Ermənistan tarixi saxtalaşdırmaqda davam edir

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanla bir neçə ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın tərkibi dəyişib
Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamenti: Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Şamaxıda I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

Mayın 29-da “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində Prezident Administrasiyasının bölmə müdiri, politoloq Fuad Axundov və Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynovun iştirakı ilə mətbuat konfransı keçirilib. Tədbirdə 1918-ci il mayın 29-da İrəvan şəhərinin Ararat (Ermənistan) Respublikasının paytaxtı üçün verilməsinin faciəli nəticələrindən danışılıb.

AZƏRTAC xəbər verir ki, Fuad Axundov və Rizvan Hüseynov Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaranma tarixindən, azərbaycanlı əhalinin məruz qaldığı etnik təmizləmədən söz açıblar. Onlar, həmçinin Ermənistan hökumətinin bu torpaqların guya heç vaxt Azərbaycana məxsus olmaması barədə dünya ictimaiyyətini inandırmağa çalışdığı saxtalaşdırma metodlarından, o cümlədən tarixi abidələrin dağıdılmasından, arxivlərin məhv edilməsindən, yalançı elmi nəşrlərin buraxılmasından və s. bəhs ediblər.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Tədbirdə, həmçinin İrəvan qalasının dağılmasından sonra Tbilisiyə aparılmış və hazırda Gürcüstan Milli Muzeyində saxlanılan qalanın orta əsr tikililərinin və artefaktların XIX əsrdə çəkilmiş unikal fotoşəkilləri nümayiş etdirilib, Qafqaz Tarixi Mərkəzinin bir neçə il bu mədəni irsi araşdırdığı diqqətə çatdırılıb. İrəvan xanlarının əşyaları, bayraqları, mebelləri və zinət əşyalarının fotoşəkilləri, habelə xanlığın indi dağılmış vəziyyətdə olan sarayından möhtəşəm portretlər də təqdim olunub. Rus fotoqrafiyasının pioneri, şərqşünas D.İ.Yermakovun (1845-1916) çəkmiş olduğu fotoşəkillər də sərgilənib.

Qeyd edək ki, aşkar edilmiş fotoşəkillər və artefaktlara istinadla “Arxiv materialları və qədim fotoşəkillər əsasında Yerevanın (İrəvanın) tarixi mərkəzi” kitab-fotoalbomu nəşrə hazırlanıb. Nəşrdə Azərbaycanın İrəvan xanlığı hökmdarının orta əsr sarayının timsalında Azərbaycan mədəni irsinin Ermənistanda məhv edilməsi prosesi göstərilib. Hazırda xarabalığa çevrilmiş İrəvanın tarixi mərkəzində ümumilikdə 800 bina – məscidlər, saraylar, karvansaralar, hamamlar və digər ictimai tikililər yerləşirdi.

Kitab-fotoalbom Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Qafqaz Tarixi Mərkəzi” İctimai Birliyi tərəfindən hazırlanıb. Layihənin müəllifi Fuad Axundov, tərtibatçısı Rizvan Hüseynov, məsləhətçisi Elbrus Məmmədovdur. Nəşrin hazırlanması Gürcüstan Milli Muzeyinin direktoru, professor David Lordkipanidze və muzeyin baş kuratoru, professor Eldar Nadirzadənin köməyilə həyata keçirilib.