82 yaşlı məcburi köçkün: Ən böyük istəyim növbəti seçkilərin doğma torpaqlarımızda keçirilməsidir

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır
AVCİYA seçkiərəfəsi beynəlxalq təşkilatların rəy və tövsiyələri ilə bağlı kitab nəşr etdi
Kənd Təsərrüfatı Nazirliyi Qarabağla bağlı planlarını açıqlayıb

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 119 saylı Ağdam kənd seçki dairəsinin tərkibinə daxil olan 42 seçki məntəqəsində keçirilir. Seçki məntəqələrinin 17-si rayonun işğal altında olmayan ərazilərində salınmış məcburi köçkün qəsəbələrində yerləşir.

AZƏRTAC-ın bölgə müxbiri Baharlı və Bənövşələr qəsəbələrində fəaliyyət göstərən 21 və 37 saylı seçki məntəqələrində olub, səsvermənin gedişini müşahidə edib.

Bənövşələr qəsəbə tam orta məktəbində yerləşən 21 saylı seçki məntəqəsində qələbəlikdir. Məcburi köçkünlər məntəqəyə gələrək sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər.

Məntəqə seçki komissiyasının sədri Tünzalə Vəliməmmədova bildirib ki, 1380 seçicinin qeydə alındığı məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi, seçicilərin rahatlığı üçün hər cür şərait yaradılıb, tibb otağı, uşaqlı analar üçün otaqlar təşkil edilib. Səsvermə prosesini canlı izləmək üçün veb-kamera quraşdırılıb.

Səsvermədə iştirak edən Ağdam rayonunun Qızıllı Kəngərli kəndindən olan məcburi köçkün İsa Hüseynov seçkilərin təşkilindən razılıqla danışıb: “82 yaşım var. İstər sovet dövründə, istərsə də müstəqillik illərində çox seçkidə iştirak etmişəm. O vaxtkı seçkilərlə indiki seçkilər arasında fərq çoxdur. İndi istədiyimiz namizədə səs veririk. Hamı seçkidə fəal, ruh yüksəkliyi ilə iştirak edir. Ən böyük istəyim növbəti seçkiləri işğaldan azad edilmiş doğma torpaqlarımızda keçirməkdir”.

Səsvermənin gedişini izləyən müşahidəçilər Ayaz Cəfərov və Zaur Bağırov seçkilərin yüksək səviyyədə, demokratik şəraitdə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.

37 saylı seçki məntəqəsi isə Baharlı qəsəbəsində yerləşir. Məntəqə seçki komissiyasının sədri Samirə Abdullayevanın dediyinə görə, məntəqədə 1221 seçici qeydə alınıb. Qar yağmasına, havanın soyuq olmasına baxmayaraq seçicilərin fəallığı yüksəkdir.

Səsvermədə iştirak edən Habil Əsgərov deyib: “Bu gün ölkəmiz, xalqımız üçün mühüm əhəmiyyət daşıyan bir gündür. Mən də vətəndaşlıq borcumu yerinə yetirib, səsvermədə iştirak etdim. Layiq bildiyim namizədə səs verdim. Xalqımız üçün uğurlu, xeyirli olsun”.