RAMAZANOV Şamil Ağasəf oğlu

TAĞIZADƏ Eldar Abdulla oğlu
MURADOV Hikmət Oqtay oğlu
MUSTAFAYEV Çingiz Fuad oğlu

RAMAZANOV Şamil Ağasəf oğlu (19.1.1976, Ağsu r.-nunun Rəhimli k. – 17.3.1995) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açmışdır. 1983-cü ildə doğma kənddə birinci sinfə getmiş, 1993-cü ildə onuncu sinfi bitirmişdir. Bir il təsərrüfatda çalışmışdır. 19 mart 1994-cü ildə Ağsu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir neçə ay hərbi təlim keçdikdən sonra, 777 saylı hərbi hissəyə göndərilmişdir. Çevikliyi, bacarığı ona əsgərlər arasında böyük hörmət qazandırmışdı. Orduda cəmi bir il xidmət etməsinə baxmayaraq, peşəkar bir döyüşçü kimi yetişmişdi. Atəşkəs elan olunsa da, əsgərlər mütamədi olaraq hərbi təlimlər keçir, döyüş hazırlıqlarını durmadan artırırdılar. Heç düşünmürdülər ki, onları qarşıda daha bir sınaq, daha bir qarşıdurma gözləyir. Bu, 1995-ci ilin 13-17 mart hadisələri idi. Həmin gün dövlət çevrilişinə cədh göstərən silahlı dəstənin mühasirə halqasını daraltmaq məqsədi ilə atəş əmri verildi. Milli Ordu dərhal əməliyyata başladı. O faciəli günlərdə Şamil də Vətənə öz borcunu verməyə gəlmişdi. Güclü atışma zamanı gənc döyüşçü ağır yaralandı və aldığı bu yaradan da gözlərini əbəd yumdu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Rəhimli kəndində dəfn edilmişdir.

Ağsu rayonunun mərkəzindəki kinoteatr onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 239