Heydər Əliyev İrsini Araşdırma Mərkəzində “1905.az kitabı” seriyasından çıxan “23 aylıq yol 23 müsahibədə” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının bu nəşri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, alim və mütəxəssislərin iştirak etdikləri mərasimdə çıxış edən seriyanın tərtibçisi və elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının önəmindən danışıb. O, Cümhuriyyətin tariximizdəki müstəsna rolunu vurğulayıb.
Qeyd olunub ki, təqdimatı keçirilən kitabda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixini tədqiq edən alimlərimizin www.1905.az portalında verilmiş müsahibələri yer alıb. Müsahibələr həsr olunduğu hadisələrin xronoloji ardıcıllığına müvafiq şəkildə verilib.
Seriyanın ideya müəllifi və naşiri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovdur.
Assosiasiyanın vitse-prezidenti Dəyanət Musayev bu qurumun fəaliyyəti, həyata keçirdiyi layihələrdən danışıb, “23 aylıq yol 23 müsahibədə” kitabında yer alan materiallar barədə məlumat verib.
Bildirilib ki, tarix üzrə fəlsəfə doktoru, dosent Kəmalə Nəcəfova ilə müsahibədə XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandakı milli hərəkatdan, professor Sevda Süleymanova ilə müsahibədə həmin dövrdəki ictimai-siyasi hərəkatlardan bəhs olunur.
Filologiya elmləri doktoru Minəxanım Nuriyeva (Təkləli) və tarix elmləri doktoru Mehman Süleymanovla müsahibədə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından, tarix elmləri doktoru Nurulla Əliyev və tarix üzrə fəlsəfə doktoru Zəfər Kərimovla Azərbaycan ordusunun yaranması ilə bağlı fikir mübadiləsi aparılıb.
Professorlar Solmaz Rüstəmova-Tohidi və Anar İsgəndərov ilə müsahibələrdə 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilmiş soyqırımından, Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətindən bəhs olunub.
Tarix üzrə fəlsəfə doktoru Nigar Maksvell Böyük Britaniya arxivlərindəki Cümhuriyyətlə bağlı sənədlərdən söz açıb. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin araşdırılmasından, tədqiqatçı Dilqəm Əhməd Cümhuriyyətin dövlət xadimlərinin mühacirət həyatından bəhs edib.
Kitabda digər alimlərimizin də müxtəlif mövzularda çıxışları verilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, professor Nurulla Əliyev Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamının əhəmiyyətindən danışıb.
Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolunu qeyd edən professor Cümhuriyyət dövründə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Alim tariximizin dərindən araşdırılmasının və öyrənilməsinin vacibliyini vurğulayıb.
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “23 aylıq yol 23 müsahibədə” kitabının dəyərli tarixi mənbə olduğunu bildirib.
Professorlar Qabil Əliyev, Sevda Süleymanova, tarix elmləri doktoru Mehman Süleymanov, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, dosent Kəmalə Nəcəfova və digər çıxış edən alimlər də Cümhuriyyətin yaranma tarixindən və fəaliyyətindən, Cümhuriyyət qurucularının keçdikləri çətin və şərəfli mübarizə yollarından danışıb, təqdim olunan kitabla bağlı fikirlərini bölüşüb, onun elmimizə, tariximizə dəyərli töhfə olduğunu bildiriblər.