beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin tezliklə həll edilməsi və həmsədr ölkələrin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan edilmiş qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi üçün səylərini davam etdirəcək.

Vurğulanıb ki, BMT-nin baş katibi il ərzində bir neçə dəfə bəyanatla çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara çağırış edib.

“Münaqişənin mərhələli həllinin siyasi-hüquqi əsasları artıq hər kəsə bəllidir. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələri beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn müvafiq prinsipləri əsasında münaqişənin həlli üzrə siyasi prosesin əsasını təşkil edən hüquqi çərçivəni müəyyən edib. Qətnamələr Azərbaycan ərazilərinin işğalını pisləyib, güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir”, – deyə H.Hacıyev bildirib.

Diqqətə çatdırılıb ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli sənədə görə, həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nin müvafiq qətnamələrini, ATƏT-in Budapeşt Sammitinin qərarlarını, Helsinki Yekun Aktını əsas götürməlidirlər.

İl ərzində Ermənistanın Azərbaycan ərazilərini güc tətbiq edərək işğalının, Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır sosial-humanitar nəticələrinin, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin beynəlxalq gündəliyə çıxarılması davam etdirilib.

Prezident İlham Əliyevin iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT-ECO) bu ilin martında İslamabadda keçirilmiş 13-cü Zirvə toplantısında qəbul olunmuş bəyanatında ECO regionunda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə istifadəsinə, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə olunub, bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həlli üçün səylərin artırılmasının vacibliyi qeyd edilib.

2017-ci il 27 mart tarixində keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM üzv ölkələri Baş nazirlərinin görüşündə qəbul olunmuş Birgə bəyanatda GUAM-a üzv dövlətlərin ərazisində həlli uzadılmış münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tezliklə həll edilməsinin vacibliyi vurğulanıb, eləcə də gücdən istifadə etmə yolu ilə bir ölkə tərəfindən digər ölkənin ərazisinin işğal edilməsi qətiyyətlə pislənilib.

Bildirilib ki, GUAM-ın təsis olunmasının 20 illiyinə həsr edilən xarici işlər nazirlərinin Tbilisi toplantısının bəyanatında, həmçinin BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-ABŞ, GUAM-Yaponiya nazirlər şurasının iclasının yekununda qəbul edilmiş açıqlamalarda beynəlxalq hüququn hamılıqla qəbul olunan norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri bir daha təsdiq edilib.

Kot-Divuar Respublikasının Abidcan şəhərində iyulun 10-11-də keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Xocalı qətliamının qurbanları ilə həmrəylik”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adlı qətnamələr qəbul edilib.

BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün təsirləri adlı bənd daxil edilib.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Kontakt qrupunun ikinci iclası keçirilib.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, noyabrın 24-də dövlətimizin başçısının iştirakı ilə Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində Azərbaycan Respublikası daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə dair Aİ-nin öhdəliyi, həmçinin Şərq Tərəfdaşlığı regionundakı münaqişələrin həllində beynəlxalq hüququn prinsiplərinə əsaslanan vahid mövqe əks olunub. Aİ üzv ölkələrinin oxşar mövqeyi Avropa Parlamentinin 2017-ci il 13 dekabr tarixində qəbul etdiyi “Vahid xarici siyasət və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair illik hesabat” adlı qətnaməsində də təsbit olunub. Burada Avropa Parlamentinin bütün Şərq Tərəfdaşlığı dövlətlərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu vurğulanır.

“Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Avropa İttifaqı (Aİ) – Azərbaycan münasibətlərinə dair hesabat” üzrə Avropa Komissiyası tərəfindən verilmiş mətbuat açıqlamasında Azərbaycan Aİ-nin mühüm tərəfdaşı kimi qiymətləndirilir və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin Aİ tərəfindən dəstəkləndiyi bildirilir.

2017-ci il dekabrın 12-də İnsan hüquqları üzrə Avropa Məhkəməsi Çıraqov və başqaları Ermənistana qarşı işi üzrə Ermənistan hökumətini münaqişə zamanı vurulan maddi və mənəvi ziyana görə sözügedən məhkəmə işinin hər bir iddiaçısına müvafiq maddi təzminatın ödəməsinə dair yekdil qərar qəbul edib. Bu qərarla Azərbaycana qarşı təcavüz törətmiş tərəf kimi məsuliyyət daşıyan tərəfin məhz Ermənistan olduğu bir daha təsbit olunub.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının yaradılmasının 25 illiyi ilə əlaqədar qəbul olunmuş bəyanatda QDİƏT regionunda davam edən münaqişələr ilə əlaqədar dərin narahatlıq ifadə olunub. Bu münaqişələrin QDİƏT ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə hörmət əsasında həll edilməli olduğu və QDİƏT ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyi vurğulanır.

Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olaraq Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilən hərbi və insanlıq əleyhinə cinayət, soyqırımı əməllərinin və bu xüsusda Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində ardıcıl tədbirlər davam etdirilib.

Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib. Kolumbiya Respublikası Senatının Xarici Əlaqələr Komissiyası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənəd qəbul edib. Paraqvay Respublikasının Deputatlar Palatası 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımının pislənilməsi və 25-ci ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib. İƏT-in Abidcanda keçirilmiş 44-cü sessiyasında isə “Xocalı qətliamının qurbanları ilə həmrəylik” adlı qətnamə qəbul edilib. ABŞ-ın Arizona ştatının nümayəndələr palatası Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilatçılığı ilə fevralın 22-də Ankarada “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Türk Şurasının baş katibi, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri çıxış ediblər.

XİN-in mətbuat xidmətinin rəhbəri deyib ki, Azərbaycan tərəfindən münaqişənin hüquqi aspektləri ilə bağlı çoxsaylı hesabatlar hazırlanıb, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yayılaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Bu istiqamətdə növbəti addım kimi Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy adlı sənədin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılması həyata keçirilib. Sənəddə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri təsnif olunur, Ermənistanın əməllərinin qeyri-qanuniliyinin hüquqi əsaslandırılması və üçüncü tərəflərin hüquqi məsuliyyətinə dair beynəlxalq hüquqi rəy təmin edilir.

Azərbaycan Respublikası ilə Aİ arasında ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə alt-komitənin 16-cı iclasının gündəliyinə işğal olunmuş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyət ilə bağlı müvafiq bənd daxil edilib və məsələ iclasın protokolunda əks olunub. Bundan başqa, Avropa Komissiyasının Ticarət Direktorluğunun (DG Trade) internet səhifəsində Azərbaycan qanunvericiliyinə istinad edilərək, Aİ şirkətlərinin işğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərdə birbaşa və ya dolayı yolla hər hansı ticarət və işgüzar fəaliyyətinin cinayət məsuliyyəti ilə nəticələnəcəyi barədə xəbərdarlıq dərc edilib.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telekom” şirkətinin fəaliyyətinin dayandırılması və Ermənistanın həmin ərazilərdə qeyri-qanuni fəaliyyətinin qarşısının alınması məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ-İTU) ilə davamlı iş aparılıb və bunun nəticəsi olaraq Azərbaycanın müvafiq mövqeyi və tələbləri İTU-nun əməliyyat bülletenində dərc edilərək bütün üzv dövlətlər arasında yayılıb.

Vurğulanıb ki, əvvəlcədən əldə edilmiş məlumatlar əsasında Ermənistanın əcnəbi vətəndaşları aldadaraq Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilən tədbirlərə cəlb etməsinin qarşısı alınıb, bir çox dövlətlərin Xarici İşlər nazirliklərinin rəsmi internet səhifəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin qeyri-qanuniliyi və hüquqi məsuliyyət ehtiva etməsi barədə xəbərdarlıqlar yerləşdirilib. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına açıq çağırış edən və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimi təbliğ edən bəzi əcnəbi fiziki şəxslərə qarşı hüquqi təqib xarakterli addımlar atılıb və adları arzuolunmaz şəxslər siyahısına daxil edilib. Ermənistanın təbliğatının qurbanı olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş bir sıra şəxs Azərbaycan tərəfinə üzrxahlıq məktubu ilə müraciət edərək adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib. Bununla bərabər, erməni lobbi təşkilatlarının dəstəyi ilə Avropa ölkələrində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə keçirilməsi planlaşdırılan bir sıra tədbirlərin qarşısı alınıb.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi Rusiya Federasiyası, o cümlədən ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə daim müzakirə edilən mövzu olub. Bununla bərabər, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş hesab olunan 4000 nəfərdən çox azərbaycanlının taleyi məsələsi daim gündəmdə saxlanıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqa və təmaslara xidmət edən təşəbbüslər və etimad quruculuğu tədbirləri dəstəklənib.

Bildirilib ki, Azərbaycana qarşı təcavüz və işğalına görə Ermənistan istisna olmaqla, Azərbaycan qonşu dövlətlərlə mehriban qonşuluq və dostluq əlaqələrinə malikdir. Qonşu dövlətlərlə əlaqələr xalqlarımızın rifahı, regionda sabitlik, təhlükəsizlik və çiçəklənmənin təmin olunması naminə strateji əsasda inkişaf edir.

Qardaş Türkiyə ilə ikitərəfli əlaqələr strateji müttəfiqlik zəminində “Bir millət, iki dövlət” prinsipi ilə uğurla inkişaf edib. İl ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər, ölkələrimizin liderləri səviyyəsində səmimi dostluq şəraitində keçirilən görüşlər, beynəlxalq səviyyədə qarşılıqlı dəstək əlaqələrimizin daha da inkişafında mühüm rol oynayıb. Bu il iki ölkənin imza atdığı növbəti uğurlu transregional layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, hər iki ölkənin dövlət başçısının iştirakı ilə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi ilə əlamətdar olub. TANAP layihəsinin tezliklə istifadəyə verilməsi üçün birgə səylər davam etdirilir.

Diqqətə çatdırılıb ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müstəvisində qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir. Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri və mütəmadi görüşləri iki ölkə arasında əlaqələrin inkişafında xüsusi rola malikdir. Bu iki ölkə arasında diplomatik əlaqələrin qurulması münasibətilə Moskvada və Bakıda tədbirlər keçirilib, xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlər olub. İqtisadi-ticarət, humanitar və regionlararası əməkdaşlığın inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirilib.

İran İslam Respublikası ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dostluq əlaqələri inkişaf edib. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində səmimi görüşlər ikitərəfli əlaqələrimizin inkişafına xüsusi təkan verir. İl ərzində ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər əməkdaşlığın daha da inkişafına öz töhfəsini verib.

Gürcüstanla əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edən H.Hacıyev bildirib ki, bu il Bakı-Tbilisi-Qars layihəsinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrdə əlamətdar hadisələrdən biri olub. Azərbaycan şirkətləri Gürcüstan bazarında əsas investor statusuna malikdirlər.

Qeyd olunub ki, ortaq tarix, etnik köklər, mədəni və dini dəyərlər əsasında Azərbaycan dost Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Ümumi tarixi keçmişi bölüşdüyümüz MDB ölkələri ilə əlaqələr hərtərəfli inkişaf edir.

