“Sevginin kölgəsi” – “Nəsimi ili” çərçivəsində növbəti sərgi belə adlanır

Azərbaycanda buster doza üzrə vaksinasiya olunanların sayı 411748 nəfərdir
Göyçayda selin dağıtdığı piyada körpüsü bərpa edildi
Arzu Əliyeva Heydər Əliyev Mərkəzinin parkındakı Uşaq festivalında olub

“Ağ Şəhər”də yerləşən “White Gallery”də gənc rəssam Çinarə Quliyevanın “Sevginin kölgəsi” adlı rəsm sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına xarakterik olan mövzuları əks etdirən rəsm əsərlərinə geniş yer verilib.

“Nəsimi ili” çərçivəsində reallaşan sərginin açılmasında məqsəd böyük mütəfəkkirin irsini gənclər arasında təbliğ etməkdir.

Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digərləri çıxış edərək sərginin əhəmiyyətindən söz açıb, təqdim olunan əsərlərin mükəmməlliyindən bəhs ediblər.

Qeyd edilib ki, sərgidə abstrakt, klassik, milli və realizm üslublarından, Renbrant texnikasından istifadə olunan, yağlı boya və akrillə işlənən əsərlər nümayiş edilib. “Sevginin kölgəsi”ndə Nəsimi yaradıcılığı ilə yanaşı, digər mövzulara da müraciət edilib.

Rəssamın sərgiyə “Sevginin kölgəsi” adını verməsinin səbəbi daxili dünyasının boyalarla vəhdət təşkil etməsi, incəsənətə olan sevgisinin fırça və kətanla daha da dərinləşməsi, daxili sənət dünyasını incəsənətin rəngli kölgəsinə çevirə bilməsi ilə bağlıdır.

Çinarə Quliyeva gənc olmasına baxmayaraq, yüzlərlə sənət əsəri yaradıb və onun əsərləri nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da maraqla qarşılanır. Hələ uşaq yaşlarından təsviri incəsənətə maraq göstərən Ç.Quliyeva artıq beş ilə yaxındır peşəkar rəssam kimi fəaliyyət göstərir.

Bir çox peşəkarlardan “ustad dərsləri” alan Çinarə Mədəniyyət Nazirliyi və Gənclər Fondunun həyata keçirdiyi sərgi yarışmalarının qalibi olub.

Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gözəlliyin ruhu” və birinci “Azərbaycan anime sərgisi” adlı rəsm yarışmalarında birincilik qazanıb.

Eyni zamanda, yaradıcılıq sahəsində ABŞ-ın Şimali Miçiqan Universitetinin İncəsənət və Dizayn Məktəbində “Xüsusi istedadlar proqramını” müvəffəqiyyətlə bitirib. Berlin, Moskva, Kiyev və Lvov şəhərlərində ustad dərslərində iştirak edib.

Ç.Quliyeva “ArtCoLab” rəssamlıq kursunun həmtəsisçisi və rəhbəridir. Onun yaratdığı bütün əsərlər “NiChi Kolleksiyası” adlı vahid brend altında birləşib.