Azərbaycan Prezidenti: Biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilir
ABŞ Azərbaycanlılar şəbəkəsi Cəbrayıl, Füzuli və Qubadlının işğalı barədə məlumatlandırma kampaniyası keçirir
“newsblaze.com” saytı: “Yəhudi uşaqlarını xilas etmiş azərbaycanlı kəşfiyyatçı “Dünyanın mömin adamı” fəxri adına layiqdir”

Biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: “Əziz dostlar, bu gün məcburi köçkünlərin problemlərinin həlli işində növbəti önəmli addım atılır. Biz min mənzildən ibarət yeni şəhərciyin istifadəyə verilməsini birlikdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Çox gözəl şəhərcikdir, böyük ərazidə yerləşir. Burada iyirmidən artıq çoxmərtəbəli yaşayış binası inşa edilib. Uşaq bağçası, tibb məntəqəsi, icma mərkəzi, təxminən 800 şagirdlik gözəl məktəb, yəni burada normal yaşamaq üçün bütün imkanlar, bütün şərait var. Bu şəhərciyin istifadəyə verilməsi bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bizim üçün bu, prioritet məsələdir”.

Prezident İlham Əliyev qeyd edib ki, son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılıb: “Üç yüz minə yaxın köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib. Bu məqsədlər üçün dövlət çox böyük vəsait xərcləyib və bu da təbiidir. Çünki mən həmişə demişəm ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır. Bu il bu istiqamətdə çox böyük işlər görülüb. Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilmişdir. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə böyük işlər görülür, həm Bakı şəhərində, Abşeron rayonunda, Sumqayıt şəhərində, həm də digər şəhər və rayonlarımızda. Son illərdə yüzdən çox köçkün şəhərciyi tikilib istifadəyə verilmişdir. Ancaq o da həqiqətdir ki, hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var. Onların problemləri də öz həllini tapacaq. Hazırda Dövlətqaçqınkom bu istiqamətdə öz işini davam etdirir, siyahılar dəqiqləşdirilir və növbəti ildə görüləcək işlərlə bağlı indi hazırlıq tədbirləri aparılır. Gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub.

Onu da bildirməliyəm ki, bu il, eyni zamanda, köçkünlərin məişət problemlərinin həlli işində bir yenilik də olub. O da ondan ibarətdir ki, özəl sektor köçkünlər üçün mənzillərin tikintisinə başlamışdır. Bu il “Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi idi. Orada da mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. O layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib. Bu, onu deməyə əsas verir ki, biznesin sosial məsuliyyəti də artır. Ümid edirəm ki, növbəti illərdə bizim böyük biznes strukturlarımız bu işlərdə köçkünlərə kömək göstərəcəklər. Əlbəttə, əsas işi dövlət öz üzərinə götürüb. Köçkünlərin problemlərinin həlli, onların məşğulluğunun artırılması üçün son illərdə milyardlarla manat vəsait xərclənmişdir. Ancaq imkanı olan şirkətlər əlbəttə ki, bu sahədə öz sözünü deməlidirlər və biz bunu görürük. Ümid edirəm ki, gələn il də biznes strukturları bu istiqamətdə öz sözünü deyəcəklər”.

Dövlət başçısı vurğulayıb ki, bu il bir neçə yerdə köçkünlər üçün yeni şəhərciklər salınıb: “Onların arasında iki layihəni xüsusilə qeyd etmək istərdim. Bu il Cocuq Mərcanlı qəsəbəsində işlərin ikinci mərhələsi başa çatmışdır. Bildiyiniz kimi, keçən il mənim iştirakımla Cocuq Mərcanlıda köçkün qəsəbəsinin açılışı olmuşdur. O vaxt biz 50 evin açılışını qeyd etdik. Qarşıya vəzifə qoyulmuşdu ki, evlərin sayı daha da artmalıdır. Əlavə 100 evin tikilməsi də bu il təmin edildi. Bu, əlbəttə ki, tarixi hadisədir. Çünki uzun fasilədən sonra Cocuq Mərcanlıda həyat yenidən qurulur, vətəndaşlar öz doğma torpağında yaşayırlar, qururlar, yaradırlar. Bilirsiniz ki, orada bütün infrastruktur yaradılıb, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib. Biznes üçün də çox gözəl şərait yaradılıb. Hazırda 150 evdən ibarət qəsəbə bizim iradəmizin rəmzinə çevrilibdir. Bu qəsəbənin yaşaması, yenidən qurulması onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır ki, tezliklə öz doğma torpağına qayıtsın. Biz bunu Cocuq Mərcanlı qəsəbəsinin timsalında görürük. Çünki uzun illər başqa yerlərdə yaşamış Cocuq Mərcanlı sakinləri imkan olan kimi, əlbəttə, öz doğma kəndinə üz tutdular. Hətta Cocuq Mərcanlını görməyən uşaqlar, yeniyetmələr böyük həvəslə o kəndə üz tutub, orada – doğma torpağında öz həyatlarını qururlar”.

İlham Əliyev bildirib ki, digər layihə Tərtər rayonunun Şıxarx qəsəbəsində tikilmiş şəhərcikdir: “O şəhərcik təxminən 1200 mənzildən ibarətdir. Hündürmərtəbəli binalar tikilib. O layihənin də əhəmiyyəti ondadır ki, vaxtilə işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda belə böyük, gözəl şəhərcik tikilib. Əlbəttə, hər bir köçkün şəhərciyinin istifadəyə verilməsi önəmli hadisədir və bizi, köçkünləri sevindirir. Ancaq bu iki layihəni xüsusilə qeyd etmək istəyirəm. Çünki məhz işğalçılardan azad edilmiş torpaqlarda biz bu gözəl şəhərcikləri qurmuşuq. Bu, bir daha onu göstərir ki, torpaqlarımız işğaldan azad olunandan sonra biz ermənilər tərəfindən dağıdılmış bütün şəhər və rayonlarımızı, kəndlərimizi bərpa edəcəyik. Buna bizim gücümüz də çatacaq, iradəmiz də var. Bizim siyasətimiz, bir daha demək istəyirəm ki, məcburi köçkünlərin problemlərinin həlli işinə dəstək verməkdən ibarətdir. Mən əminəm ki, bu gün hələ də işğal altında olan bütün torpaqlar azad ediləndən sonra o torpaqlarda gözəl şəhərlər, kəndlər yenidən qurulacaq. Azərbaycan xalqı işğalla barışmayacaq”.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti onları ağır vəziyyətdə qoyub: “Bu gün bunu həm dünya görür, həm də regionda baş verən hadisələr bunu göstərir. Ermənistanda uzun illər ərzində – iyirmi il ərzində hakimiyyəti zəbt etmiş kriminal rejim çökdü. Bunun başlıca səbəbi onların işğalçılıq siyasətidir. Çünki biz qarşıya vəzifə qoymuşduq ki, bu kriminal rejim çökməlidir və buna nail olduq. Bütün vasitələrdən istifadə edərək buna nail olduq. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Ermənistanda kriminal, rüşvətxor xunta rejiminin çökməsində bizim də payımız var. Nə qədər ki, torpaqlarımız işğal altındadır, ilk növbədə, biz onları təcrid vəziyyətində saxlayırıq və saxlayacağıq. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı üçün heç bir əsas yoxdur. Biz onları bütün regional layihələrdən təcrid etmişik və bu proses davam etdirilir. Ermənistanda iqtisadi vəziyyət çox ağırdır və bu il orada baş vermiş hadisələrin əsas səbəbi də səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır”.

Dövlət başçısı deyib ki, demoqrafik baxımdan Ermənistan çox ağır vəziyyətdədir: “Bizdə olan məlumata görə, yenə də işğalçılıq siyasəti nəticəsində ölkədən ən azı bir milyondan artıq vətəndaş gedibdir, həmişəlik ölkəni tərk edibdir. Ümid edirəm, Ermənistan cəmiyyəti və Ermənistanın yeni rəhbərliyi başa düşəcək ki, ancaq Azərbaycan ilə münasibətləri normallaşdırandan sonra Ermənistanda hər hansı bir iqtisadi inkişaf ola bilər. Normallaşma torpaqlarımızın azad edilməsindən asılıdır və bunun əsas şərtidir. Biz isə öz gücümüzü, qüdrətimizi artırırıq. Onu da bildirməliyəm ki, Ermənistanın kriminal rejiminin süquta uğramasında bizim hərbi qələbələrimiz də önəmli rol oynayıb. Xüsusilə, Aprel döyüşləri və ondan sonra bizim digər uğurlu əməliyyatlarımız nəticəsində Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən öz ordusu haqqında yaradılan mif tamamilə darmadağın edildi. Azərbaycan Ordusu, Azərbaycan əsgəri göstərdi ki, biz döyüş meydanında da qalib gəlirik. Bizim hərbi qələbələrimiz Ermənistanın kriminal rejiminin çökməsində xüsusi rol oynamışdır.

Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Biz əlbəttə ki, xarici müstəvidə öz səylərimizi bu istiqamətdə artıracağıq. Bu il həm ikitərəfli təmaslar əsasında mən bir çox ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlarda və imzalanmış sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilir və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilir”.

Prezident əlavə edib ki, eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox ciddi bəyanatlar var: “Yəni, həm tarixi, həm hüquqi əsaslar bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan iqtisadi və hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir. Eyni zamanda, bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibətlərimizin möhkəmləndirilməsi regionda vəziyyəti bizim xeyrimizə dəyişdirir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələ ki, bir şey demək tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur. Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər işğal edilmiş torpaqlar bizim əzəli, tarixi torpaqlarımızdır və bu, bu gün belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində o vaxt Azərbaycanda hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Biz bütün imkanlardan istifadə edirik ki, bu məsələ öz həllini tapsın. Ölkəmizin artan qüdrəti o günü yaxınlaşdırır ki, belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda tikilsin.

Sizin üçün bu, müvəqqəti yaşayış yeridir. Əlbəttə ki, burada gözəl şəraitin yaradılması bizim borcumuzdur. Mən bilirəm ki, burada yaşayacaq vətəndaşlar çox ağır şəraitdə yaşamışlar. İndi burada gözəl şərait yaradılır. Ancaq yenə də bu, müvəqqəti yaşayış yeridir, gün gələcək belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda açılacaqdır. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Sizi qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Sağ olun”.

Trend: