2022-ci ilin dövlət büdcəsi xərclərinə bir sıra maddələrdə dəyişikliklər edilib

BMT-nin Baş katibi İranın İsrailə hücumunu pisləyib
Azərbaycanda bələdiyyə seçkilərinə səsvermə başlayıb
Oqtay Əsədov prezident seçkilərində səs verib

“Deputatların təklifləri əsasında 2022-ci ilin dövlət büdcəsi xərclərinin məbləği dəyişməsə də bir sıra maddələrdə dəyişikliklərin edilməsi zərurəti yaranıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, əsas bölmələrə aid edilməyən xərclər bölməsindən 172 milyon 887,6 min manat azaldılaraq aşağıdakı xərc bölmələri üzrə məbləğlərin artırılması təklif olunur:

– 76,8 milyon manat sosial müdafiə və sosial təminat xərclərinin artırılması üçün. Bundan sosial müdafiə xərclərinin artımı 76,462 milyon manat, uşaq və ailə dəstək mərkəzinin saxlanılması xərci 337 min manat təşkil edəcək;

– 70,527 milyon manat hüquq-mühafizə bölməsi üzrə hüquq-mühafizə orqanlarında əmək haqqı, saxlanma, ştatların komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilir;

– 15,363 milyon manat rabitə və nəqliyyat bölməsi üzrə dövlət informasiya sistemlərinin və ehtiyyatlarının formalaşdırılması, saxlanılması və mərkəzləşdirilmiş şəkildə idarə edilməsi üçün “Hökumət Buludu”nun fəaliyyəti və nəqliyyat sahəsində tədbirlərin maliyyələşdirilməsinə yönəldilir;

– 5,369 milyon manat mənzil-kommunal təsərrüfatı bölməsi üzrə Bakı şəhərində və digər rayon və şəhərlərin mənzil-kommunal təsərrüfatı və əsaslı təmiri xərclərinin artırılmasına sərf olunacaq;

– 2,642 milyon manat ümumi dövlət xidməti xərcləri bölməsi üzrə. Bundan 1,5 milyon manatı yeni rəsmilləşdirilmiş üzvlük haqları üzrə öhdəliklərə (yeni yaradılmış “Türk Mədəniyyəti və İrsi Fondu”na və “Türk Akademiyası”), 942 min manatı əmək haqqı xərclərinin artırılmasına, 200 min manatı qeyri-maddi aktivlərin alınmasına yönəldiləcəkdir;

– 1,75 milyon manat mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan fəaliyyət bölməsi üzrə artıma yönəldiləcəkdir və mədəniyyət-informasiya sahəsində subsidiya həcminin artırılması ilə bağlıdır;

– 437 min manat ətraf mühitin mühafizəsi bölməsinin artımına yönəlir. Bu da Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqəlidir.

Nəticədə icmal büdcənin gəlirləri və xərcləri müvafiq olaraq 27 milyard 685 milyon manat və 32 milyard 914 milyon manat təşkil edəcək. İcmal büdcənin kəsiri isə dəyişməyərək 5 milyard 229 milyon manat səviyyəsində qalacaq.

Buna müvafiq olaraq qanun layihəsinin 15-ci maddəsinə uyğun olaraq, icmal büdcənin xərclərinin yuxarı həddi 32 milyard 906 milyon 390 min manatdan 32 milyard 914 milyon 390 min manatadək artırılır.

Report