31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxıya press-tur təşkil edilib

Azərbaycan əhalisinin sayı açıqlanıb
Şanlı Aprel döyüşlərindən beş il ötür
Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyində baş vermiş yanğın söndürülüb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxı rayonuna press-tur təşkil edib.

APA-nın məlumatına görə tarixçilər, arxeoloqlar, eləcə də televiziya, qəzet, informasiya agentliyi və xəbər portallarını təmsil edən 50 nəfərdən ibarət nümayəndə heyəti əvvəlcə Qobustan rayonunun Acıdərə kəndi ərazisindəki şəhid türk zabitinin məzarını ziyarət edib. Media işçiləri Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin zəngin eksponatları ilə tanış olublar. Sonra Şamaxının Şərədil, Saqiyan və Mirikənd kəndlərində 1918-ci il 31 mart- 3 aprel tarixlərində ermənilərin törətdikləri vəhşiliklər haqqında yerli sakinlərin söhbətləri dinlənilib, insanların xüsusi amansızlıqla qətlə yetirildiyi yerlərə baxış keçirilib.

Press-tur zamanı jurnalistlər Şamaxıdan seçilmiş deputat Elxan Süleymanovun qərargahında www.1905.az saytının təqdimatında iştirak ediblər. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elxan Süleymanov azərbaycanlıların soyqırıma məruz qaldığı tarixin 110 illiyi ərəfəsində “1905.az” saytının hazırlanaraq geniş ictimaiyyətə təqdim edildiyini bildirib. AVCİYA-nın prezidenti Elxan Süleymano vermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışıb.

Saytın işinə məsul, siyası elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev yeni elektron resursun fəaliyyət prinsipi ilə tədbir iştirakçılarını tanış edib. Bildirilib ki, bu internet saytda azərbaycanlıların məruz qaldıqları müdhiş faciələrlə bağlı həqiqətlər Azərbaycan dili ilə yanaşı, bir neçə xarici dildə də təqdim olunacaq. Saytda “Ermənilərin gəlişi”, “Azərbaycanlıların soyqırımı”, “Erməni dövləti”, “Azərbaycanlıların deportasiyası”, “Ermənistanın Azərbaycana təcavüzü”, “Atəşkəs davam edir ” və başqa bölümlərdə sənədlərin, xəritələrin, fotoların dili ilə geniş məlumatlar verilir. Qeyd edilib ki, orijinal “Zaman şəridi”, “Məktəblilər üçün sözlük” və virtual “Qarabağ ensiklopediyası” da tezliklə bu saytda təşkil olunacaq.

Sonra KİV nümayəndələri Şamaxı şəhərində 1918-ci ilin martında içərisində yüzlərlə azərbaycanlının olduğu zaman yandırılan Cümə məsçidini və soyqırım qurbanlarının bir çoxunun dəfn edildiyi İmamzadə məsçidini və onun həyətindəki abidəni ziyarət ediblər.