Kolumbiya parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılmasını tələb edir

Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib
Azərbaycan nümayəndə heyəti Mahaçqalada görkəmli ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi tədbirində iştirak edib
Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib

Kolumbiya parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycan Respublikasının Boqotadakı səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib.

AZƏRTAC xəbər verir ki, qətnamədə Kolumbiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanır. Kolumbiya tərəfi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğalından, habelə Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qalmasından narahatlığını qeyd edir. Qətnamədə Ermənistanın təcavüzkarlıq siyasəti pislənir və dünya ictimaiyyəti bu hadisələri insanlığa qarşı cinayət kimi qiymətləndirməyə çağırılır.

Həmçinin Azərbaycan torpaqlarının indiyədək işğal altında qaldığına və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmadığına görə Kolumbiya tərəfinin dərin təəssüfü vurğulanır. Kolumbiya münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri, qəbul olunmuş beynəlxalq hüquqi sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırır.

Eyni zamanda, qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması və Azərbaycanın qaçqın və məcburi köçkünlərinin öz doğma torpaqlarına dərhal qayıtması üçün şəraitin yaradılması tələb edilir.

Kolumbiya parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Azərbaycan Hökumətinin və xalqının ölkənin müdafiəsi üçün həyata keçirdiyi bütün səyləri tam dəstəkləyir və fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Kolumbiyadakı səfirliyinin yüksək fəaliyyətini xüsusi vurğulayır.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton