Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub

Dünyada koronavirusa yoluxanların sayı 150 milyon nəfəri ötüb
Nəsimi – 7 böyük ozandan biri
Amnistiya Aktı ilə 92 nəfəri qadın olmaqla 666 məhkum azad edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2018” ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.

Bildirildi ki, builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.

Prezident İlham Əliyevə nazirliyin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verildi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Robopark” layihəsinin məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin artırılması, intellektual elmi-texniki yaradıcılığının inkişafı, yüksək texnologiyalar sahəsinə marağın artırılması, eyni zamanda, robot texnikasının əsasları ilə bağlı məlumatlar əldə etmələrinə imkan yaratmaqdır. Layihə çərçivəsində nazirlik Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə 23 nömrəli orta məktəbdə ilk “Robopark” robot texnika laboratoriyası yaradıb.

Nazirlik tərəfindən “İdeyadan Biznesə” layihəsinin icrasına bu ilin aprelindən başlanılıb. Layihənin reallaşdırılmasına Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri dəstək olub. Yeddi ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb.

Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən qrant alan layihələr kommersiyalaşdırılmış layihələr hesab edilir. Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu məqsədlə keçirdiyi 6 müsabiqə üzrə ümumilikdə 117 layihəyə qrant ayırıb. Layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub.

“Bakı Telefon Rabitəsi” MMC – “Baktelecom” və “Aztelekom” sərgidə birgə stendlə təmsil olunur. “Baktelecom” GPON texnologiyası ilə “Evədək optika” layihəsini davam etdirir. Bu il 40 min mənzildə bu texnologiya vasitəsilə infrastruktur yaradılıb. Cari ilin əvvəlindən Bakı şəhərində və regionlarda rabitə infrastrukturunun məhdud olduğu ərazilərdə LTE texnologiyası tətbiq edilir. “Aztelecom” ilkin olaraq Xaçmazın kəndlərində simsiz rabitə xidmətinin tətbiqinə başlayıb. Bundan başqa, bu il “Aztelekom” magistral şəbəkənin müasir standartlarla yenidən qurulması layihəsinə də start verib.

Azərbaycanın malik olduğu ilk regional Data Mərkəzinin “Microsoft” şirkəti ilə əməkdaşlığı nəticəsində müştərilərə ən əlverişli şərtlərlə virtual mühit üçün lisenziyalaşdırılmış əməliyyat sistemi təqdim olunur. Burada saxlanılan məlumatların və beynəlxalq səs trafikinin ehtiyat bazasının yaradılması məqsədilə növbəti ilin ikinci rübündə istifadəyə verilməsi planlaşdırılan Yevlax Ehtiyat Data Mərkəzinin inşası davam edir. Bununla yanaşı, Dövlət Data Mərkəzi layihəsi üzərində də işlərə başlanılıb.

Gələn il Məlumat Hesablama Mərkəzi tərəfindən istifadəçi ilə veb-səhifənin serveri arasında şifrəli məlumat mübadiləsini həyata keçirmək üçün lazım olan, Azərbaycanda ilk dəfə təhlükəsizlik sertifikatlarının verilməsinə başlanacaq. İndiyədək həm dövlət, həm də özəl saytlar bu sertifikatı xaricdən əldə edirdi. Gələcəkdə bu sertifikatların ixracı da mümkündür. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən “Made in Azerbaijan” brendinə uyğun olaraq yerli mütəxəssislər tərəfindən “AzDoc” adlı proqram hazırlanıb. “Elektron imza və Elektron sənəd haqqında” Qanuna və kargüzarlıq təlimatlarına uyğun olan proqram hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur. Gələcəkdə isə bütün dövlət təşkilatları bu proqramdan istifadə edə bilər. Proqramda sənədləri elektron imza ilə də təsdiqləmək mümkündür.

Dövlət Radiotezliklər İdarəsi bu il “Bakutel – 2018” çərçivəsində ən yeni informasiya-kommunikasiya texnologiyalarının ölkədə tətbiqinə şərait yaradılması üçün müasir radiomonitorinq, mobil rabitə xidmətlərinin müqayisəli analizi və digər bu kimi sistem və texnologiyalarını sərgiləyir. Sərgidə 5G – beşinci nəsil mobil rabitə, süni intellekt kimi texnologiyaların işinə və keyfiyyətinə nəzarət prinsiplərini özündə cəmləyən sistemlər nümayiş olunur.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmanla yaradılan bu xidmət avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir.

Sonra dövlətimizin başçısı və xanımı Azərbaycanda müasir poçtun və rabitənin yaradılmasının 100 illiyinə, eyni zamanda, “Azərbaycan memarlığına” həsr olunan poçt markasını möhürlədilər.

Sərgidə “Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış, 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən poçt şöbəsinin prototipi də təqdim olunur. Artıq iki ildir innovativ və texnoloji yeniliklərlə təchiz olunan “Şəbəkə” xidmət mərkəzləri yaradılıb. Növbəti – 9-cu “Şəbəkə” mərkəzinin Beynəlxalq Avtovağzal Kompleksində istifadəyə verilməsi nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verdi.

Müxbir: Cənab Prezident, müsahibə verdiyiniz üçün çox sağ olun. Azərbaycanda olmağımızdan çox məmnunuq. İcazənizlə Sizinlə söhbətimizi rus dilində davam edək.

Prezident İlham Əliyev: Olar, buyurun. Azərbaycan dilində də çox gözəl danışırsınız.

-İlk növbədə, demək istərdim ki, mən Azərbaycana birinci dəfə gəlmirəm və Bakıda həmişə nəyinsə dəyişdiyini görmək çox xoşdur. Siz inkişaf edirsiniz, nailiyyətlərlə kifayətlənmirsiniz. Zəhmət olmasa deyin, son zamanlar Azərbaycanda hansı innovasiyaları xüsusilə inkişaf etdirirsiniz? Mən bilirəm ki, siz təkcə neft sektorunu inkişaf etdirmirsiniz, həm də diqqəti qeyri-neft sektoruna yönəldirsiniz. Siz burada nəyi inkişaf etdirmək istərdiniz?

– Tamamilə doğrudur. Dünyada neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür. Biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var. Bütövlükdə investisiya, biznes mühiti Azərbaycanda yaxşılaşır. Dünya Bankının son məlumatlarına, “Doing busines” hesabatına görə Azərbaycan 25-ci yerdədir. Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim olunan sahə həm biznes, həm innovasiya, həm də təhsil baxımından çox mühümdür. Bu, bizim üçün prioritet olan sahələrdən biridir və təsadüfi deyil ki, 24 ildir belə bir sərgi keçiririk. İştirak edən şirkətlərin sayı ilbəil artır. Mənə dedilər ki, bu il iştirak edən şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkətləri var. Yarıdan çoxu Azərbaycan şirkətləridir. Bu, o deməkdir ki, ölkəni inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu istiqamətdə işləməyə hazırıq. Çünki neft sektoru iş yerləri yaratmır.

– Həm də əbədi deyil.

– Bəli, əlbəttə. Ona görə biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun. Azərbaycanda demoqrafik artımı nəzərə almaqla biz çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun.

– Zəhmət olmasa deyin, turizm sahəsi. Axı Siz turizmi inkişaf etdirmək niyyətindəsiniz. Bildiyimə görə, indi ən çox turist Rusiyadandır. Doğrudur?

– Bəli, birinci yerdə Rusiyadan gələn turistlərdir. İl hələ ki, yekunlaşmayıb, amma 800 mindən çox rusiyalı gəlib. Rusiyalılar inamla birinci yeri qoruyub saxlayırlar. Bizdə son iki ildə turizmin artımı müşahidə edilib. 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz artım olub, bu il hələ ki, bilmirik, amma yenə də artım var. Turistləri, ilk növbədə, burada özlərini təhlükəsiz hiss etdikləri şərait cəlb edir. Rusiyalılara gəlincə, düşünürəm ki, onlar özlərini evdəki kimi hiss edirlər. Burada dil səddi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır.

– Ləziz təamlarınız…

– Bəli, tamamilə doğrudur. Əlbəttə, təhlükəsizliyin, rahatlığın təmin olunması səviyyəsi, Azərbaycan xalqının qonaqpərvərliyi, eyni zamanda, tarixi abidələr, iqlim – yəni, mən turistlərin Azərbaycana niyə gəldiklərinin səbəbləri barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər. Mən məmnunluqla onları ölkəmizə dəvət edirəm. Biz onların gəlişinə həmişə şadıq.

– Müsahibəyə görə çox sağ olun!