İl ərzində Azərbaycanın ev sahibliyi ilə Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatlarında xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşlərin keçirilməsi Azərbaycanın qonşu dövlətlərlə uğurlu ikitərəfli tərəfdaşlığını tamamlayaraq, üçtərəfli əsasda bu tərəfdaşlığın inkişafına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verib. Görüşlərin yekununda Bakı Bəyannaməsi qəbul olunaraq, üçtərəfli formatda əməkdaşlığın prioritet istiqamətləri, qarşılıqlı şəkildə tərəflərin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörməti və dəstəyi təsbit olunub.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Rusiya-İran formatında uğurlu əməkdaşlıq 2016-cı ilin avqustunda dövlət başçıları səviyyəsində keçirilmiş Bakı görüşünün ardınca 2017-ci il noyabrın 1-də Tehranda keçirilmiş növbəti Zirvə Toplantısı ilə xarakterizə olunub. Görüşün yekununda Birgə Bəyannamə qəbul olunub.

Regional və üçtərəfli əməkdaşlıq məsələləri ilə bərabər Azərbaycan-Rusiya-İran formatı Hind okeanı ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, Azərbaycanın dünya ölkələri ilə ikitərəfli əlaqələrinin inkişafında Prezident İlham Əliyevin xarici ölkələrə səfəri, digər ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri və bu əsnada aparılan yüksək səviyyəli siyasi dialoq müstəsna rol oynayır. İl ərzində dövlətimizin başçısı Qətər Dövlətinə, İran İslam Respublikasına, Polşa, Latviyaya rəsmi, Rusiya Federasiyasına rəsmi və işgüzar, Fransa Respublikasına, Belçika, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, ABŞ və İsveçrəyə işgüzar səfərlər edib. Bununla bərabər, Prezident İlham Əliyevin beynəlxalq tədbirlər çərçivəsində digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşləri, Azərbaycana səfər edən digər yüksək vəzifəli nümayəndə heyətlərinin qəbulu və apardığı danışıqlar ikitərəfli əlaqələrimizin inkişafına xüsusi təkan verib.

Qazaxıstan, Moldova, Türkmənistan, Bolqarıstan prezidentləri, Bosniya və Herseqovinanın rəyasət heyətinin sədri rəsmi səfərlə, Əfqanıstan Prezidenti isə işgüzar səfərlə Azərbaycanda olub. Makedoniya, Monteneqro, Albaniya, Gürcüstan, Latviya dövlət başçıları V Bakı Qlobal Forumunda, Mali Prezidenti IV Ümumdünya mədəniyyətlərarası dialoq forumunda, Türkiyə Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi və Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər. Qazaxıstan, Gürcüstan və Özbəkistanın Baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olublar.

İl ərzində Qətər, Gürcüstan, Latviya, Cibuti, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya, Kolumbiya, Laos, Kosta-Rika, Boliviya, Ukrayna, Polşa, Monteneqro, Braziliya və Rusiya xarici işlər nazirləri ölkəmizdə rəsmi səfərdə olub. Türkiyə, Əfqanıstan, İran, Pakistan xarici işlər nazirləri, Hindistan Hökumətinin xarici işlər üzrə Dövlət naziri işgüzar səfər ediblər.

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi və işgüzar, Polşa, Malta, İtaliya, Litva, Kolumbiya, Kosta-Rika, Macarıstan, Vyetnam, Laos, İsveç, Efiopiyaya rəsmi, Qazaxıstan, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərləri olub. Sözügedən səfərlər nəticə yönümlü xarakter daşıyaraq ikitərəfli siyasi, iqtisadi, ticarət, humanitar əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verib.

H.Hacıyev qeyd edib ki, 2017-ci il Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı baxımından əlamətdar olub. Dövlətimizin başçısı tərəfindən Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Azərbaycanın Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması Avropa İttifaqı ilə əməkdaşlığımızın inkişafı üçün əlavə stimul verir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ilin fevralında Brüsselə səfəri və Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşləri əlaqələrimizin inkişafına xüsusi təkan verib və rəsmi olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə danışıqlar başlayıb. Tərəflər arasında qarşılıqlı anlaşma şəraitində saziş layihəsi üzrə konstruktiv danışıqlar davam etdirilir. “Avropa İttifaqı və onun üzv dövlətləri ilə Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş” layihəsinin yekunlaşdırılması üzrə danışıqlar aparılıb.

“Azərbaycanın ticarət dövriyyəsində ən böyük pay sahibi Avropa İttifaqıdır. Siyasi, iqtisadi, ticarət, enerji, investisiyalar, nəqliyyat və humanitar sahələrdə tərəflər arasında daha sıx əməkdaşlıq üçün geniş və əlverişli imkanlar vardır. TAP layihəsinin müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçirilməsi üçün Avropa İttifaqı, o cümlədən İtaliya tərəfi və digər tərəfdaşlarla qarşılıqlı anlaşma şəraitində birgə səylər davam etdirilir. Fəaliyyətə başladıqdan sonra yeni enerji mənbəyi və marşrutu olaraq TAP layihəsi və bütövlükdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verəcək”, – deyə H.Hacıyev vurğulayıb.

Bildirilib ki, Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri inkişaf xətti ilə davam etdirilib. Bu çərçivədə, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə 28 may – Respublika Günü münasibətilə təbrik məktubu, həmçinin 31 may-3 iyun tarixlərində Bakıda keçirilmiş 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransı ilə əlaqədar xoş arzularını ifadə edən məktub ünvanlayıb. Prezident İlham Əliyev ABŞ-ın milli bayramı olan 4 iyul – Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa təbrik məktubu göndərib.

10 iyul tarixində İstanbulda keçirilmiş 22-ci Dünya Neft Konqresi çərçivəsində Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Ölkələrimiz arasında enerji, nəqliyyat, investisiyalar, terrorizmə qarşı mübarizə, aviasiya, turizm kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar vardır. Azərbaycan ABŞ-ın TANAP/TAP layihəsinin inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

Çin Xalq Respublikası Kommunist Partiyasının yüksək vəzifəli rəhbər şəxslərinin Azərbaycana səfəri, Azərbaycanın müxtəlif səviyyəli nümayəndə heyətlərinin Çinə səfəri və bu əsnada aparılan müzakirələr ikitərəfli siyasi, iqtisadi və ticarət əlaqələrimizin inkişafı baxımından mühüm rol oynayır. Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir yol – bir kəmər” layihəsini dəstəkləyir və Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ölkəmizdə yaradılan multimodal nəqliyyat infrastrukturu bu layihə çərçivəsində əməkdaşlıq üçün böyük imkanlar vəd edir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslam dünyası ölkələri ilə əlaqələrin inkişafına xüsusi təkan verib. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması dövrün tələblərinə və ehtiyaclarına cavab verərək İƏT-in üzv ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. “İslam Həmrəyliyi İli” İslam dünyası ilə digər mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinə öz mühüm töhfəsini verib. İl ərzində Azərbaycan Respublikası BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq platformalarda İslam dünyası ölkələrini narahat edən problemlərin müzakirəsində yaxından iştirak edib.

2017-ci il 20-21 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

İl ərzində Xarici İşlər nazirlikləri səviyyəsində Fələstin, İtaliya, Fransa, Xorvatiya, Sloveniya, Çin, Böyük Britaniya, Cənubi Koreya və Yaponiya ilə siyasi məsləhətləşmələr aparılıb.

Malayziyanın ev sahibliyi ilə keçirilən İƏT xarici işlər nazirlərinin fövqəladə iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri, həmçinin beynəlxalq tədbirlər çərçivəsində Fələstin, Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, Avstriya, İtaliya, Finlandiya, Macarıstan, Belçika xarici işlər nazirləri ilə görüşüb. Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Vanuatu Respublikasının xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri ilə görüşüb. Söhbət zamanı Azərbaycan Respublikası və Vanuatu Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunike imzalanıb. 2017-ci ildə Azərbaycanla Baham Adaları Birliyi arasında da diplomatik əlaqələr qurulub. İndoneziya və Avstraliya ilə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər həyata keçirilib.

Hikmət Hacıyev deyib ki, 2017-ci ildə Azərbaycan ilə 70-ə yaxın ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. Bu münasibətlə bu ölkələrlə dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı məktub mübadiləsi həyata keçirilib, birgə bəyanatlarla çıxış edilib, həmçinin ölkələrimiz arasında dostluğa həsr olunmuş sərgi, seminar və konfranslar təşkil edilib.

İkitərəfli əməkdaşlıq əsnasında il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici ölkələrin dövlət başçılarının Azərbaycan Respublikasına müvafiq səviyyəli səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə baş tutmuş səfərlər nəticəsində 90-dan çox ikitərəfli beynəlxalq sənədin imzalanması təmin edilib. Qeyd olunan səfərlər çərçivəsində imzalanmış sənədlər siyasi, iqtisadi, sosial, humanitar, mədəni və digər sahələri əhatə edir. Həmin sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına dair mühüm müddəaların əks olunması təmin edilib.

Qeyd edilib ki, parlament diplomatiyası dünya ölkələri ilə ikitərəfli əlaqələrimizin inkişafında mühüm rola malikdir. Bu əsasda parlamentlərarası əlaqələrin inkişafına dəstək verilib.

İkitərəfli əlaqələrin tərkib hissəsi kimi xarici iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və iqtisadi diplomatiya gündəliyinin təşviq edilməsi prioritet istiqamətlərdən biridir. 2017-ci il ərzində Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin ticari-iqtisadi potensialının xaricdə təşviq olunması, qeyri-neft sektoru məhsullarının ixracının təşviqi və genişləndirilməsi, yeni sərmayə imkanlarının araşdırılması, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və işçi qruplarının iclaslarının keçirilməsi, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni istehsal olunan məhsulların istehsalının və xarici bazarlara çıxışının qarşısının alınması, Avropa İttifaqı ilə, həmçinin qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi xarici iqtisadi siyasət sahəsində XİN tərəfindən həyata keçirilən fəaliyyətin əsas istiqamətləri olub.

Hesabat ili ərzində Azərbaycanın 10 ölkə ilə birgə hökumətlərarası iqtisadi komissiyalarının (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Latviya, Litva, Estoniya, Xorvatiya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Tacikistan, Vyetnam və Qazaxıstan) və 1 ölkə ilə işçi qrupunun (Almaniya) iclasları keçirilib.

2017-ci il 30 noyabr–1 dekabr tarixində Moskva şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası və 2017-ci il 4-5 dekabr tarixlərində Moskva şəhərində keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi zamanı “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsi üzrə, eyni zamanda, Xəzər dənizi çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan sahəvi sənəd layihələrinin hazırkı vəziyyəti barədə müzakirələr aparılıb. “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsi tərəflər arasında razılaşdırılıb. Həmin layihəyə əsasən tərəflər Xəzər dənizində öz suverenliyini, suveren və müstəsna hüquqlarını, eləcə də yurisdiksiyasını həyata keçirirlər. Xəzər dənizində əməkdaşlıq dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə qarşılıqlı hörmət, zor tətbiq etməmək və zor işlətməklə hədələməmək, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq, həmçinin tərəflərin maraqları nəzərə alınmaqla və bir-birinin təhlükəsizliyinə xələl gətirmədən Xəzər dənizində hərbi balansın və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi, hərbi sahədə etimad tədbirlərinə riayət olunması, eləcə də Xəzər dənizində ətraf mühitin və onun bioloji resurslarının qorunması, bərpası və rasional istifadəsi prinsipləri əsasında qurulacaq. Eyni zamanda, Konvensiya layihəsinin məqsədi dəniz gəmiçiliyi, su bioloji resurslarının mühafizəsi və istifadəsi, dəniz dibinin və təkinin ehtiyatlarının istismarı və Konvensiyaya və milli qanunvericiliyə uyğun olaraq digər məsələlərin tənzimlənməsindən, eləcə də Xəzər dənizi akvatoriyasının bölünməsi, hərbi gəmilərin sahilyanı ölkənin ərazi sularından keçidi, xəzəryanı dövlətlərin bayraqları altında üzən gəmilərin digər dənizlərə və dünya okeanına tranzit keçidi, sualtı naqillərin və boru kəmərlərinin çəkiliş və dəniz elmi tədqiqatlarının aparılmasının şərtləri və qaydalarından ibarətdir.

Hikmət Hacıyev vurğulayıb ki, beynəlxalq təşkilatlar və təşkilat olmayan beynəlxalq platformalarla çoxtərəfli əsasda fəal diplomatik iş davam etdirilib. Azərbaycan Respublikası universal beynəlxalq təşkilat kimi 2017-ci ildə BMT-nin işində fəal iştirak edib və beynəlxalq sülh, təhlükəsizlik və inkişafın təmin edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfəsini verib. BMT çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyət prioritet təşkil edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti sentyabrın 21-də BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələrində iştirak edib. Dövlətimizin başçısı BMT Baş Assambleyasında çıxış edərək ölkəmizin siyasi, sosial-iqtisadi və humanitar inkişaf modeli, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri, BMT strukturlarının islahatı, mədəniyyətlər və dinlərarası dialoqun təşviqi və Ermənistanın Azərbaycana qarşı təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın prinsipial mövqeyini və strateji baxışını beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edib, bir sıra yüksək səviyyəli tədbirlər və ikitərəfli görüşlərdə iştirak edib.

Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə bu ilin mayında xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahına səfər edib və BMT-nin baş katibi ilə görüş keçirib. Bu əsnada Nyu-Yorkda Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

“Paytaxt Bakı şəhərinin “Ekspo-2025” sərgisinə ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəli şəkildə Azərbaycan tərəfindən “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu təqdim edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycanın “Ekspo-2025”ə namizədliyi ilə əlaqədar təbliğat-təşviqat kampaniyası aparılır”, – deyə H.Hacıyev qeyd edib.

Bildirilib ki, 2017-2019-cu illər üzrə BMT Sosial-İqtisadi Şurasının (ECOSOC) üzvü kimi Azərbaycan beynəlxalq inkişaf məqsədləri naminə fəaliyyətini davam etdirib.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) “Regional əməkdaşlıq üçün dayanıqlı enerji” mövzusunda 2017-ci il 15-19 may tarixlərində Banqkok şəhərində keçirilmiş 73-cü illik sessiyasında layihəsi Azərbaycanın təşəbbüsü ilə hazırlanan və daha sonra Rusiya Federasiyasının qoşulduğu “Asiya və Sakit okean regionunda dayanıqlı enerjinin inkişafı üzrə regional əməkdaşlığın gücləndirilməsi” adlı qətnamə yekdilliklə və 8 ölkənin həmmüəllifliyi ilə (Əfqanıstan, Banqladeş, Kamboca, Çin, İran, Qazaxıstan, Monqolustan və Pakistan) qəbul olunub.

İl ərzində ölkəmiz terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, kiber cinayətkarlığa və çirkli pulların yuyulmasına, eləcə də digər yeni təhdid və çağırışlara qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıqda fəal iştirak edib.

Azərbaycan Respublikası 2017-cı il ərzində silahlara nəzarət və kütləvi qırğın silahlarının və onların komponentlərinin yayılmaması sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməkdə davam edib. Qeyd edilən sahələrdə beynəlxalq tərəfdaşlarla birgə müvafiq işlər həyata keçirilib, beynəlxalq qətnamələrin və sənədlərin hazırlanmasına töhfə verib, ikitərəfli və çoxtərəfli əməkdaşlıq inkişaf etdirilib. 2017-ci ilin may ayından etibarən ilk dəfə olaraq Azərbaycan Respublikası Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (KSQT) əsas icraedici orqanı olan İcraiyyə Şurasında üzvlüyə başlayıb.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatına qoşulduğu qısa müddət ərzində bu qurumun siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq imkanlarından dərindən faydalanmaq imkanı əldə edib. Azərbaycan 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrlik edəcək. Azərbaycanın 2018-ci ildə Qoşulmama Hərəkatının növbəti nazirlər konfransına ev sahibliyi etməklə bağlı təklifi hərəkata üzv dövlətlər tərəfindən dəstəklənib. 2018-ci il aprelin 3-6-da Bakıda keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının ortamüddətli nazirlər konfransına hazırlıq işləri görülür.

Beynəlxalq təşkilatların seçkili orqanlarında təmsilçilik baxımından diqqət çəkən məqam 2017-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanının 2017-2019-cu illər üçün üzvlüyünə seçilməsi olub.

Azərbaycan tamhüquqlu üzv olduğu regional təşkilatlar olan ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə fəal əməkdaşlıq edib. Dünya Gömrük Təşkilatının baş katibi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, Dünya Turizm Təşkilatının baş katibi, Parlamentlərarası İttifaqın baş katibi, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi, İqtisadi Əməkdaşlıq təşkilatının baş katibi, Cənubi Asiya regional əməkdaşlıq təşkilatının baş katibi, ISESCO-nun baş katibi, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, UNESCO-nun baş direktoru və ATƏT Parlament Assambleyasının sədri ölkəmizə səfər ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ortaq etnik köklərə, mədəni əlaqələrə malik olduğumuz dost və qardaş ölkələrlə əlaqələrimizin inkişaf etdirilməsi baxımdan mühüm platformadır. Beynəlxalq tədbirlər, o cümlədən BMT Baş Assambleyasının 72 sessiyası çərçivəsində Türk Şurası üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sentyabrın 10-da İƏT-in Qazaxıstanda keçirilən Elm və Texnologiyalar üzrə birinci Sammiti, eləcə də İƏT-in hazırkı sədri Türkiyənin təşəbbüsü ilə dekabrın 12-də Əl-Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə Toplantısında iştirak edib. Həmçinin Azərbaycan nümayəndə heyəti İƏT-in Kot-Divuarda keçirilmiş 44-cü nazirlər toplantısı, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilən nazirlər iclasına, İƏT informasiya nazirləri toplantısına qatılıb.

2017-ci ilin iyulun 20-21-də Bakıda BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının İcrası üzrə Komitə və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “Yerusəlim və beynəlxalq cəmiyyət: siyasi və iqtisadi dəstəyin təmin edilməsi” mövzusunda “Yerusəlim Məsələsi üzrə Beynəlxalq Konfrans” keçirilib.

İqtisadi Əməkdaşlıq Təşkilatının martın 1-də İslamabadda keçirilmiş 13-cü Zirvə Toplantısında iştirak məqsədilə Pakistana səfər edən Prezident İlham Əliyev səfər çərçivəsində Prezident Məmnun Hüseyn və Baş nazir Məhəmməd Nəvaz Şərif ilə görüşlər keçirib.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində oktyabrın 20-də İstanbulda keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşündə iştirak edib.

Qeyd edilib ki, Azərbaycan təsis edilməsinin 20 illiyi qeyd olunan GUAM təşkilatının işində və sahəvi əməkdaşlıq istiqamətlərinin inkişafında fəal iştirak edib. Tbilisidə GUAM-ın təsis olunmasının 20 illiyi ilə əlaqədar oktyabrın 9-da keçirilmiş nazirlər toplantısında xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib.

2017-ci il mayın 22-də İstanbul şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 25 illik Yubiley Zirvə Görüşünün Birgə Bəyannaməsinə ölkəmizin maraqlarını əks etdirən bir sıra müddəalar daxil edilib. 2018-ci ilin ikinci yarısından etibarən QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək.

Dekabrın 1-də “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransı Bakıda keçirilib. İclasın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani çıxış ediblər. İclasda İstanbul Prosesində iştirak edən və bu prosesi dəstəkləyən ölkə və beynəlxalq təşkilatlardan 250-dən çox nümayəndə iştirak edib. İclasın yekununda Bakı Bəyannaməsi qəbul edilib.

2017-ci il ərzində Azərbaycan Respublikası və NATO arasında tərəfdaşlıq uğurla davam etdirilib. Azərbaycan Respublikası 2017-cı ildə NATO-nun rəhbərliyi altında Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında iştirakını və töhfələrini davam etdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun mənzil qərargahında olub, NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edib.

Polşaya səfər əsnasında xarici işlər naziri Elmar Məmmədyarov aprelin 12-də Varşavada keçirilən Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edib.

Afrika İttifaqı və Ərəb Dövlətləri Liqası ilə müşahidəçi statusunda əməkdaşlıq aparılıb. Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqı Komissiyasının sədri, Sülh və Təhlükəsizlik və İqtisadi məsələlər üzrə Komissarları ilə görüşüb. Afrika İttifaqının mənzil-qərargahında Azərbaycanın milli brendinə çevrilmiş “ASAN” konsepsiyasının təqdimatı keçirilib. Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlıq inkişaf etdirilib, KƏŞ-in katibliyinin dəstəyi ilə üzv dövlətlərlə Azərbaycan arasında biznes forum təşkil olunub. Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq üzrə tərəfdaş statusunda əlaqələr davam etdirilib.

Çoxtərəfli əməkdaşlıq çərçivəsində il ərzində BMT, onun ixtisaslaşmış qurumları, digər beynəlxalq və regional təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin beynəlxalq-hüquqi ekspertizası aparılıb, müvafiq arayışlar hazırlanıb, bir sıra sənəd layihələrinin razılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

2017-ci il ərzində Azərbaycan Respublikası insan hüquqları, demokratiya, qanunun aliliyi və eləcə də yaxşı idarəçilik prinsiplərinin təşviqinə cavabdeh olan beynəlxalq təşkilatlar ilə yaxından əməkdaşlığı davam etdirib. İl ərzində ölkəmiz Avropa Şurası, ATƏT və BMT-nin əlaqədar təsisatlarının işində yaxından iştirak edib və həyata keçirilən fəaliyyətlərə öz töhfələrini verib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə müqavilə qurumlarına dövri hesabatlarla birlikdə təqdim edilən ölkəmizin “Ümumi icmal sənəd”i Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 2826 nömrəli Sərəncamına uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikası adından BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilib.

Qeyd edilib ki, il ərzində Azərbaycan BMT Baş Assambleyasının üçüncü komitəsində və İnsan Hüquqları Şurasında (İHŞ) müxtəlif məsələlər üzrə aparılan müzakirələrdə ardıcıl şəkildə iştirak edib və o cümlədən bir sıra qətnamələrə həmmüəlliflik edib. Bundan əlavə, “ASAN” konsepsiyasının BMT-nin insan hüquqları üzrə təsisatları və BMT üzv dövlətləri arasında təşviq edilməsi istiqamətində fəal iş aparılıb.

İnsan ölçüsü sahəsində ATƏT öhdəliklərinin yerinə yetirilməsi istiqamətində təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və digər qurumları ilə əməkdaşlıq davam etdirilib.

2017-ci ildə Avropa Şurasının 2014-2017-ci illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının (FP) icrası uğurla davam etdirilib və yekunlaşdırılıb. Hər iki tərəfin qarşılıqlı razılığı əsasında növbəti fəaliyyət planının tərtibi üzrə işə başlanılıb.

Hikmət Hacıyev bildirib ki, 2017-ci ildə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası fəaliyyətini davam etdirərək müxtəlif sahələr üzrə bir sıra layihə və tədbirlər həyata keçirib. Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın inkişaf etdirilməsində, xalqımızın zəngin mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var.

İl ərzində ölkəmiz UNESCO-nun Baş Konfransının 39-cu sessiyasında, komitə iclaslarında, UNESCO üzrə milli komissiyaların tədbirlərində fəal təmsil olunub.

Cari ildə Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə ölkədə və UNESCO-nun baş qərargahında bir sıra tədbirlər keçirilib.

2017-ci il dekabrın 4-9-da Koreya Respublikasının Jeju adasında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilib. Ölkəmizin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına təqdim olunmuş iki nominasiyası – “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi” və “Simli musiqi aləti kamança, onun düzəldilməsi və ifaçılığı sənəti” (İran İslam Respublikası ilə birgə irəli sürülüb) Komitə tərəfindən nəzərdən keçirilərək qəbul edilib.

BMT Baş Assambleyasında dekabrın 11-də qəbul edilmiş “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi” adlı qətnamədə Bakıda iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad olunur və bu tədbir mədəniyyətlərarası dialoqun təşviqi üçün aparıcı qlobal platforma kimi təsvir edilir. Bundan başqa, BMT baş katibi tərəfindən sentyabrın 19-da BMT Baş Assambleyasının 72-ci sessiyasına təqdim edilmiş “Sülh naminə sülh mədəniyyəti və dinlər və mədəniyyətlərarası dialoq, anlaşma və əməkdaşlığım təşviqi” adlı hesabatda da 2008-ci ildən etibarən həyata keçirilən “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun təşviqi sahəsində öncül yer tutduğu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun isə bununla bağlı əsas qlobal platforma kimi özünü təsdiqlədiyi vurğulanıb.

Regionun diplomatik mərkəzi kimi mötəbər və nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın rolu və nüfuzu daha da artıb. İl ərzində Rusiya və ABŞ silahlı qüvvələrinin Baş qərargah rəislərinin, eləcə də NATO-nun hərbi komitəsinin rəhbərinin Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi ilə görüşünün keçirilməsi üçün Bakının seçilməsi bunun daha bir nümunəsidir.

Vurğulanıb ki, 2011-ci ildə Xarici İşlər Nazirliyinin tərkibində yaradılmış Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency /AIDA/) dünyanın inkişaf etməkdə olan ölkələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində yoxsulluğun azaldılması, elmin, mədəniyyətin və səhiyyənin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, enerji resurslarından səmərəli istifadə, müxtəlif təyinatlı təqaüd proqramlarının, habelə humanitar və texniki təyinatlı digər layihələrin həyata keçirilməsini dəstəkləməkdədir. Artıq 40-dan çox Afrika, Asiya və Latın Amerikası ölkələri Agentliyin həyata keçirdiyi proqramlardan faydalanıb.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq Rohingiya müsəlmanlarına yardım məqsədilə 2017-ci il sentyabrın 9-da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş ərzaq mallarından ibarət humanitar yardımın AİDA və Azərbaycan Respublikasının Hindistandakı səfirliyi tərəfindən ünvanına çatdırılması təmin edilib. Həmçinin BMT baş katibi Antonio Quterreşin müraciəti əsasında dövlətimizin başçısının tapşırığı ilə Azərbaycan tərəfindən AİDA vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində yaranmış humanitar böhranla bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara və BMT-nin Yüksək Səviyyəli Donor Konfransı çərçivəsində Yəmənə BMT xətti ilə humanitar yardım göstərib.

Qeyd edilib ki, il ərzində XİN və diplomatik nümayəndəliklərimiz vasitəsilə xarici ölkələrdə Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi və zəruri konsulluq yardımının göstərilməsi təmin olunub. 2017-ci ildə Liviyada girovluqda saxlanılan üç nəfər Azərbaycan vətəndaşının azad edilərək ölkəyə gətirilməsi təmin olunub.

Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması, onlara mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım göstərilməsi istiqamətində tədbirlərin görülməsi məqsədilə Azərbaycan və Xorvatiya, Azərbaycan və Rusiya XİN-lərarası ikitərəfli, Ukraynada (Kiyev) Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM çərçivəsində çoxtərəfli konsulluq məsləhətləşmələri keçirilib.

“Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 saylı Fərmanına müvafiq olaraq, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası” hazırlanıb və Azərbaycan Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanı ilə təsdiq edilib. Həmçinin XİN-in “ASAN ödəniş” sisteminə qoşulması təmin edilib.

“ASAN Viza” sistemi vasitəsilə elektron vizaların verilməsi və onlardan istifadə edilməsi şərtləri” XİN və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə hazırlanıb və bu iki dövlət qurumu tərəfindən təsdiq edilib.

Ölkəmizdə turizmin təşviqi və inkişafı məqsədilə Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi baxımından görülmüş aidiyyəti tədbirlər nəticəsində daha 14 xarici ölkə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilib. Səfirliklərimiz tərəfindən vizaların rəsmiləşdirilməsinin səmərəliliyinin artırılması, həmçinin elektron turistik vizaların rəsmiləşdirilməsinin təşviqi və təbliği istiqamətində müvafiq işlər görülüb. Eyni zamanda, müxtəlif ölkələrlə diplomatik və xidməti pasporta malik şəxslərin qarşılıqlı olaraq vizasız səfərlərinin həyata keçirilməsi üzrə müvafiq sazişlər imzalanıb.

2017-ci ildə Azərbaycanda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, Avropa Olimpiya Komitəsinin icraiyyə komitəsinin iclası, MDB, Baltikyanı ölkələr və Gürcüstan Forumu, Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi, 13-cü Dünya Skaut Gənclər Forumu, 41-ci Dünya Skaut Konfransı, “Asiyanın ürəyi – İstanbul prosesi” VII nazirlər toplantısı kimi beynəlxalq tədbirlərdə iştirak üçün Azərbaycana səfər etmiş əcnəbilərə ölkəmizin beynəlxalq hava limanlarında giriş vizalarının rəsmiləşdirilməsi yüksək səviyyədə təmin edilib.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla “Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilib.

ADA Universitetinin beynəlxalq əlaqələri genişlənib, digər ölkələrin diplomatik təhsil müəssisələri ilə yeni əlaqələr qurulub. Hazırda ADA Universiteti 20-dən artıq diplomatik tədris və təlim mərkəzi ilə əməkdaşlığa malikdir. Bununla bərabər, ADA Universiteti dünyanın 40-a yaxın aparıcı ali təhsil müəssisəsi ilə tələbə mübadilə proqramı həyata keçirir. ADA Universitetində XİN və digər dövlət qurumlarından olan mütəxəssislər üçün davamlı xüsusi ixtisasartırma kursları təşkil olunub.

Diaspor fəaliyyətinin gücləndirilməsi, diplomatik nümayəndəliklərlə diaspor təşkilatları arasında əlaqələndirmənin artırılması və diasporumuzun təşkilatlanması ilə bağlı ardıcıl fəaliyyətlər həyata keçirilib.

Vurğulanıb ki, il ərzində Azərbaycanda Peru və Kosta-Rikanın səfirlikləri açılıb. Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 baş konsulluq fəaliyyət göstərir. Azərbaycanın Avstriya, Sudan və Cibutiyə Fəxri konsulları, Efiopiyanın isə Azərbaycana Fəxri konsulu təyin olunub.

Azərbaycanın xarici və daxili siyasətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün beynəlxalq kütləvi informasiya vasitələri, tədqiqat mərkəzləri və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq aparılıb. Beynəlxalq mətbuat orqanlarında ardıcıl surətdə məqalələr və müsahibələrlə çıxış edilib. XİN-in sosial şəbəkə profilləri vasitəsilə fəal və interaktiv “rəqəmsal diplomatiya” siyasəti həyata keçirilib. Bəzi qərəzli beynəlxalq KİV-də Azərbaycan əleyhinə çıxan dezinformasiya xarakterli materialların ifşa edilməsi və cavab hüququndan istifadə edərək mövqeyimizi əks etdirən materialların dərc edilməsi təmin edilib. Dünyanın aparıcı çap və televiziya qurumları ilə əməkdaşlıq çərçivəsində digər dövlət qurumları ilə əlaqəli şəkildə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi və turizm potensialı haqqında verilişlər hazırlanıb.

Yerli KİV-lərlə sıx əməkdaşlıq şəraitində Azərbaycanın xarici siyasətinə aid olan məsələlərin ölkə ictimaiyyətinə çatdırılması və müvafiq sorğuların operativ cavablandırılması təmin edilib.

Qoşunların təmas xəttində vəziyyət və orada yaşayan mülki əhalinin, o cümlədən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlərlə yaxından tanış olmaq məqsədilə Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərlərinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Tərtər rayonunun Şıxarx kəndlərinə səfəri təşkil olunub. Hərbi attaşelər və ölkəmizdə fəaliyyət göstərən xarici KİV nümayəndələrinin də qoşunların təmas xəttinə səfərləri həyata keçirilib. Ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı və turizm imkanları ilə tanış etmək üçün diplomatik korpusun Şəki və Qaz rayonlarına səfərləri təşkil olunub.

Ölkəmiz üçün əlamətdar olan 28 may – Respublika Günü, ümummilli lider Heydər Əliyevin anım günü, 20 Yanvar faciəsi və Xocalı soyqırımı və digər tədbirlərin diplomatik nümayəndəliklərimiz tərəfindən xarici ölkələrdə il ərzində keçirilməsi təmin olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən xarici siyasətimiz qarşısında qoyulmuş vəzifə və tapşırıqlara uyğun olaraq qarşıdan gələn ildə də Azərbaycan Respublikasının milli maraqlarına əsaslanan müstəqil və çox istiqamətli xarici siyasəti davam etdiriləcək.