NƏSİROV Yalçın Canhəsən oğlu

TƏHMƏZOV Paşa Qurban oğlu
ƏLİYEV Ələkbər Həsən oğlu
HÜSEYNOV Vüqar Tofiq oğlu

NƏSİROV Yalçın Canhəsən oğlu (23.1.1976, Astara r.-nunun Sərək k. – 24.3.1995, Bakı) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində dünyaya göz açmışdır. 1982-ci ildə birinci sinfə getmiş, 1992-ci ildə onuncu sinfı bitirmişdir. Orta təhsilini başa vurduqdan sonra rayonlarında sürücü peşəsinə yiyələnmişdir.

1994-cü il aprelin 19-da Astara rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. O, Daxili Qoşunların tərkibində Lökbatanda 2 ay hərbi təlim keçir, sonra xidmətini Tərtər və Şamaxı rayonlarında davam etdirir. Yalçın komandirlərin tapşırıqlarını vaxtında yerinə yetirirdi. Gənc əsgər böyük arzularla yaşayırdı. Lakin bu zaman 1995-ci ilin məlum mart hadisələri başladı. Silahlı dəstə dövlətçiliyimizə və müstəqilliyimizə zərbə endirmək məqsədilə dövlət çevrilişinə cəhd etdi. Silahı yerə qoymaq üçün bir neçə dəfə xəbərdarlıq edilsə də, bu, heç bir nəticə vermədi. Ordu güc göstərmək məcburiyyətində qaldı. Müstəqilliyimizin qorunub saxlanmasında Yalçın Nəsirov da Milli Ordunun əsgəri kimi öz vətənpərvərlik borcunu yerinə yetirirdi. O, martın 13-dən 17-nə kimi keçirilən bütün əməliyyatlarda iştirak etmiş, 17-dən 18-nə keçən gecə ağır yaralanmışdı. Çoxlu qan itirmişdi. Onu təcili olaraq Sabunçu rayon xəstəxanasına çatdırdılar. Lakin artıq gec idi… Həkimlər onu həyata qaytara bilmədi. Martın 24-də o, gözlərini əbədi olaraq yumdu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Sərək kəndində dəfn edilmişdir.

Sərək kənd orta məktəbi onun adını daşıyır.

Astara rayonundakı “Qəhrəmanlar bağı”nda büstü qoyulmuşdur.

 

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 228