SAYADOV Mehman Qəzənfər oğlu (21.11.1972, Qərbi Azərbaycanın Vardenis r.-nunun Günəşli k. – 9.5.1992, Şuşa r.-nunun Nəbilər k.) – Azərbaycanın Milli Qəhrəmanı (7.6.1992, ölümündən sonra).
21 noyabr 1972-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirir. Sonra qismətinə qaçqınlıq həyatını yaşamaq düşür. M. Sayadov 1988-ci ildə ailəliklə Samux rayonunun Sərkar kəndinə pənah gətirir. Elə səkkizinci sinfi də bu kənddə bitirir. Qaçqınlıq həyatı ona təhsilini davam etdirməyə imkan vermir. Mehman bir müddət təsərrüfat işlərində çalışır. Ölkədə xalq hərəkatı başlayanda onun öncüllərindən biri olur. M.Sayadov 18 yaşının tamamında Sovet Ordusu sıralarına çağırılır. Sverdlovsk vilayətində 6 ay xidmət etdikdən sonra, Vətənin çağrışına səs verərək Azərbaycana dönür. O, 5 noyabr 1991-ci ildə “Azərbaycan Qarabağı” könüllü müdafıə batalyonunun tərkibinə üzv yazılır və cəbhəyə yola düşür. Mehman Sayadov Şuşa rayonunun bir sıra kəndlərinin müdfiəsində əsl qəhrəmanlıq nümunəsi göstərir. Kosalarda, sonra isə Nəbilər kəndində döyüşən Mehman yoldaşlarının köməyi ilə düşmənin 70-ə yaxın canlı qüvvəsini və bir neçə hərbi texnikasını məhv edir.
Bundan hiddətlənən erməni yaraqlıları xeyli canlı qüvvə toplayaraq yenidən Nəbilər kəndinə hücuma keçirlər. Batalyon böyük bir qüvvə ilə döyüşə girməli olur. Bir neçə istiqamətdən hücum dairəsini genişləndirən erməni faşistləri bizimkiləri mühasirəyə salırlar. Cəsur döyüşçülər özlərini itirmir, mühasirə halqasını bircə anda itki vermədən yarmağa müvəffəq olurlar.
M.Sayadov 9 may 1992-ci ildə Şuşa rayonu Nəbilər kəndinin müdafiəsi zamanı öz ölümü ilə ölməzliyə qovuşdu. Mehmanın cəsədi ətrafında onlarla düşmən meyiti səpələnmişdi. Bu, onun əsl qəhrəmanlığından xəbər verirdi.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Qəzənfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Cəsədi döyüş meydanında qalmışdır. Əfsuslar olsun ki, adının əbədiləşdirilməsi üçün heç bir iş görülməmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 254